Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:54

İranın bu vilayətində etirazlar səngimir


Zahedanda etirazçılar
Zahedanda etirazçılar

İranın cənub-şərqi Zahedan şəhərində hər cümə günü minlərlə adam küçələrə çıxaraq hakim rejimə etiraz edir. Həftəlik nümayişlər sentyabrın 30-dan davam edir. O zaman hökumət qüvvələri etnik baluç azlığının yaşadığı Sistan-Baluçistan vilayətinin paytaxtı Zahedanda antihökumət etirazlarında onlarla etirazçını qətlə yetirib.

Həftəlik yürüşlərə qatılan Əhməd “Qanlı Cümə”də xəsarət alan 300 etirazçıdan biridir. ABŞ-da yerləşən İran İnsan Haqlarını Sənədləşdirmə Mərkəzi həmin gün azı 94 nəfərin öldürüldüyünü bildirir. Həmin gün təhlükəsizlik qüvvələrinin bir neçə üzvünün də öldüyü deyilir.

“Hələ əlimi yaxşı tərpədə bilmirəm. Ancaq hər cümə günü etiraza çıxıram, çünki 44 ildir hüquqlarımız pozulur”, – tam adını açıqlamayan Əhməd söyləyir.

Cümə moizələrinin rolu

İranda 1979-cu il islam inqilabından sonra dini rejim hakimiyyətə gəlib. Ötən il sentyabrın ortasında 22 yaşlı kürd qadın Məhsa Əmini Tehranda əxlaq polisi tərəfindən saxlanandan üç gün sonra vəfat edib. Onun guya hicabı düzgün bağlamadığına görə saxlandığı deyilir.

O vaxtdan ölkəni bürüyən, azı 500 nəfərin öldürüldüyü etirazlar əsasən səngiyib. Ancaq sünni müsəlmanları olan baluç azlığının yaşadığı Sistan-Baluçistanda nümayişlər davam edib. Burası İranın ən yoxsul vilayətlərindəndir. Baluç azlığı hakimiyyətin diskriminasiyasına, zorakılığa məruz qaldıqlarını deyirlər.

Zahedanda dini lider Molavi Abdulhəmidin cümə moizələri də etirazçıları həvəsləndirib. Abdulhəmid hakimiyyəti insan haqları pozuntularına, İranda etnik və dini azlıqların repressiyasına görə açıq tənqid edib.

Hakimiyyət 30 sentyabr qətllərində sünni yaralı qrupu Caiş əl-Adlı ittiham etsə də, yerli və müstəqil mənbələr bunu təkzib edib.

Abdulhəmidin açıq tənqidi

Abdulhəmid isə baş verənlərə görə aparıcı rəsmilərin, o cümlədən Ali dini lider Ayətullah Əli Xameneyinin məsuliyyət daşığıdını, təhlükəsizlik qüvvələrinin Zahedanda adamlara “hədəfsiz” atəş açdığını deyib. Ruhani hakimiyyəti ölümlərə görə məsuliyyəti daşıyanları cəzalandırmağa çağırıb. Ancaq şəffaf istintaq aparılmaması Sistan-Baluçistanda ictimai qəzəbi gücləndirib.

Hakimiyyət populyarlığı artan Abdulhəmidə qarşı tədbir görməyib. Noyabrda mühafizəkarların Fars xəbər agentliyinin sızdırdığı sənəddə iddia olunurdu ki, Xameneyi təhlükəsizlik və ordu zabitlərinə Abdulhəmidi həbs etməkdənsə, onu nüfuzdan salmaq tapşırığı verib.

Onun köməkçilərindən Molavi Abdulməcid Moradzehi yanvarda saxlanıb, “ictimai rəyi pozmaqda, xarici fərdlər və media qurumları ilə saysız kommunikasiyalarda” ittiham olunub. Həbsindən bir neçə gün öncə Moradzehi AzadlıqRadiosunun fars xidməti Radio Fərda-ya deyib ki, “Qanlı Cümə, Zahedanda öldürülən və yaralanan insanların məsələsi həll olunmayınca” Zahedanda etirazlar davam edəcək.

Qəzəb və ideyaların qarışığı

Baluç insan haqları qrupu olan Haalvş təmsilçisi Şirəhməd Şirani AzadlıqRadiosuna deyir ki, Abdulhəmid etibarlı, böyük hörmət göstərilən xadimə çevrilib.

“Abdulhəmid ölkədədir və adamlar ona inanırlar. Bu yalnız onun son altı aylıq yox, son illərdəki fəaliyyəti ilə bağlıdır. Adamlar onu tanıyırlar, ona etibarlı adam kimi baxırlar”, – Şirani vurğulayıb.

“Etirazçılar son 20 ildə baluç və sünnilərin sistematik pozulan hüquqlarını tələb edirlər. Əhalisinin 90 faizi baluç olan vilayətdə rəhbər vəzifədə, təhlükəsizlik orqanlarında, hətta təhsil sistemində baluç yoxdur”, – o vurğulayıb.

Şirani milli təhlükəsizliyə qarşı hərəkətlərə görə İranda həbsdə yatıb. O, Zahedan etirazlarının son həftələrdə “daha çox təşkilatlandığını” söyləyir.

“Etirazların ilk günlərindən adamlar yalnız qəzəb hissiylə küçələrə çıxırdılarsa, bu gün həm qəzəb, həm də ideyaların qarışığını yaşayırlar. Onlar həbs olunacaqlarını, öldürülə biləcəklərini bilə-bilə küçələrə çıxırlar”, – o deyir.

121 nəfər öldürülüb

Haalvş sentyabrın 30-dan martın 20-dək Zahedan və qonşu Xaş şəhərində öldürülən 121 nəfərin kimliyini müəyyənləşdirdiyini bildirib.

Qrup şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, etirazçıların qanunsuz həbslərinin artdığını xəbər verir. Hakim orqanlar həftəlik etirazları önləmək üçün Zahedanda interneti də kəsirlər.

İnternetdə yayılan videolarda görünür ki, martın 24-də Zahedanda etirazçılar “Xameneyiyə ölüm”, “Mollalar, rədd olun” şüarları səsləndiriblər.

Ancaq bütün risklərə baxmayaraq, Əhməd səsini ucaltmağa davam edəcəyini deyir. “Etiraz edəcəyəm, hətta evdən çıxanda qayıdacağımı bilməsəm belə”, – deyən Əhməd Sistan-Baluçistanın “İran xalqının səsi”nə çevrildiyini sözlərinə əlavə edir.

XS
SM
MD
LG