Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:55

YAP üzvü, 'Paşa Bank'... arasında yarım milyonluq qalmaqal


Cəbrayıl Fərzəliyev
Cəbrayıl Fərzəliyev

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, uzun müddət "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrayıl Fərzəliyev hazırda yarım milyondan çox vəsaitin yeyintisində ittiham olunur. İddia edilir ki, o, "Paşa Bank"dan, Gənclər Fondundan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.

33-yaşlı Fərzəliyev hazırda həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb.

Vəkili deyir ki, Fərzəliyev saxlandığı Bakı İstintaq Təcridxanasına bir neçə dəfə intihara cəhd göstərib. Bu üzdən onun psixiatrik ekspertizadan keçirilməsini istəyir. Məhkəmədə də bu barədə vəsatət qaldırıb. Hakimlər isə vəkilin nəzərinə çatdırıb ki, istintaq dövründə Fərzəliyev ekspertizadan keçirilib, o rəy araşdırılanda əlavə suallar yaransa, bir də bu məsələyə yenidən baxa bilərlər.

"Qayıdışın izi ilə" adlı film çəkəcəkmiş

Cinayət işinin materiallarından məlum olur ki, ittihamda göstərilən 527 min manatın 342 minlik hissəsinin "Paşa Bank"dan götürüldüyü iddia edilir. Fərzəliyevin adına həm də bir neçə şirkət olub. İttihama əsasən, o, həmin şirkətlərdən biri olan "Universal" MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kreditlər götürüb və qaytarmayıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərən Fərzəliyev həmçinin bir sıra başqa təşkilatlarda da təmsil olunurdu. O, Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. Onların arasında "Qayıdışın izi ilə" adlı filmin hazırlanması da daxil olmaqla müxtəlif işlərin görülməsi olub.

Cinayət işinin materiallarında iddia olunur ki, Fərzəliyev "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin üzvü Nail Şükürovun adından sənədləri imzalayıb, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib və s.

Özünü təqsirli bilmir

Məhkəmədə hakimin "özünüzü təqsirli bilirsinizmi, yoxsa yox" sualına Fərzəliyev öncə cavab vermək istəməyib. Daha sonra isə "xeyr" cavabını verib.

Ona ifadə vermək təklif olunsa da, zərərçəkmişlərdən sonra danışacağını deyib. Zərərçəkmiş qismində isə həm "Paşa Bank", həm də Gənclər Fondu tanınıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Fərzəliyev istintaq dövründə dəymiş ziyanın - 527 min manatın bir hissəsini ödəyib.

Fərzəliyev politoloq kimi YAP-ın rəsmi saytına, AZƏRTAC dövlət informasiya agentliyinə tez-tez müsahibələr verir, ölkədəki prosesləri şərh edirdi.

XS
SM
MD
LG