Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Ukrayna Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılmasını istəyir


Prezident Volodimir Zelenski videobağlantı ilə Təhlükəsizlik Şurasında çıxış edir (Arxiv fotosu)
Prezident Volodimir Zelenski videobağlantı ilə Təhlükəsizlik Şurasında çıxış edir (Arxiv fotosu)

Ukrayna dekabrın 26-da BMT-yə üzv ölkələri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmasının legitimliyi məsələsinə baxılmasına çağırıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, beynəlxalq hüquq baxımından BMT üzvü olan dövlət kimi Rusiyanın statusu 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra tənzimlənməyib:

"Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsünə BMT Nizamnaməsində nəzərdə tutulmuş prosedurlardan yan keçərək sahiblənib. Bu, ovaxtkı prezident Boris Yeltsinin BMT baş katibinin adına sadə bir məktubu əsasında edilib”.

Ukrayna XİN bildirir ki, BMT Nizamnaməsinin Təhlükəsizlik Şurasının üzvlərinə dair bəndində sadalanmış ölkələr arasında Rusiyanın adı yoxdur.

Ukrayna və Belarus BMT-nin əsasını qoyublar

Kiyev vurğulayır ki, hər hansı bir ölkənin BMT üzvlüyünə qəbul edilməsinə dair qərar Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən həyata keçirilir, amma Rusiya barəsində belə bir prosedur keçirilməyib və onun istər BMT, istərsə də Təhlükəsizlik Şurasında SSRİ-nin varisi olması başqa təşkilatların sükutu əsasında baş verib.

Ukrayna XİN həm də bunu bildirir ki, BMT Nizamnaməsinə görə yalnız sülhsevər ölkələr bu təşkilatın üzvü ola bilər, amma Rusiya Ukraynaya və başqa ölkələrə qarşı silahlı təcavüz həyata keçirir.

Ukrayna XİN-in bu müraciətinə Rusiya və ya hər hansı başqa ölkə hələki reaksiya verməyib.

Lakin bundan əvvəl ABŞ da daxil Qərb ölkələri bildiriblər ki, Rusiyanın Təhlükəsizlik Şurasındakı mandatdan məhrum edilməsinin hüquqi mexanizmi yoxdur.

Ukrayna və Belarus 1945-ci ildə iki sovet respublikası kimi BMT-nin əsasını qoyan ölkələrdən olublar.

SSRİ-nin digər respublikaları müstəqillik əldə etdikdən sonra BMT-yə adi prosedurlar əsasında qəbul olunublar, amma Rusiya avtomatik olaraq SSRİ-nin yerini tutub.

Bu da qeyd olunmalıdır ki, buna habelə 1991-ci ilin dekabrında MDB-yə üzv olan ölkələr razılıq veriblər.

Yeltsinin məktubu

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin BMT baş katibinə yazdığı 24 dekabr 1991-ci il tarixli məktubunda deyilirdi:

"Sovet Sosialist Respublikaları İttifaqının Təhlükəsizlik Şurası da daxil BMT-dəki və BMT-nin başqa təşkilatlarındakı fəaliyyətini Müstəqil Dövlətlər Birliyi təşkilatının razılığı ilə Rusiya Federasiyası davam etdirir. Bu səbəbdən xahiş edirəm ki, Sovet Sosialist Respublikaları İttifaqı adı əvəzinə Rusiya Federasiyası adından istifadə edilsin”.

O vaxt bu məktuba BMT-dən heç bir etiraz bildirilməmişdi, amma Rusiyanın səlahiyyəti məsələsi səsə də qoyulmamışdı.

Veto hüququ

Ukrayna XİN-in bəyanatı barədə məlumat verən xarici işlrə naziri Dmitro Kuleba dekabrın 25-də deyib:

"Biz sabah (dekabrın 26-da – red) öz mövqeyimizi rəsmən bildirəcəyik. Bizim çox sadə bir sualımız var: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalmaq haqqı varmı? Bizim inamlı və əsaslandırılmış cavabımız “xeyr”dir”.

Kuleba qeyd edib ki, Rusiyanın TŞ-nin digər daimi üzvləri – ABŞ, Britaniya, Fransa və Çinlə yanaşı veto hüququna malik olması məsələsi artıq diplomatik çevrələrdə müzakirə olunur.

BMT-nin 15 ölkədən ibarət qüdrətli Təhlükəsizlik Şurası qlobal böhranlar, habelə BMT-nin Nizamnaməsi ilə bağlı qərarlar qəbul edir.

Lakin veto hüququna malik olan ölkələr istənilən qərarı bloklaya bilər.

Dalandan çıxış varmı?

BMT TŞ-nin beş daimi üzvü bu səlahiyyəti II Dünya Müharibəsinin qalibləri kimi qazanıblar.

Lakin Türkiyə də daxil bir çox ölkələr Təhlükəsizlik Şurasının islahatına çağırırlar.

Onlar bildirirlər ki, Afrika və Cənubi Amerika bu şurada ümumiyyətlə təmsil olunmayıblar.

ABŞ prezidenti Co Bayden (Joe Biden) TŞ-nin islah edilərək genişləndirilməsi ideyasını dəstəkləmişdi.

Rusiya Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəyə başlayandan bəri bəzi mühüm qərarların TŞ-də ilişib qalacağından narahatlıqlar yaranıb.

Hazırkı qaydalara görə yaranan pat vəziyyətlərində BMT Baş Assambleyasına müraciət edilir.

Rusiyanın Ukraynaya təcavüzünün pislənməsi üçün BMT-nin Baş Assambleyası çağırılmışdı.

Bununla belə BMT Nizamnaməsi təşkilatın onun nizamnaməsində təsbit edilmiş prinsiplərini sistematik olaraq pozan ölkənin onun üzvlüyündən çıxarılmasını nəzərdə tutur.

Cəmi bir dəfə özünü Çin Respublikası adlandıran Tayvan BMT-dəki və Təhlükəsizlik Şurasındakı yerini itirib, çünki TŞ üzvləri Çin hakimiyyəti kimi Tayvanı yox, Çin Xalq Respublikasını tanıyıblar.

Lakin bu, formal baxımdan hər hansı bir ölkənin BMT-dən çıxarılması sayılmır.

Bundan başqa SSRİ 1939-cu ildə Finlandiyaya qarşı təcavüzə görə Millətlər Liqasından xaric edilib.

Amma BMT-dən əvvəl mövcud olmuş Millətlər Liqasında üzvlük barədə tamam başqa qaydalar vardı.

XS
SM
MD
LG