Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Prezident Naxçıvana nümayəndəsini təyin etdi


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini qəbul edir. 22 dekabr 2022
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini qəbul edir. 22 dekabr 2022

Prezident nümayəndəni qəbul edib

Dekabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına yeni təyin etdiyi nümayəndə Fuad Nəcəflini qəbul edib və ona bəzi tapşırıqlarını verib.

AZƏRTAC-ın xəbərinə görə, qəbulda bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.

"Prezident İlham Əliyev tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin", - məlumatda yazılıb.

+++

Dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Bununla bağlı dövlət başçısı sərəncam verib.

Həmin sərəncam ilə Fuad Nəcəfli Naxçıvan MR-da Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

Fuad Nəcəfli haqqında…

1975-ci il təvəllüdlü F.Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir. O, indiki təyinatadək "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvü olub.

Yerli mətbuatın yazdığına görə, F.Nəcəfli daha əvvəl "Paşa Holdinq"ə daxil olan bir sıra şirkətlərdə çalışıb.

Vasif Talıbov istefa verib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun bununla bağlı müraciəti bu gün, dekabrın 21-də Ali Məclisin iclasında açıqlanıb.

Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Bundan əvvəl son həftələr MR-də bir sıra vəzifəli şəxslərin həbsi və onların mənimsəmədə ittiham edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Dekabrın 13-də MR-da Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunmuşdu.

Noyabrın 25-də də Naxçıvan Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov, bir neçə gün sonra isə MR-a Maliyyə naziri Rafael Əliyev barələrində mənimsəmə ittihamı ilə həbs-qətimkan tədbiri seçilmişdi.

Həbs edilənlərin ittihama münasibəti, hələlik, bəlli deyil.

Vasif Talıbov istefasını səhhəti ilə izah edib

Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən də məlumat təsdiqlənib. Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, sədr V.Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Bununla da Ali Məclis sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Vasif Talıbov…

61-yaşlı Vasif Talıbov hazırkı prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin Naxçıvanda yaşadığı vaxt ona yaxınlığı ilə tanınıb. O, 1991-ci ilin sentyabrından (H.Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçiləndən) 1994-cü ilin aprelinədək Naxçıvan MR Ali Məclis sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan MR Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. 1995-ci ildən Naxçıvan Ali Məclisinə rəhbərlik edir. O, habelə həmin ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan təşkilatının sədridir.

A.Hüseynov
A.Hüseynov

"Seçiləcək Məclis sədri özündən əvvəlki sədrin…"

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Hüseynov "Turan"a bildirib ki, Naxçıvanın böyük iqtisadi potensialı var, eyni zamanda, onun digər Azərbaycan ərazisi ilə quru əlaqəsi olmadığına görə həssas bölgə sayılır: "Naxçıvanın iqtisadi potensialının ölkənin ümumi iqtisadi potensialı çərçivəsində daha da inkişaf edəcəyi barədə nikbin fikirlər səsləndirmək olar".

Deputatın fikrincə, son zamanlar Naxçıvanda maliyyə və gömrük sistemində gedən proseslər o qədər də ürəkaçan deyil: "Hesab edirəm ki, orda seçiləcək məclis sədri özündən əvvəlki məclis sədrinin buraxdığı səhvləri tez bir zamanda düzəldəcək. Ulu Öndərimizin (Heydər Əliyev nəzərdə tutur) Naxçıvanda işlədiyi dövrdə necə böyük bir dövlətçilik əsası yaratdığını biz bilirik".

Deputat sonra da deyib: "Vasif Talıbov bunu davam etdirə bilmədi. Amma hesab edirəm ki, o vəzifəyə təyin ediləcək şəxs həmin ənənəni davam etdirəcək və Naxçıvan daha da yüksək inkişaf mərhələsinə qədəm qoyacaq".

N.Məmmədli
N.Məmmədli

"Vasif Talıbov könüllü istefa verməyib"

Siyasi şərhçisi Nəsimi Məmmədli AzadlıqRadiosuna xatırladıb ki, V.Talıbov Naxçıvanda təqribən 27 il hakimiyyətdə olub: "Bu hakimiyyət əslində vətəndaş-dövlət münasibətləri yox, daha çox xan-təbə münasibətləri şəklində olub. Təsadüfi deyil ki, onu "Naxçıvan xanı" adlandırırdılar".

Ekspert hesab edir ki, Vasif Talıbov könüllü istefa verməyib: "Görünür ki, dövlət başçısının onunla bağlı qərarının kifayət qədər ciddi olduğunu nəzərə alaraq istefa vermək məcburiyyətində qaldı".

N.Məmmədli əlavə edib ki, digər regionlardakı kimi, bu kadr dəyişikliyinin çox da müsbət nəticə verəcəyinə inanmır: "Amma hər halda müəyyən qədər dövlət nəzarətinin artması müsbət hal ola bilər. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinin nəzarəti işləmir. Ona görə də ən azı dövlət orqanlarının nəzarəti lazımdır ki, Naxçıvandakı özbaşınalıqlar müəyyən qədər məhdudlaşdırılsın".

Hələlik, yazıda səslənən fikirlərə V.Talıbovun özündən münasibət almaq mümkün olmayıb. Amma o, hakimiyyətdə olduğu dönəmdə, bir qayda olaraq, tənqidləri qəbul etməyib.

XS
SM
MD
LG