Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:57

DİN: 'Onun saxlanılmasında siyasi motiv yoxdur'


Bakıda etiraz aksiyası. 24 oktyabr 2022
Bakıda etiraz aksiyası. 24 oktyabr 2022

Bakıda 'azadlıq', 'istefa' şüarları səslənib.

AXCP Binəqədi rayon şöbəsinin sədri Ramid Nağıyevin oktyabrın 24-də keçirilmiş aksiyada iştirak etdiyinə görə həbs olunması ilə bağlı fikirlərə Daxili İşlər Nazirliyindən (DİN) münasibət bildirilib. DİN Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, R.Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə inzibati həbs edilib. "Onun saxlanılmasında siyasi motiv yoxdur", - DİN əməkdaşı vurğulayıb.

Aksiyada saxlanıb buraxılan cəbhəçiyə inzibati həbs verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin sədri Ramid Nağıyevin inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, R.Nağıyev oktyabrın 24-də saxlanıb: "Ramid Nağıyevə 2020-ci ildə iyul ayında Milli Məclisin qarşısında baş vermiş hadisələrə görə qanunsuz 2 il 10 ay şərti həbs cəzası kəsilib. Onun barəsində, guya, Binəqədi rayon İcra və Probasiya şöbəsinə vaxtlı-vaxtında getmədiyi üçün bir müddət əvvəl özünün də xəbəri olmadan qiyabi 7 sutka inzibati həbs cəzası ilə bağlı qərar çıxarılıb. Daha sonra Ramid bəy, guya, axtarışa verilib".

Partiyadan bildirilib ki, dünən, oktyabrın 24-də R.Nağıyevi Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya zamanı saxlayıblar, amma bir müddət sonra buraxıblar: "Bu gün, oktyabrın 25-də çağırıblar icra və probasiya şöbəsinə, oradan isə Binəqədi polisinə təhvil veriblər. Daha sonra o, Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb".

AXCP-dən hesab edirlər ki, bu, R.Nağıyevin siyasi fəaliyyəti və dünənki aksiya ilə bağlıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmi qurumlar, bir qayda olaraq, ölkədə siyasi həbslərlə bağlı fikirləri qəbul etmir.

Xatırlatma

2020-ci il iyulun 14-də Bakda Azərbaycan ordusuna dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunan 30-dan çox şəxsə özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Daha sonra həbs olunanlar ev dustaqlığına buraxılıb. Məhkəmə qərarı ilə onlara müxtəlif müddətlərə şərti həbs cəzası verilib. Onlar ittihamları qəbul etməyiblər, bəziləri bunu qurama sayıblar.

Aksiyada saxlananların hamısı buraxılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək istədiyi aksiyada saxlananların hamısının azadlığa buraxıldığı bildirilir.

Təşkilatçıların vurğulamasına görə, aksiyada 160 civarında fəal saxlanılıb, daha sonra sərbəst buraxılıb.

+++

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, aksiyada saxlanılan yoxdur.

Amma aksiyanın təşkilatçıları deyirlər ki, hazırda saxlananların taleyi ilə bağlı dəqiqləşdirmələr aparırlar. Bununla belə vurğulayıblar ki, saxlananlardan bir çoxu sərbəst buraxılıb.

+++

Saat 16:10 radələrindən sonra da bir neçə qrup Bakıda yürüş etməyə cəhdlər edib. Onlar qol-qola tutaraq "Ailə hakimiyyətinə son", "Siyası məhbuslara azadlıq" və başqa şüarlar səsləndiriblər.

Həmin zaman da 10-dan çox fəal saxlanıb. Saxlananlardan bəzisi də siyasi mənsubiyyətinin olmadığını söyləyib.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

Saat 16 radələrində fəallar bir neçə qrup şəkilində "istefa", "azadlıq" şüarı səsləndirərək Bakıda yürüş etmək istəyiblər. Amma onlar saxlanaraq müxtəlif polis avtomobillərinə mindiriliblər.

"Bu cür ölkədə yaşaya bilmirik. Aclıqdır, işsizlikdir", - saxlananlardan biri də vurğulayıb.

Etiraz edənlərin bəziləri Prezident İlham Əliyevi kəskin tənqid ediblər.

+++

Şəhərin mərkəzi ərazilərində ayrı-ayrı fəalların "Azadlıq", "İstefa" şüarları səsləndirməsi halları davam edir. Müsavat Partiyası və AXCP-dən yeni-yeni saxlananlar var. Onlardan hansısa biri jurnalistlərə hakimiyyət əleyhinə açıqlama verən və ya şüar səsləndirən kimi dərhal saxlanır.

Saxlananlardan bəziləri polisin fiziki zorakılıqları ilə üzləşdiklərini qeyd ediblər.

Yeni saxlananlar var

Bu gün, oktyabrın 24-ü saat 15:30-dan etibarən polis Bakının mərkəzi ərazilərində bir çox şəxsləri saxlayıb. Həmin ərazilərdə gediş-gəlişi nəzarətə götürən, bəzi yolları bağlayan polis əməkdaşlarından bunun səbəbini öyrənmək mümkün olmayıb. Amma şahidlər bunu AXCP-nin sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə planlaşdırdığı aksiya ilə izah ediliblər.

Saxlananlar həm AXCP, həm ADR fəalları, həm də Milli Şuranın Koordinasiya Mərkəzində təmsil edilən şəxslər olub.

Saxlananlardan bəzisi "Azadlıq", "İstefa" və başqa şüarlar da səsləndiriblər.

Ənvər müəllim: 'Elə yerdən vururlar ki, xəsarəti göstərə də bilmirsən'
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Polisin Ənvər Ağamalızadəni evindən apardığı deyilir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadəni bu gün, oktyabrın 24-də yaşadığı evdən polis əməkdaşlarının apardığı deyilir.

Partiyadan bildirilib ki, oktyabrın 24-də saat 07:30 radələrində onun evinə gələn polis əməkdaşları Ə.Ağamalızadəyə və ailə üzvlərinə heç bir səbəb göstərmədən onu zorla evindən çıxararaq, polis maşınına mindirərək naməlum istiqamətə aparıblar: "Hazırda onun harada saxlanıldığı və durumu haqqında hər hansı məlumat yoxdur".

ADR-dən hesab edirlər ki, Ə.Ağamalızadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) planlaşdırdığı etiraz aksiyası ilə bağlı saxlanılıb. O, müxalifətin etiraz aksiyalarında, bir qayda olaraq, fəal şəkildə iştirak edir.

Deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) , hələlik, münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə keçirmək istədiyi aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilmişdi.

DİN-dən isə bildirilib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınacaq və təşkilatçılar məsuliyyət daşıyacaqlar.

XS
SM
MD
LG