Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:33

‘Putinin aşpazı’ Wagner şirkəti ilə əlaqəsini etiraf edib


Yevgeni Priqojin (solda)
Yevgeni Priqojin (solda)

Bundan əvvəl jurnalistlər Wagner-in Priqojinə məxsus olduğunu yazsalar da, o bir qayda olaraq bunu inkar edirdi

Rusiyalı biznesmen Yeevgeni Priqojin ilk dəfə olaraq özünün Wagner özəl hərbi şirkəti ilə əlaqəsini etiraf edib.

Bu şirkətin muzdlu əsgərləri Ukrayna, Suriya, Liviya və Afrikadakı münaqişələrdə iştirak edirlər.

Bundan əvvəl jurnalistlər Wagner-in Priqojinə məxsus olduğunu yazsalar da, o bir qayda olaraq bunu inkar edirdi.

Ona məxsus Konkord xəbər saytında jurnalistin sualına cavab verən Priqojin bildirib ki, 2014-cü ildə bu özəl hərbi şirkəti məhz o açıb.

Onun sözlərinə görə o bu şirkəti yaratmaq qərarına “poliqonlardan birində” mövcud hərbi birləşmələrin Ukraynada müharibəyə yararsız olduğunu başa düşəndən sonra gəlib.

Priqojinin dediyinə görə o indiyədək bu şirkətlə əlaqələrini ona görə danıb ki, “Rusiya vətənpərvəliyinin əsaslarını” pis vəziyyətdə qoymasın.

O deyib ki, 2014-cü ildə Ukraynadan Luhansk hava limanını və “bir çox başqa əraziləri” məhz onun qruplaşması alıb.

Priqojin şirkətin muzdlu döyüşçülərini “Suriya xalqını, ərəb, Afrika və Latın Amerikası ölkələrini zülmdən xilas edən qəhrəmanlar” adlandırıb.

Əvvəllər inkar edirdi

Meduza qəzeti xartırladır ki, bundan əvvəl Priqojin özəl hərbi şirkətlə əlaqəsini qətiyyətlə inkar edir və bunu iddia edən jurnalistləri məhkəməyə verirdi.

Məsələn 2022-ci ildə Moskvanın Presnenski məhkəməsi Exo Moskvı radiostansiyasının redaktoru Aleksey Venediktovun belə bir iddiasını əsassız saymışdı.

Bu məhkəmə iddialarından başqa Priqojin Rusiyanın bütün axtarış mühərriklərindən onu bu şirkətlə bağlayan materiallara çıxışın bloklanmasınma nail olmuşdu.

2019-cu ildə The Bell təhqiqat saytı yazırdı ki, Priqojini özəl hərbi şirkətin yaradılmasına Rusiya ordusunun baş qərargahı cəlb edib.

Rusiya qəhrəmanı

Rusiya ordusunun podratçısı olan Priqojin həm də Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.

Buna baxmayaraq o Wagner özəl hərbi şirkəti ilə əlaqələrini inkar edirdi.

Bu özəl şirkət təkcə atıcı silahlarla yox, həm də ağır hərbi texnika, artilleriya və aviasiya ilə silahlanıb.

Rusiya qanunvericiliyində özəl hərbi şirkətlərin yaradılması qadağandır və Kreml Wagner özəl hərbi şirkəti ilə hər hansı əlaqələrini inkar edir.

Ötən yayda anonim Telegram kanalları Priqojinə Rusiya qəhrəmanı adının verilməsini yazırdılar.

Bu fərman rəsmən dərc edilməyib, amma biznesmen ictimai tədbirlərdə yaxasında bu orden olaraq görünüb.

XS
SM
MD
LG