Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:58

'Rusiya istəməsəydi, nə bu gərginlik, nə də müharibə olardı'


Qarabağda döyüşlər. 2020
Qarabağda döyüşlər. 2020

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Bakıda səfərdədir. O, sentyabrın 13-də Prezident İlham Əliyevlə görüşüb. Daha sonra da mətbuat konfransı keçirən F.Riker bildirib ki, görüş zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular – energetika, iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik üzrə danışıqlar aparılıb. O, ABŞ-ın Azərbaycanı strateji tərəfdaşı hesab etdiyini vurğulayıb.

Ötən həftə isə Bakıya Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev gəlmişdi. Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətlərini müzakirə ediblər.

Qərblə Rusiyanın maraqları regionda toqquşurmu...

Sentyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Denis Qonçar Avropa İttifaqını (Aİ) Moskvanın Bakı və Yerevanla üçtərəfli işinə müdaxilədə ittiham edib. O qeyd edib ki, Aİ Rusiyaya qarşı aparılan sanksiya kampaniyası fonunda Qafqazda aktivləşib.

ABŞ Dövlət katibi Entoni Blinken isə ölkəsinin Rusiyanın diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni qarışdırmağa cəhd edə biləcəyindən narahat olduğunu bildirib.

H.Babaoğlu
H.Babaoğlu

Deputat: "ABŞ-la Rusiya arasında geostrateji rəqabət mövcuddur"

Deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Hikmət Babaoğlu "Turan"a bildirib ki, hazırda mürəkkəb bir tarixi mərhələdir və yeni beynəlxalq münasibətlər sistemi qurulur: "Bu yeni yaranacaq və XXI əsrin keyfiyyətini təyin edəcək beynəlxalq münasibətlər sistemi müxtəlif iddialı güc mərkəzləri arasında rəqabət yaradıb. Yəni, bu rəqabət prosesində iştirak edən iki tərəf - Rusiya və Amerika Birləşmiş Ştatlarıdır".

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz olduqca strateji bir regiondur: "Ona görə də, şübhəsiz ki, Azərbaycanda və Cənubi Qafqazda mümkün sülhlə bağlı tərəflər söz sahibi olmağa çalışır. Yəni, ABŞ-la Rusiya arasında geostrateji rəqabət mövcuddur". Onun fikrincə, Azərbaycan hər iki tərəfin maraqlarını uzlaşdıraraq öz milli maraqlarını təmin etməyə çalışır.

Son günlər Azərbaycan-Ermənistan sərhədində toqquşmaları təxribat adlandıran H.Babaoğlu vurğulayıb ki, bunun arxasında Yerevanın müstəqil siyasi iradə nümayiş etdirə bilməməsi dayanır: "Hansı tərəfdən ona nə vəd verilirsə, Ermənistan dərhal o tərəfə meyllənir və kiminsə geostrateji alətinə çevrilir".

"Ukrayna müharibəsindən sonra…"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da AzadlıqRadiosuna deyib ki, kollektiv Qərblə Rusiya arasında Qafqaz bölgəsində rəqabət var: "Xüsusən Ukraynada müharibə başlayandan (2022-ci il fevralın 24-ü) sonra Qərblə Rusiya arasında dünyanın istənilən nöqtəsində rəqabət yaranıb. Ukrayna müharibəsindən sonra postsovet məkanından və ilk növbədə Cənubi Qafqazdan Rusiyanın çıxarılması prosesi olacaq".

A.Qasımlı
A.Qasımlı

"Əliyev Rusiya tərəfindədir"

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya tərəfindədir: "Düşünürəm ki, İlham Əliyevlə Nikol Paşinyan arasında müəyyən anlaşmalar da var, hansılar ki, 44 günlük müharibədən əvvəl də, sonra da olub. Yəni, İlham Əliyev tam Rusiyanın vektorundadır. Rusiya istəməsəydi, nə bu gərginlik, nə də müharibə olardı. Yəni, bu Rusiyanın istəyi ilə baş verir ki, Ermənistanla Azərbaycan arasında nəbadə hansısa şəkildə bir danışıqlar uğurla başa çatsın, sülh yaransın".

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, onlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xatırlatma

Son günlər Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Hər iki tərəfdən 50 civarında hərbi qulluqçunun həlak olduğu açıqlanıb. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Ötən ilin dekabrından Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri dörd dəfə görüşüblər.

Son görüşdən (avqustun 31-i) sonra ikitərəfli sülh sazişinin layihəsi üzərində əsaslı danışıqların xarici işlər nazirləri səviyyəsində davam etdirilməsi ilə bağlı razılıq əldə olunduğu açıqlanmışdı. Amma ondan əvvəl iki ölkə arasında əsas vasitəçiliyi bir müddət Rusiya həyata keçirmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG