Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39

ABŞ İranla bağlı məsələyə münasibətini ‘qapalı’ bildirəcək


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian

Birləşmiş Ştatlar avqustun 15-də bildirib ki, İranla 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün Avropa İttifaqının yekun razılaşma layihəsinə münasibətini “qapalı” bildirəcək.

Tehran bu layihə ilə bağlı qərarını avqustun 15-də gecəyarısınadək bəyan etməli idi.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Vaşinqtonun bu sənədə reaksiyası ictimaiyyət üçün açıqlanmayacaq və birbaşa Avropa İttifaqının xarici işlər komissarı Josep Borrelə təqdim olunacaq.

Prays bildirib ki, nüvə razılaşmasına qayıdışın yeganə yolu Tehranın “aiddiyyəti olmayan tələblər” irəli sürməsini dayandırmasıdır.

Dirçəldilməsi üçün aparılan danışıqları dalana dirənmiş 2015-ci il nüvə sazişinin bərpa olunması üçün razılaşmanın “lap yaxında” olması barədə xəbərlər yayılmışdı.

“Hə” və ya “yox” cavabı tələb edən sənəd

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian demişdi ki, qarşıdan gələn bir neçə gün saziş üzrə açıq qalan məsələlərin həllində mühüm rol oynaya bilər.

O ABŞ-ı irəliyə doğru hərəkətin baş verməsi üçün “daha açıq” olmağa çağırmışdı:

"Biz elə saziş istəmirik ki, 40 gündən, iki aydan, üç aydan sonra praktikada gerçəkləşməsin...Biz onlara demişik ki, bizim qırmızı xətlərimizə hörmət göstərilməlidir”.

Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri və nüvə danışıqlarında koordinator Josep Borrel avqustun 8-də demişdi ki, razılaşmanın 25 səhifəlik layihə mətni qərarların qəbul olunduğu paytaxtlara təqdim edilib.

Borrelin sözçüsünün dediyinə görə bu layihə sazişin bütün iştirakçı tərəflərindən yalnız “hə” və ya “yox” cavabı tələb edən “yekun mətnidir”.

Onun sözlərinə görə bundan sonra danışıqların davam etdirilməsinə məkan qalmır.

ABŞ Dövlət Departamenti bundan əvvəl bildirmişdi ki, 2015-ci il sazişinin dirçəldilməsi üçün Avropa İttifaqının təkliflərinə “cəld cavab verməyə hazırdır”.

Bu arada dolaşan xəbərlərdən məlum olurdu ki, İran rəsmilərinin təklifləri qəbul edəcəyi gözlənilir.

Bununla belə Tehran bildirir ki, yekun sazişinin imzalanması üçün İranın daha geniş müzakirələrə ehtiyacı var.

Əmir Abdullahiyan: “Bizim də B planımız var”

Təhlilçilər bildirirlər ki, 2015-ci il sazişinin dirçəldilməsi regionda daha bir potensial münaqişənin qarşısının alınması üçün lazımdır.

İsrail bildirib ki, İranla nüvə danışıqlarında diplomatiya uğursuzluğa düçar olsa, o daha radikal addımlara getməli olacaq.

Əmir Abdullahiyan deyib ki, “Vaşinqton kimi bizim də B planımız var”.

Avropa İttifaqının baş nüvıə danışıqçısı Enrik Mora deyib ki, o danışıqların dinamikasına “çox nikbin” yanaşır.

İran və dünyanın əsas gücləri – ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çin arasında nüvə razılaşması 2015-ci ildə imzalanıb.

Bu sazişə əsasən İran onun üzərindəki sanksiyaların qaldırılrması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmalı idi.

Lakin keçmiş prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı birtərəfli qaydada bu sazişdən çıxardıqdan sonra İranın üzərinə sanksiyalar bərpa olunub və Tehran tədricən saziş üzrə öhdəliklərindən geri çəkilib.

ABŞ prezidenti Co Bayden Ağ Evə gəlidiyi gündən bu sazişin bərpasına tərəfdar olduğunu bildirib.

Tehran sazişin gələcəkdə heç bir ABŞ prezidenti tərəfindən pozulmayacağına dair qarantiya istəyir.

XS
SM
MD
LG