Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:50

Ukraynaya 40 milyard dollarlıq yardımı bir senator ləngidir


Senator Rand Pol
Senator Rand Pol

Senator Pol gileylənib ki, bu, bir ayın ərzində Ukrayna üçün ikinci böyük yardım paketidir və Konqres “elə hey pul xərcləyir”

Mayın 12-də ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallarda görünən yekdilliklə Ukraynaya 40 milyard dollarlıq yardım paketi qərarını səsvermədən keçirmək istəsələr də buna son anda respublikaçı senator Rand Pol mane olub.

Reuters yazır ki, Senatdakı demokrat çoxluğun lideri Çak Şumer və respublikaçı azlığın lideri Miç Makkonnel yardım paketinin səsvermədən keçirilməsinə birgə səy göstərirdirlər, lakin adətən maliyyə məsələlərində barışmaz mövqe tutan senator Pol etirazını bildirib.

Reuters yazır ki, bu ləngimə tədbirin gələn həftəyədək təxirə salınması deməkdir.

Senat qanun layihəsinin ilkin prosedur səsverməsini gələn həftənin bazar ertəsinə təyin edib.

Lakin bu da ola bilər ki, senatorlardan kimsə yekun səsvermədən əvvəl prosedur addımların atılmasını tələb etsin.

Bu halda səsvermə gələn həftənin ortalarında keçirilə bilər.

"Əgər senator Pol öz məsuliyyətsiz tələbində israr etsə...”

Şumer millət vəkillıərinə müraciətlə bildirib ki, senatorların əksər çoxluğu bu yardım paketini dəstəkləyir və onun qəbuluna tələsmək lazımdır:

"Əgər senator Pol öz məsuliyyətsiz tələbində israr etsə...nail olacağı yeganə bir şey Ukraynaya təcili lazım olan yardımı ləngitmək olacaq”.

Reuters yazır ki, Pol mövqeyində israr edib.

Xəbərdə deyilir ki, qanun layihəsinin qəbulunun bir həftə ləngidilməsi Qərb ölkələrinin Rusiya təcavüzünə qarşı döyüşən Ukraynaya dəstəyi üçün problem yarada bilər.

Prezident Co Bayden artıq bu qanun əsasında Ukraynaya silahların göndərilməsinə mayın 19-dan başlaya biləcəyinə ümid edir.

İnadkar senator

Senator Pol tələb edir ki, qanuna Ukraynaya xərclənən vəsait üzərində nəzarəti əks etdirən düzəliş edilməlidir.

Reuters yazır ki, Rand Polun razılığı olmasa bu qanunun keçməsi üçün uzun prosedur tədbirləri lazım gələcək.

Bu qanun Nümayəndələr Palatasından 368 leyhinə, 57 əleyhinə nisbəti ilə keçib.

Əleyhinə səs verənlərin hamısı respublikaçılardır.

Prezident Co Bayden Konqresə Ukraynaya 33 milyard dollarlıq yardım üçün müraciət etmişdi. Lakin millət vəkilləri bu məbləği artıraraq 40 milyarda çatdırmaq barədə qərar qəbul etmişdilər.

Bu da xəbər verilir ki, Şumer və Makkonnel mayın 12-də senator Pola onun düzəlişinin səsə qoyulmasını təklif ediblər. Bu düzəlişin keçməsi üçün 100 senatordan 60-nın razılığı kifayət idi.

Lakin Pol təklifi qəbul etməyib və bildirib ki, Senat onun düzəlişini yardım paketinin səsverməsindən əvvəl səsə qoymalıdır.

Pol gileylənib ki, bu, bir ayın ərzində Ukrayna üçün ikinci böyük yardım paketidir və Konqres “elə hey pul xərcləyir”.

XS
SM
MD
LG