Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:57

NYT Rusiya generallarının qətlində ABŞ kəşfiyyatının rolundan yazır


Ukraynada daha bir partlayışdan sonra
Ukraynada daha bir partlayışdan sonra

Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimovun Ukraynanın şərqindəki İzyuma səfərindən az sonra endirilən zərbədə Amerika kəşfiyyatının rolu olmayıb

Birləşmiş Ştatların Rusiya bölmələri haqda kəşfiyyat məlumatı Ukraynanın bir sıra Rusiya generalını hədəfə alaraq öldürməsinə imkan verib. Bunu “New York Times” qəzeti ABŞ-ın aparıcı rəsmilərinə istinadla yazır.

Ukrayna tərəf indiyədək cəbhə xəttində 12-yə yaxın generalı öldürdüyünü bildirib. Qəzet yazır ki, Bayden administrasiyası Ukraynaya real vaxta uyğun məlumat ötürüb. Buraya Rusiya əsgərlərinin gözlənən hərəkət trayektoriyası da daxildir. ABŞ rəsmiləri kəşfiyyatın köməyilə neçə generalın öldürüldüyünü dəqiqləşdirməyib.

Məlumatdan necə istifadə olunub

Birləşmiş Ştatlar Rusiya ordusunun mobil qərargahının yeri və başqa detalları verib. Ukrayna rəsmiləri isə coğrafi məlumatları öz kəşfiyyatları ilə birləşdirərək artilleriya və digər zərbələr həyata keçirib, Rusiya zabitlərini qətlə yetiriblər.

NYT kəşfiyyat məlumatlarının paylaşılmasını ABŞ-ın Ukraynaya sürətlənən yardım axınının tərkib hissəsi olduğunu yazır. Rusiyanın işğalına qarşı sərt müqavimət göstərən Kiyevə daha ağır silahlar, onmilyardlarla dollarlıq yardım göndərilir.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya ölkənin şimalında irəliləyə bilməyib, qüvvələri şərqə yönəldib. Amma Donbas əməliyyatının da ləng getdiyi bildirilir.

NYT qeyd edir ki, Bayden administrasiyası cəbhə kəşfiyyatının böyük hissəsini gizli saxlayıb, bunun eskalasiya yaradacağından, Rusiya Prezidenti Vladimir Putini daha geniş müharibəyə təhrik edəcəyindən ehtiyatlanıb.

ABŞ rəsmiləri Rusiya qoşunlarının qərargahları barədə informasiyanı necə əldə etdiyini açıqlamayıb. Ancaq müharibə başlayandan ABŞ kəşfiyyat agentliklərinin müxtəlif mənbələrdən, gizli və kommersiya peyklərindən istifadə etdiyi bəllidir.

Ən yüksək rütbəlilər haqda məlumat ötürülmür

Bu məqalə dərc olunandan sonra Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson bəyanatında deyib ki, Ukraynaya döyüş kəşfiyyatı “Rusiya generallarını öldürmək niyyətilə” verilməyib.

Ancaq qəzet heç də bütün zərbələrin Amerika kəşfiyyatı ilə gerçəkləşmədiyini yazır. Həftəsonu Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimovun Ukraynanın şərqindəki İzyuma səfərindən az sonra endirilən zərbədə də Amerika kəşfiyyatının rolu olmayıb. Bunu qəzet çoxsaylı ABŞ rəsmilərinə istinadla yazır. Onların sözlərinə görə, Birləşmiş Ştatlar ən yüksək rütbəli Rusiya rəsmiləri haqda kəşfiyyatı ötürməyi özünə qadağan edib.

Ancaq rəsmilər digər generalların vurulmasında Amerika kəşfiyyatının vacib rol oynadığını vurğulayır.

Rusiya indiyədək müharibədə iki generalının öldürüldüyünü təsdiqləyib.

XS
SM
MD
LG