Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

FT: 200 min rusiyalı hələ də Qərbdən maaş alır


Vladimir regionu, Pokrov şəhəri, 21 mart, 2022-ci il
Vladimir regionu, Pokrov şəhəri, 21 mart, 2022-ci il

FT yazır ki, Qərbdən maaş alan rusiyalıların sayı xeyli yüksək ola bilər

Transmilli şirkətlər Rusiyada fəaliyyəti dayandırmaq vədlərinə baxmayaraq 200 minədək rusiyalıya maaş verir. “Financial Times” qəzetinin təhlilləri Rusiyada azı 188 min nəfərin Qərbdən maaş aldığını üzə çıxarıb.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan sonra McDonald’s-dan tutmuş Renault-adək bir sıra şirkətlər bu ölkədə əməliyyatları dayandırdıqlarını, amma minlərlə işçinin maaşını saxlayacağını bildirib.

FT yazır ki, Qərbdən maaş alan rusiyalıların sayı xeyli yüksək ola bilər. Çünki KFC sahibi Yum Brands və Coca-Cola kimi böyük şirkətlər yerli işçilərə hələ də maaş ödəyib-ödəmədiklərini təsdiqləməyiblər.

Sobyaninin xəbərdarlığı

Moskvanın meri Sergey Sobyanin bazar ertəsi – aprelin 18-də xəbərdarlıq edib ki, Rusiya paytaxtında 200 minədək işçi işini itirmək riskilə üz-üzədir və hakimiyyət onlar üçün 3.36 milyard rubl (41.4 milyon dollar) dəyərində dəstək planı təsdiqləyib.

Boston Consulting Group, Linklaters və McKinsey kimi ofis şirkətləri işçilərini müxtəlif ölkələrə köçürə bilirlər. Amma emal, satış, istehlak sektorunda çalışanların işini itirmək riski daha böyükdür. Çünki bu şirkətlərin tezliklə yenidən açılması perspektivi görünmür.

Levi Strauss cins brendinin başçısı Çip Berq bu ay deyirdi ki, Rusiyadan 800-dən çox işçiyə maaş ödəyirlər.

“FisherBroyles” işəgötürmə şirkətinin hüquqşünası Piter Fayndinq qeyd edir ki, Rusiya qanunvericiliyinə görə, fəaliyyətini dayandıran şirkət işçilərin maaşını ödəməlidir. Ya işçilərin maaşları adi qaydada ödənilir, ya altı ayın maaşı ixtisar və kompensasiya paketi kimi verilir, yaxud da işçilər fəaliyyəti kəsilməyən digər sahələrə transfer edilir.

Aya 156 dollar

BCG şirkətinin keçirdiyi sorğuya görə, investorların çoxu Qərb şirkətlərinin Rusiyaya qayıdışının 2-5 il çəkəcəyini düşünürlər.

Qəzet yazır ki, işçilərə minimum 12 min 500 rubl ($156) aylıq maaş vermək böyük şirkətlər üçün nisbətən kiçik məbləğdir. Məsələn, ötən il dünya üzrə 23 milyard dollar gəliri olmuş McDonald’s Rusiyada 62 min işçiyə maaş ödəyir. Şirkət Rusiyada maaş və icarə xərclərinin ayda 50 milyon dollar olduğunu bildirir.

Rusiyanın Ukraynaya təcavüzü Qərbin ona sərt maliyyə sanksiyaları tətbiq etməsinə səbəb olub. Bir sıra banklar beynəlxalq SWIFT maliyyə sistemindən çıxarılıb, Rusiya Mərkəzi Bankının xaricdəki aktivləri dondurulub. Amma Moskva Ukraynadakı müharibəni dayandırmır, son günlər Donbasda intensiv hücuma başlayıb.

XS
SM
MD
LG