Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:58

Kiyev Rusiyanın Donbasda böyük hücuma başladığını bəyan edir


Aprelin 18-də Ukrayna qüvvələri Kremennaya şəhərindən geri çəkiliblər və bu şəhər Rusiya qüvvələrinin nəzarətinə keçib

Rusiya ordusu Ukraynanın şərqində bütün cəbhə xətti boyunca hücuma başlayıb.

Bunu aprelin 18-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov təsdiq edib:

"Bu rəsmi bəyanatdır. Bugün səhər Donetsk, Luqansk və Xarkov vilayətlərində işğalçılar bütün cəbhə boyunca bizim müdafiəmizi yarmağa cəhd göstəriblər. Xoşbəxtlikdən bizim hərbçilər möhkəm dayanıblar. Onlar yalnız iki şəhərdə xətti keçə biliblər. Bu Kremennaya və daha bir kiçik şəhərdir. Döyüşlər davam edir və biz ərazilərimizi vermirik və onların aktiv fazaya keçid cəhdi bugün səhər başlanıb”.

O əlavə edib ki, Ukrayna hakimiyyət orqanlarının məlumatına görə Rusiya ordusunun planı 24 aprelə, yəni pravoslav Pasxasına qədər Donetsk və Luqansk vilayətlərini zəbt etməkdir.

Məqsəd Ukrayna qüvvələrini mühasirəyə almaqdır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Facebook səhifəsində Donbas istiqamətində Rusiya tərəfindən “hücum başlandığını göstərən əlamətlərin” müşahidə olunduğunu bildirib:

"Şərq əməliyyat zonasında hücum əməliyyatının başlandığını göstərən əlamətlər qeydə alınır. Təcavüzkar Slobojan və Donetsk əməliyyat zonalarının müxtəlif istiqamətlərində hücum və həmlə əməliyyatlarını fəallaşdırıb. Volınsk, Polessk və Seversk istiqamətlərində düşmənin fəaliyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb”.

Hərbi ekspertlər bundan əvvəl Current Time telekanalı ilə söhbətlərində demişdilər ki, Rusiya Donbasda hücum əməliyyatını mayın 9-dək başa vurmağa çalışacaq.

Hərbi ekspert Oleq Jdanov bildirmişdi ki, Rusiya hücumunun əsas ssenarisi iki istiqamət – İzyumdan və Qulyaypoledən Kramatorska qədər gözlənilir. Rusiya qüvvələri burada birləşərək Ukrayna qüvvələrini mühasirəyə salmağa çalışacaqlar.

Luqansk vilayəti icra hakimiyyətinin başçısı Sergey Qayday Current Time kanalına təsdiq edib ki, aprelin 18-də Ukrayna qüvvələri Kremennaya şəhərindən geri çəkiliblər və bu şəhər Rusiya qüvvələrinin nəzarətinə keçib.

XS
SM
MD
LG