Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:57

'Rusiya buna qısqanclıqla yanaşacaq'


Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü. 15 dekabr 2021
Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü. 15 dekabr 2021

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş keçiriləcək. Bu, artıq son dönəmlər ikinci belə görüşdür. Bundan əvvəl Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü ötən ilin dekabrında olmuşdu.

Azərbaycan prezidenti: "Bu, çox yaxşı xəbərdir…"

İndi həm Ermənistan, həm də Azərbaycan rəsmiləri ehtiyatlı olsa da, nikbin açıqlamalar verir. Martın 31-də Prezident İlham Əliyev Polşanın Xarici İşlər naziri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Zbiqnev Raunu qəbul edərkən bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır: "Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək".

Əliyev və Paşinyanın görüşündən nə gözlənir?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Azərbaycan bir müddət öncə Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlayıb. Rəsmi açıqlamaya görə, orada dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü tanıması, sərhədlərin müəyyən edilməsi, nəqliyyat və kommunikasiyaların açılışı kimi məsələlər öz əksini tapıb.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Dünən, martın 3-də də Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo ilə birgə keçirdiyi brifinqdə bildirib ki, ölkəsi Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.

Bəs Brüsseldəki görüşün nəticəsində hər hansı sənəd imzalana bilərmi? Artıq tənzimlənmə məsələsində təşəbbüs Moskvadan Brüsselə keçirmi? Bütün bu suallarla bağlı Azərbaycanda nə düşünürlər?

A.Mirzəzadə
A.Mirzəzadə

"Hər iki tərəf bu görüşdən müsbət nəticə gözləyir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, bu görüşün nəticəsinin necə olduğunu o, bitdikdən sonra demək olar: "Əsas odur ki, görüş barəsində razılıq var. Ondan da vacib məqam ondan ibarətdir ki, hər iki tərəf bu görüşdən müsbət nəticə gözləyir".

Deputat qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş prinsip irəli sürüb və Ermənistan onları məqbul sayır: "Eyni zamanda, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağın vacibliyini artıq dəfələrlə vurğulayıb. Çünki Ermənistanın öz-özünü saldığı situasiya kritikdir".

Komitə üzvü vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini müzakirə mövzusu hesab etmir: "Ermənistan bu beynəlxalq hüquq normalarını qəbul edərsə, digər məsələləri müzakirə etmək mümkündür".

"Təklifin haradan gəlməsinin əhəmiyyəti yoxdur"

Görüşün Brüsseldə keçirilməsinə gəlincə, o bildirib ki, bunun o qədər də siyasi əhəmiyyəti yoxdur: "Avropa İttifaqı Şurasının sədri Şarl Mişel belə bir təklif irəli sürüb, hər iki ölkənin rəhbərləri ilə danışıb və Azərbaycan bunu mümkün hesab edir. Azərbaycan üçün problemin həlli ilə bağlı təklifin haradan gəlməsinin əhəmiyyəti yoxdur. Əsas odur ki, problem həll edilsin".

Ə.Oruclu
Ə.Oruclu

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Brüsseldəki görüşdə hansısa yekun sənədin imzalanacağını gözləmir: "Bir çərçivə sənədİ imzalana bilər. O sənəd ki, gələcək sülh müqaviləsinin bir zəmini kimi istifadə oluna bilər. Çünki həm Azərbaycan, həm də Ermənistan tərəfində belə bir müqavilənin imzalanmasına müəyyən psixoloji hazırlığın olması əlamətləri görünür".

"Təşəbbüs mərkəzinin Qərbə keçməsi…"

Amma, ekspertin fikrincə, hələlik, bu anlaşmanın imzalanması üçün daxili siyasi, geosiyasi və dövlətlərarası münasibətlər yetərincə cavab vermir.

Ə.Oruclu hesab edir ki, Qərbin bu məsələdə təşəbbüsü ələ alması Rusiyanı narahat edir: "Amma buna baxmayaraq, bir çərçivə sazişinin, niyyət protokolunun imzalanması üçün yetərincə əsaslar var".

Onun sözlərinə görə, bu məsələdə təşəbbüs mərkəzinin Qərbə keçməsi prosesi müşahidə olunur: "Avropa İttifaqı müharibədən sonra bu ikinci görüşü təşkil etməklə özünün bu məsələdə israrlı və iradəli olduğunu nümayiş etdirməyə çalışır».

Qarabağda sülh cəhdləri - Vaşinqtonun təmsilçiləri də təmaslarını sıxlaşdırır
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

Politoloqun fikrincə, Rusiya buna qısqanclıqla yanaşacaq: "Rusiya çalışacaq ki, bu prosesə bacardığı qədər təsir göstərsin, onu öz maraqlarına uyğun istiqamətə yönəltsin".

Halbuki, Rusiya rəsmiləri belə tənqidləri qəbul etmirlər. Bu ölkənin Azərbaycandakı səfiri Mixail Boçarnikov bugünlərdə Bakıda keçirdiyi mətbuat konfransında demişdi ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır.

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG