Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39
Mariupol
Mariupol

Ukraynada döyüşlər gedir, ABŞ və Qərb Rusiyaya ağır sanksiyalar qoyur

Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur.

Bayden Rusiya üzərinə yeni sanksiyalar qoyur

ABŞ prezidenti Co Bayden fevralın 24-də Rusiyaya yeni sanksiyalar elan edib.

Prezident bildirib ki, Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsi kəsilir.

Bayden əlavə edib ki, yeni sanksiyalar habelə Rusiya oliqarxlarını və bu ölkənin texnologiya sektorunu hədəfləyəcək:

“Bu müharibə Putinin seçimidir, nəticələrini də o və Rusiya çəkəcək”.

Ağ Evdə jurnalistlər qarşısında çıxış edən prezident Rusiyaya qarşı yeni sanksiyaları sərt tədbir adlandırıb:

"Bu tədbirlər Rusiya iqtisadiyyatı üzərinə dərhal və zamanı ilə ağır yük qoyacaq”.

Co Bayden deyib ki, ABŞ sanksiyaları Avropa müttəfiqləri ilə koordinasiyada tətbiq edir.

O deyib ki, Avropa müttəfiqləri Rusiyanın 4 ən böyük bankının aktivlərini bloklayıblar.

Onlar habelə Rusiyanın ABŞ texnologiyaları idxalını yarıbayarı kəsiblər.

Bayden Rusiyanın SWIFT ödəniş sistemindən kəsilməsi ilə bağlı suallara cavab olaraq bildirib ki, indi qoyulan sanksiyalar həmin addımdan heç də az sərt deyil.

Aeroflotdan tutmuş Putinin kürəkəninədək

Britaniya Ukraynaya təcavüzə görə Rusiya üzərinə indiyədək misli görünməmiş sanksiyalar elan edib.

Rusiyanın əsas hava şirkəti Aeroflotun təyyarələrinin Britaniya hava limanlarına qonması qadağan edilir.

Bu barədə məlumatı baş nazir Boris Conson parlamentdə etdiyi çıxışda verib.

Britaniya ən böyük Rusiya banklarına məhdudiyyətlər qoyub. VTB bankın aktivləri dərhal dondurulub.

Yeni sanksiyalar Rostex, Uralvagonzavod, Sibur, Promsvyazbank və başqa iri Rusiya şirkətlərini hədəfləyir.

Ümumilikdə Rusiyanın 100 fiziki və hüquqi şəxsinin aktivləri dondurulur.

Bundan başqa Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna biləcək malların ixracına qadağan qoyulub.

London habelə istisnasız olaraq bütün Rusiya vətəndaşları üçün bank hesablarında 50 min funtadək pul saxlamaq limiti qoyur.

Boris Conson deyib ki, sanksiyalar Rusiyanın müttəfiqi Belarusa da şamil ediləcək.

Bu da xəbər verilir ki, sanksiya siyahısına salınanların arasında Putinin keçmiş kürəkəni Kirill Şamalov da var.

O Putinin kiçik qızı – Rusiyanın ən gənc milyarderi Katerinanın əri olub.

Conson bildirib ki, Rusiyanı dünya iqtisadiyyatından sıxışdırıb çıxarmaq lazımdır.

Britaniyanlın ardınca Kanada da Rusiyaya qarşı sanksiyalar elan edib.

Kanadanın sanksiya siyahısında 58 fərd və vahidin adları var.

Bunun nəticəsində VTB bankı Kiprin RCB bankındakı 46 faizlik payının satışa çıxarılması qərarına gəlib.

Çernobıl Rusiyanın nəzaərtinə keçib

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası Rusiya qüvvələrinin nəzarətinə keçib.

Zelenski: Rusiya qüvvələri Çernobılı tutmaq istəyir

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də deyib ki, Rusiya qüvvələri Çernobıl Atom Stansiyasını ələ keçirməyə çalışır.

Burada 1986-cı ildə dünyanın ən fəlakətli nüvə qəzası baş verib.

Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya hərbi qüvvələri artıq stansiya zonasına daxil olublar və orada qızğın döyüşlər gedir.

Zelenski yazır ki, 1986-cı il nüvə fəlakətinin təkrar olunmaması üçün Ukrayna qüvvələri canlarını fəda edirlər.

Paytaxt Kiyevin 130 kilometrliyində olan nüvə stansiyası işləmir və partlamış nüvə reaktoru radiasiyanın yayılmaması üçün qoruyucu örtüklə bağlanıb.

Ukraynanın daxili işlər naziri Anton Heraşşenko bildirib ki, Rusiya qoşunları artıq Çernobıl stansiyasının ərazisinə daxil olub, lakin milli qvardiya radioaktiv tullantı anbarını qızğın müdafiə edir.

“Əgər işğalıçıların artilleriya zərbələri nüvə tullantısı anbarını dağıtsa, radioaktiv toz Ukrayna, Belarus və Avropa İttifaqı ölkələri üzərinə yayıla bilər”.

Davamı

XS
SM
MD
LG