Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Quterriş: 'Nə Donbasda soyqırımı var, nə də Rusiya əsgəri sülhməramlıdır'


BMT-nin baş katibi Antoniu Quterriş
BMT-nin baş katibi Antoniu Quterriş

BMT baş katibi deyib ki, “bir ölkənin əsgərləri başqa bir ölkənin ərazisinə icazəsiz daxil olurlarsa, sülhməramlı sayıla bilməzlər”

Ukrayna ərazisində Rusiyanın dövlət kimi tanıdığı qondarma “DXR” və “LXR”-də Rusiyanın iddia etdiyi kimi soyqırım baş vermir.

Bunu fevralın 23-də BMT-nin baş katibi Antoniu Quterriş deyib.

O əlavə edib ki, Rusiya əsgərləri Donbasa daxil olsalar, BMT onları “sülhməramlı” hesab etməyəcək.

Quterrişin BMT-nin saytında dərc olunmuş bəyanatında deyilir ki, Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki bəzi ərazilərin müstəqillyini tanıması Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsddir və BMT Nizamnaməsinin prinsipləri ilə ziddiyyət təşkil edir.

BMT baş katibi deyib ki, “bir ölkənin əsgərləri başqa bir ölkənin ərazisinə icazəsiz daxil olurlarsa, sülhməramlı sayıla bilməzlər”.

Quterriş bildirib ki, “sülhməramlılıq konsepsiyasının təhrif olunması” onda ciddi narahatlıq yaradır.

Onun sözlərinə görə “soyqırım” termininin dəqiq təfsiri var və ondan beynəlxalq hüquqa uyğun şəkildə istifadə edilməlidir.

Quterriş deyib ki, Donbasda, Rusiyanın iddia etdiyi kimi “soyqırım” baş vermir.

Bundan əvvəl Putin televiziya ilə çıxışında iddia etmişdi ki, 2014-cü ildə Ukraynada baş verən Maydan hadisələrinə görə, Donbasda “mağara millətçiliyinə” qarşı çıxan 4 milyon insan “soyqırıma” məruz qalıb.

O iddia edib ki, qondarma DXR və LXR-in tanınması bu zərurətdən irəli gəlib.

Lavrov BMT baş katibini tənqid edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, BMT baş kartibinin Donbasdakı vəziyyət barədə dedikləri onun statusuna uyğun gəlmir.

Lavrovun fikrincə, Quterriş Qərbin təsiri altınas düşüb.

Rusiya naziri bildirib ki, istənilən münaqişə zamanı BMT katibliyi “qərəzsiz olmalı və tərəflər arasında birbaşa dialoqa çağırmalıdır”.

Lavrov bəyan edib ki, Quterriş Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı bir dəfə də səsini ucaltmayıb.

Rusiya fevralın 21-də bu iki separatçı ərazinin müstəqilliyini tanıyıb.

Bunun ertəsi gün Moskva və separatçılar arasında qarşılıqlı hərbi yardımı da nəzərdə tutan dostluq və əməkdaşlıq müqavilələri imzalanıb.

Federasiya Şurası fevralın 22-də qəbul etdiyi qanunvericilik aktı ilə Putinə xaricdə silahlı qüvvələrdən istifadə icazəsi verib.

XS
SM
MD
LG