Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

Əli Əliyev: 'Hakim təzyiqim 220 ola-ola məhkəməmi davam etdirdi...'


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev deyir ki, onun haqqındakı hökm siyasi motivlidir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev deyir ki, onun haqqındakı hökm siyasi motivlidir.

Onun sözlərinə görə, XXI əsrdə düşüncəsinə görə insanı həbsxanaya salmaq sivil münasibətlərə uyğun deyil.

Partiya sədri bunu fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində deyib. Bu instansiyada Əliyevin 5 ay azadlıqdan məhrum edilməsi haqda Yasamal rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxılır.

“Son söz deməyə imkan verilmədi”

Partiya sədri 2021-ci il noyabrın 30-da 14 nəfərin həlak olduğu helikopter qəzasıyla bağlı fikirlərinə görə CM-in 147.1 (böhtan) maddəsilə cəzalandırılıb. Vertolyotdan sağ çıxdığı bildirilən Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.

Əliyevin vəkilləri həmin hökmün əsassız olduğunu vurğulayaraq, onun ləğvini istəyiblər.

Müvəkkilinin əməlində cinayət tərkibi olmadığını vurğulayan vəkil Cavad Cavadovun sözlərinə görə, ən əsası, bu işə Yasamal Rayon Məhkəməsində baxılanda qanunun tələblərinə qətiyyən əməl olunmayıb:

“Əli Əliyevə son söz deməyə imkan verilmədi. Hakim vəkilləri müdafiə çıxışı etməyə qoymadı. Bütün məhkəmələrin audioyazısı aparılır, həmin prosesin yazısını götürüb dediklərimi araşdıra bilərsiniz. Bütün bunlar həmin hökmün ləğvi üçün əsasdır. Qanunun ən adi tələblərinə də əməl olunmayıb”.

“Məhkəmə... həbsxana deyil”

Vəkil bildirib ki, əgər icraata xitam verilməsə, heç olmasa, apellyasiya şikayətinə baxıldığı müddətdə partiya sədri ev dustaqlığına buraxılsın. Onun məhkəmədən qaçıb gizlənmək niyyəti yoxdur.

Digər vəkil Aqil Layıc deyir ki, Yasamal rayon Məhkəməsində hələ Əliyev haqqında hökm çıxarılmamışdan öncə hakim artıq onun məhkəmə binasından çıxmasına qadağa qoymuşdu. Bu isə qanunsuz azadlıqdan məhrumetmə deməkdir:

“Nahar vaxtı məhkəmə binasından çıxmağa qoymayıb, onun azadlıq hüququ məhdudlaşdırılıb. Hansı əsasla? Məhkəmə ədalətin həyata keçirildiyi yerdir, həbsxana deyil. Bununla əlaqədar xüsusi qərardad çıxarılmalıdır. Çünki Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusudur”.

Layıc deyir ki, partiya sədrinin vertolyot qəzasıyla bağlı fikirlərinə görə həbs olunması “Yuxu” filmində baş verənlərin gerçəkdə təzahürüdür.

“Çıxış etmək imkanım əlimdən alındı”

Partiya sədri özü də məhkəmədə çıxış edib, siyasi motivlərlə həbsdə saxlandığını vurğulayıb:

“Hakim təzyiqim 220 ola-ola məhkəməni davam etdirdi. Bunu təsdiqləyən təcili yardım sənədi var. Son söz demək, çıxış etmək imkanım əlimdən alındı. Mən prezidentliyə namizəd, siyasi təşkilatın rəhbəri kimi, 14 nəfərin şəhid olduğu vertolyot qəzasına öz münasibətimi ifadə etmişəm. 21-ci əsrdə insanlar fikrə görə həbsə atılmamalıdır”.

Partiya sədri haqda verilmiş vəsatətlərin heç biri təmin olunmayıb. Onun işi üzrə məhkəmə prosesi fevralın 14-də davam edəcək.

Xatırlatma

Partiya sədri Əli Əliyev vertolyot qəzasını şərh edərkən deyib ki, sözügedən hadisə haqda telekanallarda müsahibə verən hərbçilərin həmin hadisələrdən sağ çıxdığına inanmır.

Emil Cəfərov iddia ərizəsində göstərib ki, Əliyev onu yalan danışmaqda suçlamaqla, nüfuzdan salıb.

Dövlət Sərhəd Xidmətinin zabitlərinin hər biri Əliyevin CM-in 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

XS
SM
MD
LG