Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:34

10-yaşlı Nərminin oğurlanıb öldürülməsi işi: 'Qaralov vəzifəsindən sui-istifadə edib'


Adil Süleymanov
Adil Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi ilə bağlı cinayət işinin materiallarında olan daha bir ziddiyyət ortaya çıxıb. Bu barədə AzadlıqRadiosuna azyaşlının ölümündə suçlanan İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib.

Süleymanov deyir ki, qardaşının həbsindən sonra onun günahsızlığına əmin olan kənd sakinləri, qohumlar, müxtəlif instansiyalara, o cümlədən Prezident Administrasiyasına, Ombudsmana məktublar yazmışdı. O dövrdə Baş prokuror olan Zakir Qaralov da həmin qurumlara cavablarında iddia edirdi ki, İlkinin bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib.

Rəy çıxmamışdan beş gün əvvəl...

Qaralov Ombudsman Səbinə Əliyevaya 22 yanvar 2020-ci il tarixli cavab məktubunda göstərib ki, Süleymanovların evindəki divar və daşın üstündən azyaşlı Nərminə aid olduğu güman edilən II qrup insan qanı tapılıb. Süleymanovun sözlərinə görə, həyətin divarında və daşın üstündə qan nümunəsiylə bağlı ekspertizanın rəyi yanvarın 27-də çıxıb, prokurorluğa isə bir ay sonra – fevralın 21-də göndərilib: "Zakir Qaralov isə Ombudsmana nəinki rəy gəlməmişdən, hətta məlum olmamışdan da beş gün əvvəl – yanvarın 22-də yazıb ki, II qrupdur. İki variant var: ya istintaqçılar özləri o qan nümunəsini həyətə atıb, ona görə baş prokuror əvvəldən bilirdi ki, II qrup olacaq, ya da əmin olub ki, ekspertə təzyiq edib istədiyi nəticəni alacaq. Yoxsa sehrbaz, falçı deyildilər ki, beş gün əvvəldən nəticəni biləydilər...".

Qanın insana aid olub-olmadığı müəyyənləşməyib

Süleymanov vurğulayıb ki, ekspertiza daş parçasındakı nümunənin, ümumiyyətlə, insana aid olub-olmadığını müəyyənləşdirə bilməyib və rəydə də bunu göstərib. "Ombudsmana yazılmış bu cavab göstərir ki, cinayətin açılması görüntüsü yaratmaq məqsədilə qardaşımın azadlığını əlindən almaq üçün Zakir Qaralov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib", – Süleymanovun sözləridir.

O deyir ki, Nərminin itkin düşməsiylə əlaqədar Dondar Quşçu kəndinə gətirilən xüsusi təlim keçmiş itlər uşağın iziylə gedərək onun yaxın qohumlarından birinin üstünə cumub. Lakin həmin şəxsin adını, hələlik, açıqlamaq istəməyib.

Süleymanov onu da bildirib ki, azyaşlı yoxa çıxandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları kənddə yalnız Nərmingilin özlərinin və əmisigilin, eləcə də onlara qonşu olan üç-dörd evdə axtarış aparıb. Qalan evlərin heç birində axtarış aparılmayıb.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG