Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Tixanovski, Losik və digərlərinə sərt cəzalar kəsildi


Minskdə etiraz aksiyası, arxiv fotosu
Minskdə etiraz aksiyası, arxiv fotosu

İnsan haqları qrupları dekabrın 14-də Qomel şəhərində qapalı prosesdə məhkum edilənləri siyasi məhbus sayır

Belarusda məhkəmə bir qrup bloger, müxalifət fəalı və müxalifətin mühacirətdə olan lideri Svetlana Tixanovskayanın ərinə sərt cəzalar kəsib. Onlar ötən ilin qalmaqallı prezident seçkisindən öncə saxlananlardır. Həmin seçkidə avtoritar lider Alyaksandr Lukaşenkanın altıncı müddətə prezident elan olunması ölkədə etirazlara səbəb oldu.

İnsan haqları qrupları dekabrın 14-də Qomel şəhərində qapalı prosesdə məhkum edilənləri siyasi məhbus sayır. 173 gün çəkən proses Belarus tarixində ən uzunmüddətli məhkəmə hesab olunur.

“Bu adamların mövcudluğu belə...”

Müxalifət və Qərb sözügedən prezident seçkisinin nəticələrini tanımır, onun saxtalaşdırıldığını bildirir.

Populyar videobloger Sergey Tixanovski seçkiyə namizədliyini verməyi planlaşdırırdı. Amma seçki öncəsi saxlandı. Məhkəmə ona 18 il həbs cəzası kəsib.

Bloger seçkiyə buraxılmayandan sonra onun siyasətdə naşı həyat yoldaşı seçiciləri ətrafına yığdı. Müxalifət seçkini məhz Tixanovskayanın udduğunu deyir. O, seçkidən bir gün sonra özü və iki övladının təhlükəsizliyi ilə əlaqədar Litvaya getməli olub, o vaxtdan həmin ölkədə yaşayır.

“Bu adamların mövcudluğu belə rejim üçün cinayətdir. Onlar azad Belarusda yaşamaq istədiklərinə görə repressiyaya məruz qalıblar”, – Tixanovskaya hökmdən dərhal sonra tvitində yazıb.

Losikə 15 il həbs

Bloger İhar Losik AzadAvropa/AzadlıqRadiosu-nun konsultantıdır. Ona 15 il həbs cəzası kəsilib. O da seçkidən öncə saxlanıb, populyar Telegram kanalından istifadə edərək ictimai asayişi pozmağa hazırlaşmaqda suçlanıb.

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay Lukaşenkanın Losik və digər jurnalistlərlə davranışını qınayıb.

“Onun və digər təqsirləndirilənlərin beş ay çəkən qapalı məhkəməsi ədalətin biabırçı parodiyası idi. Biz bir daha Lukaşenka rejimini xəbər təşkilatları, jurnalistlər və İhar kimi blogerlərə hücumu dayandırmağa, onun həyatı yoldaşı və qızının yanına qayıtmasına icazə verməyə çağırırıq”, – Flay hökmlə bağlı deyib.

Digərlərinə kəsilən cəzalar

Digər təqsirləndirilənlər – prezidentliyə keçmiş namizəd Mikaay Statkeviç 14 il, müxalifət fəalı Uladzimer Tsihanoviç 15 il, fəallar Artyom Sakau 16 il, Dmitri Papou 16 il həbsə məhkum ediliblər.

Təqsirləndirilənlər mütəşəkkil kütləvi iğtişaşların təşkilində, sosial nifrət qızışdırmaqda, Mərkəzi Seçki Komissiyasının fəaliyyətini əngəlləməkdə, sosial asayişi pozan fəaliyyətin təşkilində ittiham olunurdular. Onların niyə birlikdə və qapalı mühakimə olunduğu bəlli deyil.

Belarusda seçki dönəmində onminlərlə insan saxlanıb. İnsan haqları fəalları onların 800-dən çoxunun siyasi məhbus olduqlarını bildirir.

Müstəqil media, müxalif sosial media kanalları, vətəndaş cəmiyyəti qrupları təqibə məruz qalıb, qapadılıb. Əksər müxalifətçilər ya həbs olunub, ya da mühacirət edib.

XS
SM
MD
LG