Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Bakıda alpinizm üsulu ilə oğurluq: General oğlunun evindən 167 min manat...


Mənzillərin eyvanlarına kəndirlə düşübmüş... Foto illüstrasiya
Mənzillərin eyvanlarına kəndirlə düşübmüş... Foto illüstrasiya

Alpinist bacarıqlarından istifadə edərək Bakıda, əsasən, yeni tikilmiş çoxmərtəbəli binalardan oğurluqda suçlanan Cavid Süleymanov məhkəmə qarşısına çıxarılıb. Amma o, xaricdə alpinizm kurslarına getməsi, mənzillərin eyvanlarına kəndirlə düşməsi, qapıları xüsusi vasitələrlə açması və s. haqda danışmaq istəməyib. Deyir ki, iki həftə öncə saxlandığı istintaq təcridxanasında çarpayıdan yıxılıb. Bu səbəbdən baş verənlər yadında qalmayıb.

Psixi xəstəlikdən əziyyət çəksə də...

Elə vəkili də onun psixi xəstə olduğunu deyir. Oktyabrın 28-də məhkəmədə Süleymanovun psixiatrik ekspertizadan keçirilməsi haqda vəsatət qaldıran vəkilin sözlərinə görə, o, istintaq təcridxanasında özünə xəsarət yetirməyə meylli şəxs kimi nəzarətə götürülüb. Çünki bir müddət öncə özünə xəsarət yetirib.

Vəkil bildirib ki, müvəkkili istintaq dövründə psixiatrik ekspertizadan keçirilib. Ekspert rəy verib ki, Süleymanov psixi xəstəlikdən əziyyət çəksə də, hadisələr baş verəndə öz hərəkətlərinin nəticəsini dərk edəcək durumda olub: "Cavid Süleymanov psixi xəstəliyi ilə əlaqədar dəfələrlə müalicə alıb. Sonuncu dəfə 2020-ci ildə də xroniki psixi xəstəliyə görə Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya yerləşdirilib, orada müalicə alıb. Belə xəstələr ağlagəlməz təhlükəli hərəkətlərə meylli olur. Biz onunla bağlı ekspertizanın rəyini natamam hesab edirik, təkrar ekspertiza təyin olunmasını istəyirik".

Məhkəmə bu vəsatəti hələlik baxılmamış saxlayıb. Çünki əvvəlki rəy tədqiq olunmayıb.

"30 min manat verib"

Süleymanovla əlbirlikdə suçlanan Əhməd Əhmədov isə deyir ki, oğurluq hadisələrində taksi rolunda iştirak edib, özünü yalnız buna görə təqsirli bilir. Onun sözlərinə görə, Süleymanov hara gedəcəyini, arxasınca nə vaxt gəlmək lazım olduğunu ona deyir, o da aparıb-gətirib. Amma həmişə eyni avtomobildən istifadə etməyiblər. Məsələn, oğurluq olan ünvana bir avtomobillə aparıbsa, başqa avtomobillə gətirib.

"Hər dəfəyə təxminən 1500-2000 manat pul verirdi. Ümumilikdə 30 min manata yaxın pul verib. Cavidi 2006-cı ildən tanıyırdım. Onda mən zərgərlik sexində işləyrdim, o da ora gəlmişdi. Sonra hərbi xidmətə getdim, 2011-ci ildə qayıtdım, "Moskva" Univermağında işlədim. 2018-ci ildə mənə təklif elədi ki, belə bir iş var, sən heç nəyə qarışmayacaqsan, sadəcə aparıb-gətirəcəksən...", – Əhmədov ifadəsində belə deyib.

O əlavə edib ki, öncə razılaşmayıb, bir ilə yaxın düşünüb. Lakin pula ehtiyacı olduğuna görə sonradan razılıq verib.

Generalın oğlundan sonra

Bu cinayət işində zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev...

Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5 min manat ziyan dəyib.

Zərərçəkmişlərdən Ağaşirin Əkbərov baş verənlər haqda məhkəmədə bunları deyib: "Rayona getmişdik, qar yağdı deyə, qayıdası olmadıq. Adətən, pulu özümlə götürərdim. Bu dəfə fikirləşdim ki, yoldur, hadisə olar, evdə qalsa, yaxşıdır. Elə bil, bunlar üçün qoyub getmişdim...".

Məhkəmə araşdırmaları davam edir.

Qızılları əridib yeni əşyalar düzəldib

Cavid Süleymanovun istintaqa ifadəsində bildirilir ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq, kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub.

"Cavid Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib yeni əşyalar düzəldərək satıb", – ittihamda belə yazılıb.

Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG