Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Saakaşvilinin aclığı Gürcüstanda qütbləşməni dərinləşdirir


M.Saakaşvili həbs olunarkən
M.Saakaşvili həbs olunarkən

2003-cü il Qızılgül İnqilabının 53 yaşlı liderinin xəstəxanaya yerləşdirilməsi məsələsi həkimlərlə hökumət rəsmiləri arasında açıq çəkişməyə səbəb olub

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin 27 gündür aclıq etdiyi deyilir. Hakimiyyət inadkarlığı ilə ad çıxarmış, məqsədi uğrunda “ölməyə hazır” olduğunu bəyan etmiş keçmiş prezidentlə neyləyəcəyi barədə baş sındırır.

2003-cü il Qızılgül İnqilabının 53 yaşlı liderinin xəstəxanaya yerləşdirilməsi məsələsi həkimlərlə hökumət rəsmiləri arasında açıq çəkişməyə səbəb olub.

“Hər ötən gün...”

Saakaşvilinin şəxsi həkimi daxil olmaqla bir qrup həkim oktyabrın 19-da onu müayinə edəndən sonra xəbərdarlıq edib ki, keçmiş prezidentin səhhətinə bərpa olunmayacaq ziyan dəyə bilər, o, tam təchiz edilmiş xəstəxanaya köçürülməlidir.

Ədliyyə naziri isə buna cavabında deyib ki, həbsxana xəstəxanasında da adekvat müalicə göstərmək mümkündür.

“Hər ötən gün əvvəlkindən daha təhlükəli olur”, – Saakaşvilini oktyabrın 19-da və 23-də müayinə etmiş həkim Zurab Pagava AzadlıqRadiosu-nun gürcü xidmətinə deyib.

Pagava sonradan səhhətini əsas gətirərək tibbi komandanı tərk edib.

Nümayişlər

Saakaşvilinin onminlərlə tərəfdarı ona azadlıq tələbilə nümayiş keçirib, yüzlərlə tərəfdarı onun saxlandığı Rustavidə həbsxana qarşısına yığışıb.

Keçmiş hüquqşünas olan Saakaşvili 2003-cü ildə hakimiyyətə gələrək növbəti 10 ildə iqtisadi islahatlar aparıb. 2008-ci ildə Rusiya ilə beşgünlük müharibədən sonra onun populyarlığı azaldı. 2012-13-cü illərdə müttəfiqləri ilə birlikdə milyarder biznesmen Bidzina İvanişvilinin Gürcü Arzusu partiyasına məğlub oldu.

Saakaşvili ölkədən gedəndən sonra hakimiyyətdən sui-istifadə və başqa ittihamlarla qiyabi mühakimə olunaraq altı il həbsə məhkum edilib. Özü isə ittihamları siyasi motivli hesab edir.

2015-ci ildə Ukrayna hökumətində işləməyə başlayandan sonra Gürcüstan onun vətəndaşlığını ləğv edib. Bu il oktyabrın 1-də ölkəyə qayıdan Saakaşvili həbsə göndərilib.

ABŞ-ın çağırışı

AzadAvropa/AzadlıqRadiosu yazır ki, Saakaşvilinin aclıq aksiyası onun səhhətində daimi iz qoya, Gürcüstanın siyasi reputasiyasına isə uzunmüddətli zərbə vura bilər.

Tbilisinin əsas havadarlarından olan Birləşmiş Ştatlar işi “çox yaxından” izlədiyini bildirib, Gürcüstan hakimiyyətini “Saakaşviliyə ədalətli davranış göstərməyə” çağırıb.

Sakaşvilinin həkimi və vəkilləri onun qan probleminin aclıq aksiyasının təsirini ağırlaşdıra biləcəyini bildirir. Həkimi Nikoloz Kipşidze deyib ki, oktyabrın 22-də Saakaşvilinin qan testində narahatedici indikator olub deyə ona qan köçürülüb və prosedur vəziyyətini “sabitləşdirib”. Ancaq həkim hakimiyyəti keçmiş prezidenti mülki xəstəxanaya köçürməyə çağırıb.

Ədliyyə naziri Rati Breqadze deyib ki, hospitalizasiya gərəkərsə, Saakaşvili Tbilisidəki 18 saylı penitensiar xəstəxanaya aparılacaq.

Ombudsman ofisinin rəyi

Gürcüstan Ombudsmanın ofisi oktyabrın 24-də həmin xəstəxananı təftiş edib, onun Saakaşvilinin durumundakı məhbus üçün əlverişli olmaması qənaətinə gəlib.

“Həbsxana xəstəxanasında həkimlərin tövsiyəsinə əməl etmək mümkün deyil”, – ombudsmanın müavini Giorgi Burcanadze AzadlıqRadiosu-nun gürcü xidmətinə söyləyib.

Həkim briqadasının qənaətinə görə, Saakaşvilinin vəziyyəti MRT, KT, ultrasəs müayinəsi, müxtəlif laboratoriya xidmətləri tələb edə bilər. 18 saylı penitensiar xəstəxanada isə adekvat avadanlığın olmadığı deyilir.

Saakaşvili Gürcüstanın siyasi mənzərəsində qütbləşmə yaradan bir fiqurdur, ədavətli çıxışları, şəxsi qalmaqalları ilə yadda qalıb.

Ancaq İvanişvilinin Gürcü Arzusu partiyasının səkkiz illik idarəçiliyi Tbilisinin demokratik sahədə geriləməsi sarıdan narahatlığı gücləndirib.

Hakim partiya seçkini udsa da...

Gürcü Arzusu oktyabrın əvvəlində bələdiyyə seçkisində 47 faiz səslə müxalifəti geridə qoysa da, oktyabrın 30-da paytaxt Tbilisi daxil bir sıra şəhərlərdə təkrar mer seçkiləri keçiriləcək.

Saakaşviliyə ictimai dəstəyin indi hansı səviyyədə olduğu bəlli deyil.

Onun Vahid Milli Hərəkat partiyası 2 oktyabr seçkisində 31 faizə yaxın səs yığıb. Tərəfdarları “Mişa” dediklıri Saakaşvilini siyasi məhbus sayırlar.

Ötən həftə “Current Time TV”nin Tbilisidə keçirdiyi qeyri-rəsmi sorğuda bir sıra sakinlər Saakaşvilinin siyasətinə görə təqib olunduğunu söyləyib.

“Ümumiyyətlə, prezidentin indi Gürcüstanda həbsdə olması biabırçılıqdı – böyük biabırçılıqdı. Bu, ümumilikdə ölkəmizin prestiji üçün pisdir”, – bir nəfər deyib.

Baş nazir İrakli Qaribaşviili isə Saakaşvilinin altı illik həbs cəzasını tam çəkəcəyini açıqlayıb. Ölkədə növbəti parlament və prezident seçkisi 2024-cü ildə olacaq.

XS
SM
MD
LG