Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Əfqanıstan-Tacikistan sərhədində gərginlik olduğu xəbər verilir


Tacikistan əsgərləri
Tacikistan əsgərləri

AzadlıqRadiosunun mənbəyi bildirir ki, oktyabrın 4-də Taliban habelə etnik uyğur döyüşçüləri Çinlə sərhəddən “çıxarıb”

Tacikistan və şimal-şərqi Ədqanıstandakı təhlükəsizlik mənbələrindən alınan məlumata görə Taliban son iki həftədə Tacikistan sərhədi boyunca etnik tacikləri yeni silah-sursat və hərbi texnika ilə silahlandırıb.

Bu arada sərhədin hər iki tayında silahlı qüvvələrin cəmləşdirilməsi davam edir.

AzadlıqRadiosunun mənbəyi bildirir ki, oktyabrın 4-də Taliban habelə etnik uyğur döyüşçüləri Çinlə sərhəddən “çıxarıb”.

Bu da xəbər verilir ki, Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində Humvee avtomobilləri də daxil ABŞ istehlasalı silahlarla silahlanmış, habelə Amerika əsgərinin hərbi formasını geyinmiş tacik yaraqlılar müşahidə olunub.

Bədəxşandakı əfqan zabitlərdən biri bu iddiaları təsdiq edib.

Tacikistan rəsmiləri bildirirlər ki, sərhədin o tayındakı taciklər hələ iki həftə bundan əvvəl köhnə Kalaşnikov avtomatları ilə silahlanmışdılar və köhnə pikap avtomobilləri sürürdülər.

Sözü gedən silah-sursatın və uniformaların Əfqanıstanın Milli Ordusundan ələ keçirildiyi deyilir.

Tacikistan və Əfqanıstan rəsmiləri bildirirlər ki, hazırda iki ölkə arasınsdakı sərhəddə 200-dək yaraqlı var.

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi Mərkəzi Asiya ölkələrində dərin narahatlığa səbəb olub.

Bu ölkələr yaraqlıların Əfqanıstan sərhədini keçərək gələ bilməsindən narahatdırlar.

Tacikistanın tələbi

Tacikistan rəsmiləri dəfələrlə Talibana müraciət edərək öz hökumətlərinə taciklərin də daxil edilməsinə çağırıblar.

Düşənbə bildirib ki, əks halda Talibanın hökumətini tanımayacaq.

Taliban isə Tacikistanı Əfqanıstanın daxili işlərinə qarışmamağa çağırıb.

Taliban bildirib ki, iki ölkə arasında gərginliklə əlaqədar və mümkün hədələrə qarşı Bədəxşan və Taxar vilayətlərində minlərlə silahlı yerləşdirib.

Tacikistan bundan əvvəl Əfqanıstanla 1400 kilometrlik sərhəd boyunca 20 minlik əlavə qoşun yerləşdirdiyini bəyan etmişdi.

Əfqanıstandakı etnik taciklər on il bundan əvvəl Talibanın tacik qolunu – Camaat Ənsərüllah qrupunu təşkil ediblər. Bu təşkilatın məqsədi Tacikistan hakimiyyətini devirməkdir.

İyun ayında tacik rəsmilər bildirmişdilər ki, qadağan olunmuş qrupun komandanı Məhəmməd Şarifov (Mehdi Arsalon) sərhəd boyunca beş rayona rəhbər təyin edilib.

Uyğur döyüşçülərin sərhəddən çıxarıldığı deyilir

Ötən ay Taciksitan təhlükəsizlik xidməti bildirmişdi ki, sözü gedən döyüşçülərin Tacikistan ərazisinə keçməyi planlaşdırdığına dair məlumatlar var.

Tacikistan və Əfqanıstandakı iki mənbə bildirib ki, Taliban uyğur döyüşçüləri Əfqanıstanın Çinlə 76 kilometrlik sərhədindən geri çəkib.

Türküstan İslam Hərəkatı döyüşçülərinin başqa bölgələrə köçürüldüyü deyilir.

Əl-Qaedaya bağı Türküstan İslam Hərəkatı Çin və BMT tərəfindən terrorçu təşkilat kimi tanınıb.

Bəzi məlumatlara görə çinli döyüşçülər hələ bir həftə əvvəl sözü gedən bölgədə görünürdülər.

Taliban bundan əvvəl bəyan etmişdi ki, Əfqanıstan ərazisindən terror üçün istifadə olunmayacağına dair vədinə görə uyğur döyüşçüləri Çinlə sərhəddən uzaqlaşdırıb.

XS
SM
MD
LG