Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:48

Yerli sakinlərə kompüterdə ərizə yazanları polisə çağırırlar


Astara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi

Astara şəhər sakini, Müsavat Partiyasının rayon təşkilatının sədri Tarif Əliyev bildirir ki, rayonda vətəndaşların müraciət etmək hüququ pozulur. Onun deməsinə görə, son günlər kompüterlərlə, bir növ, "mirzəlik" edən şəxsləri polisə çağırıb hədə-qorxu gəlirlər. Müsavatçının vurğulamasına görə, onlardan tələb olunur ki, vətəndaşlar üçün şikayət ərizəsi yazmasınlar: "Bu isə Konstitusiya və "Vətəndaşların müraciətləri haqqında" Qanunun pozulması deməkdir. Vətəndaşların hüququ Astara rayonunda kobud şəkildə pozulur. Vətəndaşların müraciətləri əsasında yuxarı orqanlara kompüterdə şikayət ərizələri yazan şəxslər polisə çağırılır, qorxudulur, şikayətlərin yazılmaması tələb olunur".

Onun deməsinə görə, rayonda məlumatlar dolaşır ki, buna görə həbs olunanlar da var: "Müsavat Partiyası rayon təşkilatı olaraq buna etiraz etmişik və bəyanat vermişik".

Rayon sakinlərindən Zabir Ağayev də deyir ki, o, həqiqətən də rayon polis şöbəsinə çağırılıb: "Məni polisə çağırıb izahat işləri apardılar və sərbəst buraxdılar". O, bu barədə detallı danışmaq istəməyib.

"Əslində isə onu..."

Adlarının çəkilməsini istəməyən bəzi rayon sakinləri isə yaxınlarından həmin məsələyə görə saxlananın olduğunu deyiblər. Hətta iddia ediblər ki, polisə getsələr də, saxlanan qohumu ilə onlara görüş verilməyib: "Dedilər ki, inzibati qaydada məhkəmə 8 gün həbs verib. Guya polisə müqavimət göstərib. Əslində isə onu vətəndaşlar üçün şikayət ərizələrinin yazılmasına görə həbs ediblər".

"Ərizəyə əlavələr edilib"

Astara Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, vətəndaşlar üçün ərizələr yazan şəxslərdən bəziləri ilə profilaktik söhbət ediblər.

Polisdən deyildiyinə görə, vətəndaş üçün yuxarı orqanlara ərizə yazarkən həmin vətəndaşın xəbəri olmadan ərizəyə əlavələr edilib. Bildirildiyinə görə, bir vətəndaşın adından yalandan iddia edilib ki, guya onun evində oğurluq olub: "Bu yolla polisin işini pozurlar".

Polis şöbəsindən bununla belə iki nəfərin inzibati qaydada həbs edildiyini desələr də, onların adları və işin başqa detalları ilə bağlı açıqlama verməyiblər.

Hələlik, Astara Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG