Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Paşinyan fransalı həmsədrlə görüşüb


Nikol Paşinyan (sağda) Stefan Viskonti ilə görüşdə
Nikol Paşinyan (sağda) Stefan Viskonti ilə görüşdə

Yerevanda keçirilən görüşlərdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyi vurğulanır

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 13-də ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb. Bu haqda AzadlıqRadiosunun Ermənistan xidməti baş nazinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, tərəflər Dağlıq Qarabağın həlli yollarını müzakirə ediblər, bu kontekstdə Minsk qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Münaqişənin bəlli prinsiplər və elementlər əsasında tənzimlənməsi

Fransalı həmsədr elə həmin gün Xarici işlər naziri Ararat Mirzoyanla da görüş keçirib. Bu görüşdə də Qarabağ münaqişəsinin dinc yolla həlli prosesinin müzakirə olunduğu bildirilir.

Mirzoyan fransalı həmsədrin diqqətinə Azərbaycanla 44 günlük müharibədən sonra yaranmış humanitar vəziyyətə çəkib, Azərbaycanda saxlanan hərbi əsirlərin və girovların təcili və şərtsiz qaytarılmasının vacibliyini vurğulayıb.

Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dinc həlli prosesinin əhəmiyyətindən danışıblar. Mirzoyan deyib ki, Ermənistan Minsk qrupunun müharibədən sonra səsləndirdiyi birgə bəyanatlarını, özəlliklə də münaqişənin bəlli prinsiplər və elementlər əsasında uzunmüddətli və sabit şəkildə tənzimlənməsini dəstəkləyir.

Slovakiya da Minsk qrupunu dəstəkləyir

Minsk qrupunun həmsədrliyi məsələsi sentyabrın 14-də Ararat Mirzoyanın slovakiyalı həmkarı İvan Korçokla görüşündə də qaldırılıb.

Korçok ölkəsinin Ermənistanın yeni hökumətinin proqramını və regionda sabitlik və sülhün bərpası yönündə cəhdlərini yüksək qiymətləndirdiyini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, 30 ildən artıq sabitsizlikdən sonra regionda barışığa gətirəcək yeni proseslər başlanacaq.

Slovakiyalı nazir gərginliyə gətirəcək istənilən hərəkətdən çəkinməyə, 9 noyabr atəşkəs razılaşmasına tam əməl etməyə çağırıb. O, AB üzvü olan Slovakiyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini deyib.

Xatırlatma

Azərbaycan ötən il hərbi əməliyyatlar yoluyla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa etdi. Amma qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirildi. Prezident İlham Əliyev isə buna baxmayaraq münaqişənin artıq həll olunduğunu, keçmişdə qaldığını, ölkənin ərazi bütövlüyünün təmin edildiyini bəyan edib.

2-ci Qarabağ müharibəsi bitəndən sonra Ermənistana 104 əsirin qayıtdığı bildirilir. Azərbaycan əsirlərin bir qisminin Azərbaycan və Ermənistan arasındakı 9 noyabr razılaşmasından sonra saxlandığını, onların meşələrdə gizlənərək Azərbaycana qarşı terror-təxribatlar planlaşdırdığını bildirib. Təqsirləndirilən şəxslər bu iddialarla razılaşmayaraq deyirdilər ki, rəsmi qaydada silahlı qüvvələrdə xidmətə çağrılıblar. Həmin şəxslərə məhkəmə cəzası kəsilsə də, sonradan mina xəritələri əvəzində Ermənistana qaytarılanlar oldu.

XS
SM
MD
LG