Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Pəncşir vilayətində döyüşlər davam edir


Pəncşir, 31 avqust, 2021-ci il
Pəncşir, 31 avqust, 2021-ci il

Taliban idarəçiliyindən qaçmaq istəyən minlərlə insan Əfqanıstan sərhədlərinə yığışıb

Paytaxt Kabildən şimal-şərqdə yerləşən Pəncşir vilayətində Talibanla müqavimət qüvvələri arasında toqquşmalar davam edir.

Taliban sentyabrın 1-də yaraqlıları silahı yerə qoymağa çağırıb. Taliban idarəçiliyinə qarşı çıxan döyüşçülərsə hücumları dəf etdiklərini deyirlər.

Keçmiş talibançılar və əfqan təhlükəsizlik qüvvələrinin üzvlərindən ibarət Milli Müqavimət Hərəkatı Pəncşiri müdafiə etməyə and içib. Taliban onları getdikcə daha çox mühasirəyə alır.

Keçmiş müdafiə naziri Bismillah Məhəmmədi deyib ki, ötən gecə Talibanın daha bir hücumu “dəf edilib”. O, 34 talibançının öldürüldüyünü, 65-nin yaralandığını bildirib.

***

Minlərlə əfqan sərhədə yığışıb

Taliban idarəçiliyindən qaçmaq istəyən minlərlə insan Əfqanıstan sərhədlərinə yığışıb.

Pakistan rəsmisi sentyabrın 1-də Torxam sərhəd keçid məntəqəsinə “xeyli insanın” yığışdığını, sərhədin açılmasını gözlədiyini deyib.

Şahidlərin deməsinə görə, minlərlə əfqan İranla sərhəddəki İslam Qala postuna yığışıb.

Avropa Şurasının Prezidenti Şarl Mişel sentyabrın 1-də Sloveniyada deyib ki, blok Əfqanıstandakına oxşar vəziyyətlərdə vətəndaşlarının təxliyəsinə daha hazırlıqlı olmalıdır.

***

Britaniya Talibanla birbaşa danışıqlar aparır

Britaniya Əfqanıstanda qalan vətəndaşlarının və müttəfiqlərinin “təhlükəsiz çıxışını” təmin etmək üçün Talibanla birbaşa danışıqlar aparır.

Hökumətin xəbər agentliklərinə bildirməsinə görə, Baş nazir Boris Consonun Əfqanıstanda keçid dövrü üzrə xüsusi təmsilçisi Simon Qass Taliban nümayəndələri ilə görüş üçün Qətərin paytaxtı Dohaya göndərilib.

Taliban liderlərinin çoxu 20 il öncə Əfqanıstandan çıxarılandan sonra Qətərdə yaşayıb.

Consonun tənqidçiləri deyirlər ki, Qərb rəsmilərinə kömək etmiş bir çox əfqanlar Əfqanıstanda qalaraq Talibanın qisasıyla üzləşə bilərlər.

Birləşmiş Ştatlar avqustun 30-da Əfqanıstandan hərbçilərini tam çıxarıb. Britaniya isə missiyasını avqustun 28-də başa vurub və o vaxtadək 15 mindən çox adamı təxliyə edib.

Əfqanlara dəstək

Taliban əfqanlara ölkədən gedib-qayıtmağa icazə verəcəyini vəd edib. Amma çoxları silahlı qruplaşmanın niyyətinə şübhəylə yanaşır.

Taliban avqustun 15-də Kabili tutanda Conson deyirdi ki, qruplaşmaya “sözləri ilə deyil, hərəkətləri ilə” dəyər veriləcək.

Consonun sözlərinə görə, ölkəsinin NATO qüvvələri ilə işləmiş əfqanlara “nəhəng borcu” var və onların Britaniyada həyatlarını yenidən qurmalarına dəstək göstəriləcək.

“Bilirəm ki, inanılmaz çətin dövr olacaq, amma ümidvaram, onlar Britaniya ictimaiyyətinin artıq dilə gətirdiyi dəstək və səxavət dalğasından ürəklənəcəklər”, – baş nazir əlavə edib.

Hökumətin məlumatına görə, əfqanlara işləməyə məhdudiyyətsiz hüquqlar və gələcəkdə Britaniya vətəndaşlığı üçün müraciət seçimi veriləcək.

XS
SM
MD
LG