Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

ABŞ Kabildəki diplomatik missiyasını Qətərə köçürür


Talibançılar Kabil küçələrində keşik çəkir
Talibançılar Kabil küçələrində keşik çəkir

“Əsgərlərimiz Əfqanıstanı tərk edib. Amerikanın Əfqanıstanla münasibətlərində yeni fəsil başlayıb”

Taliban Kabil aeroportuyla bağlı danışıqlar aparır

Fransanın xarici işlər naziri deyir ki, Taliban Kabil beynəlxalq aeroportunun idarəçiliyi üzrə Qətər və Türkiyə ilə danışıqlar aparır. Nazir Jan-İv Lö Drian qeyd edib ki, islamçı qruplaşma aeroportun təhlükəsizliyini tezliklə təmin etməli, Əfqanıstandan çıxmaq istəyənlər bunu kommersiya reysləri ilə həyata keçirə bilməlidirlər.

“Təhlükəsizlik Şurasının aeroportun təhlükəsizliyinə dair qətnaməsi yerinə yetirilməlidir”, – nazir avqustun 31-də Fransa televiziyasına söyləyib. Bu gün Birləşmiş Ştatlarda Əfqanıstandan sonuncu əsgərini çıxararaq Amerikanın ən uzunmüddətli müharibəsini bitirib.

“Qətərlilər və türkiyəlilərlə aeroportun idarəçiliyi üzrə danışıqlar gedir. Amma biz aeroporta girişin təhlükəsizliyini təmin etməliyik”, – Lö drian vurğulayıb.

BMT-nin Təhlükəsizlik Şurası avqustun 30-da qətnamə qəbul edərək Talibandan adamların Əfqanıstanı azad tərk etməsinə icazə vermək öhdəliyinin icrasını tələb edib.

Qətnaməyə 13 ölkə səs verib, Çinlə Rusiya bitərəf qalıb. Sənəddə deyilir ki, şura Talibanın “əfqanların və bütün əcnəbilərin Əfqanıstandan təhlükəsiz və nizamlı çıxışına” icazə verəcəyini gözləyir.

Eyni zamanda qətnamədə humanitar yardıma icazə, insan haqlarına hörmət, terrorçuluqla mübarizə çağırışları səslənir.

***

Amerikalı diplomatların hamısı Kabildən çıxıb və Birləşmiş Ştatlar Əfqanıstanda diplomatik fəaliyyətini müvəqqəti dayandırıb. Açıqlamanı avqustun 30-da ABŞ-ın dövlət katibi Entoni Blinken verib. Bundan bir neçə saat öncə isə ABŞ ordusu bu ölkədən evakuasiyanı tamamlayıb.

Blinken deyib ki, 20 illik müharibədən sonra Vaşinqton Kabildəki diplomatik heyətini Qətərin paytaxtı Dohaya köçürüb. Əfqanıstanda hakimiyyətə gəlmiş Taliban qruplaşmasının siyasi ofisi də Dohada yerləşir.

“Əsgərlərimiz Əfqanıstanı tərk edib. Amerikanın Əfqanıstanla münasibətlərində yeni fəsil başlayıb”, – Blinken bu ölkə üzrə geniş çıxışında deyib.

“Bu fəsildə diplomatiya ilə məşğul olacağıq. Hərbi missiya başa çatdı; yeni diplomatik missiya başlandı”, – Blinken vurğulayıb.

Ölkədən çıxmaq istəyənlərə kömək olunacaq

Avqustun 14-dən bəri Birləşmiş Ştatlar və müttəfiqləri Kabildən 122 mindən çox insanı çıxarıb. Amma Qərb ölkələrinə kömək etmiş, evakuasiya oluna biləcək minlərlə əfqanı çıxarmaq mümkün olmayıb. Aeroportdan təxliyələr xaotik, tələsik həyata keçirilib.

Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq edərək amerikalıların, əcnəbilərin, risk yaranan əfqanların ya quru, ya da Kabil aeroportu yenidən açılandan sonra uçuşla ölkəndən çıxmasına kömək edəcək.

O, Əfqanıstanda 200-dək ABŞ vətəndaşının qaldığını və onların çıxmaq istədiyini sözlərinə əlavə edib.

Blinken deyib ki, Taliban səyahət azadlığına icazə vermək, keçmiş düşmənlərdən qisas almamaq, insan, qadın hüquqlarına sayqı göstərmək, ölkənin beynəlxalq terrorçuluq bazasına çevrilməsinə icazə verməməklə bağlı öhdəliyinə əməl etməlidir. Birləşmiş Ştatlar isə BMT və digər yardım təşkilatları vasitəsilə Əfqanıstana humanitar yardımı davam etdirəcək.

Şərtlər

“Kabildə Talibanın başçılıq etdiyi hökumətlə işimiz yalnız bir məsələyə – zəruri milli maraqlarımıza söykənəcək”, – Blinken vurğulayıb.

O deyib ki, ABŞ-ın maraqlarına uyğun gələrsə, ölkəyə və regiona sabitlik gətirərsə, ABŞ-ın 20 il ərzində bu ölkədə əldə etdikləri kövrək uğurları qoruyarsa, Vaşinqton Taliban hökumətilə işləyəcək.

“Atacağımız hər bir addım Taliban hökumətinin nə deyəcəyinə deyil, öhdəliklərinin icrası üçün nə edəcəyinə əsaslanacaq. İstənilən legitimlik, yaxud dəstəyi qazanmaq lazım gələcək”, – dövlət katibi vurğulayıb.

Taliban beynəlxalq legitimlik istəyir, ABŞ və müttəfiqləri daxil olmaqla xarici diplomatik missiyaları ölkədə qalmağa çağırıb. Bir çox ölkələr isə səfirliklərini bağlayıblar.

XS
SM
MD
LG