Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:36

SOCAR-ın şöbə rəisi ilə bağlı qızıl külçə qalmaqalı


Qızıl külçələr
Qızıl külçələr

SOCAR-ın tabeliyindəki "AzGerneft" MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyev iddia edir ki, 2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən qızıl külçələr gətirmək üçün 2 milyon 19 min manat pul verib. Onun sözlərinə görə, "AzGold" MMC-nin rəhbəri Müşfiq Muxtarov onu bu sahədə gəlir əldə etmək adıyla aldadıb.

"Bir külçə 39-40 minə başa gəlir"

Hacıyevin şikayəti əsasında həbs edilərək CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanan Muxtarovun işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Aylarla davam edən məhkəmə araşdırmalarından sonra iyulun 7-də bu iş üzrə hökm çıxarılıb. Hökmə əsasən, işadamına bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Zərərçəkmiş qismində tanınan Hacıyev ifadəsində bildirib ki, 2009-cu ildən "AzGerneft"də şöbə rəisidir. Onun sözlərinə görə, Muxtarovu bir dostunun vasitəsilə tanıyıb, qızıl işiylə məşğul olduğunu öyrənib. Özü də bu sahəyə sərmayə yatıraraq xaricdən qızıl külçələr gətirdib, pul qazanmaq qərarına gəlib: "Müşfiq Muxtarov demişdi ki, bir külçə 39-40 minə başa gəlir. Hər külçədən də 5-6 min qazanc götürmək mümkündür".

"Demişdi ki, 5 milyona qədər pulu var"

Şöbə rəisi iddia edir ki, qızıl külçələr üçün üç dəfəyə verilmiş 2 milyon 19 min manatın hamısı özünün olmayıb. Hacıyevin dediyinə görə, birinci dəfə verdiyi 810 min manat özünün, ikinci dəfə verdiyi 741 min manat qardaşı Hamisin, üçüncü dəfə verilən 468 min manat isə tanışı Müzəffər Həsənovun olub. Onlar da qızıl külçə biznesinə sərmayə yatırmaq məqsədilə pul veriblər: "Hamis böyük qardaşımdır, neft avadanlıqlarının satışını həyata keçiririk...".

Hacıyev əlavə edib ki, işadamı qazanc adıyla bir neçə dəfəyə ona ümumilikdə 200 min manat pul verib.

Təqsirləndirilən işadamı isə onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, Loğman Hacıyev birgə biznes məqsədilə ümumilikdə 1 milyon 600 min manat pul vermişdi: "Hamısı da özünün olub. O, əksinə, demişdi ki, qardaşı və başqa qohumlarının birgə işə pul qoymasından xəbəri olmasın. Demişdi ki, 5 milyona qədər pulu var, yatıra bilər. İstəmir ki, SOCAR-ın şöbə rəisi olduğuna görə onun adı hallansın, bütün pulun ona aid olduğu bilinsin, ona görə qardaşının, başqalarının olduğunu deyir".

"1 milyon 600 minini tam qaytarmışam"

Muxtarov bildirib ki, 1.6 milyonluq yatırımın müqabilində Hacıyevə bir neçə dəfəyə qazanc olaraq 200 min manat pul verib. Lakin devalvasiyadan sonra işlər yaxşı getmədiyinə və əvvəlki kimi qazanc olmadığına görə onun pulunu qaytarmaq qərarına gəlib: "Onun 1 milyon 600 minini tam qaytarmışam. 2015-ci ildə devalvasiya oldu deyə, bu məndən dolların əvvəlki kursu ilə fərqi tələb etməyə başladı. Mən imtina elədim. Gördü ki, istədiyini ala bilməyəcək, əsassız şikayətlər eləməyə başladı. Əvvəl öz adı hallanmasın deyə, qardaşının adından Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət elədi. Araşdırma aparıldı, məlum oldu ki, haqsızdırlar. Sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət elədi...".

Muxtarov 2020-ci ilin sentyabrında həbs olunub. Məhkəmədə prokuror onun 11 il azadlıqdan məhrum edilməsini istəmişdi. Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası isə ona qarşı ittihamın əsassız olduğu qənaətinə gəlib.

XS
SM
MD
LG