Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Dünya Hokey Liqası Belarus bayrağının dəyişdirilməsinə etiraz edir


Olimpiya bayrağının solunda Belarusun milli tarixi bayrağı dalğalanır
Olimpiya bayrağının solunda Belarusun milli tarixi bayrağı dalğalanır

Qlobal hokkeyə rəhbərlik edən qurum Latviya rəsmilərinin Riqada keçirilən dünya çempionatında Belarus bayrağının adətən Belarus müxalifətinin istifadə etdiyi bayraqla əvəzləmələrini kəskin tənqid edib.

Bayrağın dəyişdirilməsi mayın 24-də baş verib. Bundan əvvəlki razılaşmaya görə Belarus dünya çempionatının ev sahiblərindən biri olmalıydı.

Latviya rəsmiləri çempionatın keçirildiyi idman kompleksində Belarusun dövlət bayrağını çıxararaq onun yerində Belarusun tarixi milli bayrağı sayılan ağ-qırmızı bayrağı asıblar.

Latviya bu addımı ötən həftəsonu sərnişin təyyarəsinin məcburi qaydada Minskdə endirilməsinə və təyyarədə olan müxalifətçi jurnalistin həbsinə görə beynəlxalq hiddətin qalxmasından sonra atıb.

Sürixdə mənzillənmiş Beynəlxalq Buz üstündə Hokey Federasiyası (BBHF) mayın 25-də verdiyi bəyanatda bildirir ki, təşkilat siyasi hərəkətə etirazını bildirmək məqsədilə Riqa merindən Federasiyanın və Çempionatın bayraqlarının idman kompleksindən götürülməsini tələb edib.

Latviya bəyanata ötkəm cavab verib

BBHF “qeyri-siyasi” təşkilat olduğunu və Belarus hokey komandası ilə Lukaşenka hökumətinin ayrı-ayrı anlayışlar olduğunu xatırladıb.

Bəyanatda deyilir ki, Belarus komandası Latviyada qonaq kimi qarşılanıb və komanda öz ölkəsinin bayrağının 16 ölkənin bayrağı arasından yığışdırlmasının şahidi olmamalıydı.

Bu bəyanata cavab olaraq Riqa meri Martins Stakis BBHF bayraqlarının yığışdırılacağını deyib:

“Hamı seçim etməlidir: Sən ya azadlıq təşnəsisən, ya da qanlı diktatorun tərəfindəsən”.

Latviya prezidenti Egils Levits Belarus bayrağının dəyişdirilməsini “adekvat siyasi reaksiya” adlandırıb.

O deyib ki, Latviya bu hərəkəti ilə Belarusdakı rejimi tanımadığını ifadə edib.

Bu ilin yanvar ayında BBHF Belarusu 2021-ci il dünya çempionatının ev həmsahibliyindən məhrum edib.

Bundan əvvəl çempionatın sponsorları Belarusun ev sahibliyindən məhrum olunmasını tələb etmişdilər.

Ağ-qırmızı-ağ bayraq

1918-1919-ci illərdə Belarus Xalq Respublikasının rəsmi bayrağı olan ağ-qırmızı-ağ bayraq müstəqilliyin ilk beş ilində ölkə üzərində dalğalanıb.

1995-ci ildə prezident Aleksandr Lukaşenkanın təşəbbüsü ilə keçirilən referendumdan sonra bu bayraqdan istifadə faktiki olaraq ölkədə qadağan edilib.

Bunun əvəzində üzərindəki çəkic və oraq istisna olmaqla Belorusiya SSR-in bayrağı dövlət rəmzi kimi qəbul edilib.

Ötən ilin prezident seçkisindən dərhal sonra Lukaşenkanın istefasını tələb edən çoxminlik etirazlarda müxalifət asğ-qırmızı-ağ bayraqları qaldırıb.

Lukaşenka hökuməti bu bayrağı “faşist simvolu” adlandırır.

XS
SM
MD
LG