Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:38

ABŞ Dövlət Departamenti sərhəddəki gərginliyə münasibət bildirib


Sünikdə Vorotan kəndi
Sünikdə Vorotan kəndi

Qaragöl Azərbaycanın Laçın rayonu  ilə Ermənistanın Gorus rayonu  sərhəddində yerləşir, sərhəd gölü hesab edilir

Makron da bəyanat Verdi

Fransa Prezidenti Emmanuel Makron Facebook-da yaydığı bəyanatda Azərbaycandan əsgərlərini Ermənistanla sərhəd ərazilərdən çıxarmağa çağırıb.

“Azərbaycanın silahlı qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər”, – Makron yazıb.

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın prezidenti postunu erməni dilində yazıb: “Mən bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəydir və belə də qalacaq”.

Makron bu bəyanatdan öncə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışıb.

Makronun idarəsinin bəyanatında deyilir ki, prezident BMT-nin Təhlükəsizlik Şurasının “regionda sabitlik və təhlükəsizliyin bərpasına” kömək edə biləcəyini vurğulayıb.

Mayın 12-də Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyi bildirilir. Ancaq Azərbaycan tərəf bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur: “Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir”

***

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycan və Ermənistanı iki ölkənin sərhədi boyunca gərginliyi artırmamağa çağırıb:

“Biz Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artmasına dair xəbərləri diqqətlə izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və onları gərginliyin sülh yolu ilə de-eskalasiyasına çağırırıq”.

Azərbaycan XİN Ermənistanla sərhəddəki gərginliyə münasibət bildirib

Azərbaycan XİN: “Bu kimi hallar... həll oluna bilər və olunmalıdır.”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi də Ermənistanla sərhəddəki gərginliklə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən işğaldan azad edilən Laçın, Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir.

Məlumatda bu da vurğulanır ki, bu proses adi rejimdə və sistematik qaydada icra edilir:

“Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.”

Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur:

“Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir”

Məlumatda bildirilir ki, mayın 12-dən etibarən Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində addımlar atılır:

“Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.”

Məlumatın sonunda deyilir:

“Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır”

ATƏT-in sədri Bayramov və Ayvazyanla danışıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

Bu barədə xanım Linde Twitter hesabında bildirib:

Həmin məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi də məlumat yayıb.

Məlumata görə, mayın 13-də Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov və İsveç Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar:

“Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.”

Ceyhun Bayramov və Sergey Lavrov sərhəddəki gərginliyi müzakirə ediblər

Bugün, mayın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar:

“Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların ( ötən il Azərbaycan, Rusiya, Ermənstan rəhbərliyi arasında bölgədə atşkəs, işğal altında olan bəzi rayonların boşaldılması, ərziyə Rusiya sülhmərəmlıların yerləşdirilməsi və nəqliyyat infrastrukturunun bərpası ilə bağlı bəyantlar imzalanıb) həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər”.

Ermənistanla sərhəddə baş verənlər - erməni tərəfinin çəkdiyi kadrlar
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Ermənistan sərhəddəki vəziyyətlə bağlı ODKB-yə müraciət edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB) mayın 13-də bildirib ki, blok Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Bundan əvvəl Ermənisatnın ODKB-dəki daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov təşkilata Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident barədə məlumat verib.

Erməni tərəfinin bildirdiyinə görə, Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafəsində Ermənistan ərazisinə daxil olub.

Təşkilatın bu barədə bəyanatında deyilir ki, ODKB-nin baş katibi Stanislav Zas yaranmış vəziyyəti mayın 13-də telefonla Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan və xarici işlər naziri Ara Ayvazyanla müzakirə edib.

ODKB-nin baş katibi bildirib ki, təşkilat iki ölkənin sərhədində, Ermənistanın Syunik vilayətinin həmsərhəd bölgələrində yaranmış vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, ODKB-nin Nizamnaməsində kollektiv təhlükəsizliyə dair müddəalara uyğun olaraq hərəkət ediləcəkdir.

Hərbi polis Sünikdə nə baş verdiyini araşdıracaq

Ermənistan hərbi polisinə Sünik vilayətində sərhəddə nə baş verdiyini hərtərəfli aydınlaşdırmaq tapşırılıb. Bu haqda Baş prokurorun müşaviri Gor Abraamyan Facebook səhifəsində yazıb.

“Ermənistan hərbi prokurorluğu Müdafiə Nazirliyinin Hərbi polisinə tapşırıb ki, Sünik vilayətində sərhəddə baş verənləri hərtərəfli aydınlaşdırsın və hüquqi qiymət versin”, – Abraamyan yazıb.

***

Dünəndən (mayın 12-dən) Ermənistanın Sünik vilayətinin (Azərbaycan bu əraziyə Zəngəzur deyir) Qaragöl (Sev liç) rayonu ərazisində vəziyyət dəyişməyib. Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan bu gün – mayın 13-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, gölün yaxınlığında həm Azərbaycan, həm də Ermənistan hərbçiləri var. Paşinyan deyir ki, ərazidə hərbi eskalasiya, atışma, yaxud qarşıdurma baş verməyib, dünəndən Azərbaycan əsgərlərinin ərazidən çıxarılması üçün iş aparılır.

O, baş verənləri planlaşdırılmış provokasiya adlandırıb: “Əllərindəki saxta xəritələrlə əsaslandırmaq istəyirlər ki, Azərbaycanın sərhədləri daxilindədirlər. Bunlar saxta xəritələrdir, bunu sovet dövrü xəritələri ilə müqayisə edəndə görmək olar. Amma saxta xəritələrin mövcudluğu onu göstərir ki, təşkil olunmuş provokasiya ilə üz-üzəyik”.

“Sərhədi necə keçiblər?”

Paşinyan Azərbaycan əsgərlərinin sərhədi necə keçməsi, Qaragölə necə çatması məsələsinin də vacib olduğunu deyib. “Bu, ayrıca müzakirə mövzusudur, ona mütləq baxılacaq”, – o vurğulayıb.

Baş nazir vəzifəsini icra edən Paşinyan vəziyyətin ciddiliyini, böhranla üzləşdiklərini, bunun bir neçə ssenari üzrə inkişaf edə biləcəyini qeyd edib: “Suveren Ermənistan ərazisi toxunulmaz qalmalıdır, Azərbaycanın Silahlı Qüvvələri çıxış mövqelərinə çəkilməlidir, yəni, 10 may tarixində olduqları mövqelərə”.

O, mayın 13-də Təhlükəsizlik Şurasının bir daha yığışacağını, dünəndən baş verənlərin müzakirə olunacağını, vəziyyətin gələcək idarəolunmasını təmin edəcək qərarların qəbul ediləcəyini deyib.

Azərbaycanın rəsmi orqanları hələlik, dünəndən yayılan xəbərlərlə bağlı açıqlama verməyib.

***
Paşinyan Sünikə görə Təhlükəsizlik Şurasının iclasını keçirib

Mayın 12-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirərək Sünik vilayətindəki Qaragöl (Sev liç) ətrafındakı vəziyyəti Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) məlumat yayıb.

Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir, sərhəd gölü hesab edilir.

Paşinyan qeyd edib ki, mayın 12-də səhər Azərbaycanın Silahlı Qüvvələri Qaragöl rayonu ərazisinə, Ermənistan ərazisinin 3.5 kilometrliyinə girib. Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi gölü nəzarətinə almağa çalışıb və bunu “diversiya irəliləməsi” adlandırıb.

“Yaranmış vəziyyət qəbuledilən deyil və Ermənistan bu vəziyyətlə barışa bilməz. İlkin vəzifəmiz durumu danışıqlar, o cümlədən diplomatik yolla həll etməkdir. Ancaq bu, variantlardan yalnız biridir”, – Paşinyan deyib.

“Ermənistanin əlində xəritə var”

Paşinyan onu da qeyd edib ki, Azərbaycan hərbçiləri silaha əl atmayıb, ancaq hərəkətlərini “hansısa saxta xəritələrlə” əsaslandırmağa çalışıb. “Ermənistanin əlində Sovet İttifaqının mərkəzi hakimiyyətinin təsdiqlədiyi xəritə var. Orada Ermənistanla Azərbaycanın sərhədinin haradan keçdiyi aydın görünür”, – o deyib.

Azərbaycanın rəsmi orqanları Sünikdən mayın 12-dən gələn xəbərləri şərh etməyib. AzadlıqRadiosu Xarici İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən informasiya almağa cəhd edir.

Nikol Paşinyan Sünikdəki vəziyyəti mayın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də müzakirə edib. Azatutyun bildirir ki, tərəflər regionda əməkdaşlığın inkişafı üçün vacib amillər olan sülhün və sabitliyin saxlanmasında maraqlı olduqlarını qeyd ediblər.

Ermənistanın Müdafiə Nazirliyi isə mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin “sərhədlərin dəqiqləşdirilməsi” məqsədilə sərhədyanı sahələrin birində müəyyən işlər aparmağa cəhd etdiklərini bildirib. Amma Ermənistan silahlı bölmələrinin atdığı addımlar nəticəsində Azərbaycan hərbçilərinin işi dayandırdığı, yaranmış vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparıldığı qeyd olunub. Nazirliyin mətbuat xidməti “İşhanasar istiqamətində döyüşlər”in getdiyi haqda informasiyanın həqiqətə uyğun olmadığını açıqlayıb.

“Yaşayış məntəqəsinin 6 kilometrliyindədirlər”

Gorusun vitse-meri İrina Yolan da Azərbaycan hərbçilərinin Gorus yaxınlığındakı Verişen yaşayış məntəqəsi istiqamətində irəliləməsindən danışıb. Onun sözlərinə görə, Qaragölün 30 faizi Azərbaycanın, 70 faizi isə Ermənistanın nəzarətindədir. “Onlar indi Sev liçi keçiblər və Verişenə doğru daha 3 kilometr irəliləyiblər, özləri ilə də yetərincə çox hərbçi gətiriblər”, – o deyib.

Qaragöl Süniklə Dağlıq Qarabağın sərhədində, İşhanasar yamacında yerləşir.

Verişen icmasının başçısı Ararat Ordyanın deməsinə görə, azərbaycanlı hərbçilər hazırda kəndin sərhədində, yaşayış məntəqəsinin 6 kilometrliyindədirlər. “Bizimkilər də hərbçiləri irəli çəkiblər”, – o vurğulayıb, qarşıdurma deyil, indilik yalnız mübahisə baş verdiyini söyləyib.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Ancaq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Sərhədlərin demarkasiyası prosesinin artıq yekunlaşmaq üzrə olduğu bildirilir.

XS
SM
MD
LG