Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Məhkəmə Navalnının Peskova qarşı iddiasına baxacaq


Aleksey Navalnı tərəfdarlarının bu ilin əvvəlində keçirdikləri etiraz aksiyası
Aleksey Navalnı tərəfdarlarının bu ilin əvvəlində keçirdikləri etiraz aksiyası

Moskva məhkəməsi siyasətçi Aleksey Navalnının Rusiya prezidentinin sözçüsü Dmitri Peskova qarşı şərəf və ləyaqətin, habelə işgüzar reputasiyanın müdafiəsi ilə bağlı şikayətini icraata götürüb.

“Açıq media” mayın 5-də xəbər verir ki, məhkəmə nümayəndəsinin sözlərinə görə, Navalnı özünün istədiyi və ya hakimin bunu mümkün saydığı təqdirdə məhkəmə iclasında iştirak da edə bilər.

Mart ayının sonlarında Aleksey Navalnı Peskova qarşı şərəf və ləyaqətin, habelə işgüzar reputasiyanın müdafiəsi ilə bağlı iddia ilə ikinci dəfə məhkəməyə müraciət etmişdi.

Peskova qarşı ilk məhkəmə iddiası təşəbbüsü 2020-ci ilin noyabrında qaldırılmışdı.

Peskovun iddiası

Navalnı Peskovdan, onunla guya Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ekspertlərinin “işləməsi” və müxalifətçinin prezident Vladimir Putini tənqid etməsinin də Amerika xüsusi xidmətinin tapşırığı ilə olduğuna dair bəyanatını geri götürməyi tələb edirdi.

Peskov özünün bu bəyanatını Kremlin rəsmi internet saytında dərc etmişdi.

O vaxt məhkəmə Navalnının şikayətini “prosessual çatışmazlıqlarla” əsaslandıraraq qəbul etməmişdi.

Bundan əvvəl Aleksey Navalnı Almaniyanın Der Spiegel jurnalına verdiyi müsahibədə demişdi ki, onun zəhərlənməsi üçün məsuliyyəti prezident Putin daşıyır.

Peskov müxalifətçinin bu iddialarını “təhqiramiz” adlandırmış və demişdi ki, Kreml bundan sonra Navalnı mövzusu barədə heç bir şərh verməyəcək.

Xatırlatma

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib. O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG