Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Məhkəmədə AXCP üzvünün halı pisləşdi


Baba Süleymanov
Baba Süleymanov

Aprelin 27-də orduya dəstək yürüşünə görə həbs olunanların məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Baba Süleymanovun vəziyyəti pisləşib və o, huşunu itirib. Məhkəməyə təcili tibbi yardım çağrılıb. Həkim müdaxiləsindən sonra Süleymanovun durumu nisbətən yaxşılaşıb.

AXCP-nin 15 üzvü də daxil olmaqla, 36 nəfər 2020-ci il iyulun 15-də Bakıda keçirilmiş orduya dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınlarının aşırılması və s.) görə mühakimə olunur. Bu iş üç qrupa bölünüb və hər qrupda 12 nəfərin işinə baxılır. Bu işlərə Səbail rayon Məhkəməsinin sədri və hakimləri baxır, amma məhkəmə iclasları Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilir.

Hazırda məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Aprelin 27-də Süleymanovgilin məhkəməsində iki polis əməkdaşı ifadə verib. Prosesin gedişində təqsirləndirilən şəxsin durumu pisləşdiyinə görə məhkəmə mayın 4-nə qədər təxirə salınıb.

Süleymanov AzadlıqRadiosuna bildirib ki, məhkəmədə baş verənlər, o cümlədən polislərin ifadələrindəki yalanlara görə stress keçirib və nəticədə durumu pisləşib: "2018-ci ildən məndə panik atak müşahidə olunur. İsti, qapalı yerlərdən, stress vəziyyətlərindən uzaq olmalıyam. Həbsdə olduğum müddətdə problem dərinləşdi, həkimlərin dediyinə görə, panik atakdan panik pozulma mərhələsinə keçib. Məhkəmədə polislər üzümüzə baxa-baxa olmayan şeyləri deyirdilər, yalan danışırdılar. Müdafiəçilərimizin vəsatətləri təmin olunmur. Vəkillər deyir ki, polislərin ifadələri yerində yoxlansın, bunu da eləmirlər...".

Xatırlatma

2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu iş üzrə 2020-ci ilin iyulunda həbs olunan 36 nəfər noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb.

XS
SM
MD
LG