Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Bu mutasiyadan sonra başqası gələrsə... – Qərb mediası


Britaniyada aeroport, arxiv fotosu
Britaniyada aeroport, arxiv fotosu

Sentyabrın sonunda B.1.1.7 aşkarlanandan bəri Britaniyada 85 min nəfər ölüb. Dörd milyon nəfərdə, yəni, hər 17 nəfərdən birində virus aşkarlanıb

“The New York Times” qəzeti ötən yaz koronavirus pandemiyasının episentrinə çevrilmiş Avropada yenidən yoluxmaların tüğyan etməsindən yazır.

Bu dəfə yeni yoluxmalara ilk dəfə Britaniyada aşkarlanmış, ötənilkindən daha yoluxucu və ölümcül sayılan B.1.1.7 variantı səbəb olur. Bu variant azı 114 ölkədə yayılmaqdadır. Avropada hər gün minlərlə insan həyatını itirir, ölkələr yeni qadağalar tətbiq edirlər.

“Adamlar buna o qədər də əhəmiyyət vermədilər”

Cənubi Afrika variantı adlanan B.1.351, Braziliya mutasiyası sayılan P.1 də virusun ilkin formasından daha yoluxucu hesab edilirlər. Üstəlik, bu variantların vaksinlərin effektini də azaltdığı düşünülür.

“Məni təəccübləndirən odur ki, bir çox ölkələr B.1.1.7-nin nə gətirəcəyini öncədən görmürdülər. Adamlar buna o qədər də əhəmiyyət vermədilər, deyirdilər ki, Böyük Britaniyada baş verənlərdən dərs çıxarmalıyıq”, – Şotlandiyadakı Edinburq Universitetinin professoru Devi Sridhar deyib.

Sentyabrın sonunda B.1.1.7 aşkarlanandan bəri Britaniyada 85 min nəfər ölüb. Dörd milyon nəfərdə, yəni, hər 17 nəfərdən birində virus aşkarlanıb.

London Gigiyena və Tropik Təbabət Məktəbindən Nikolas Deyvis düşünür ki, Britaniya sonucda vaksinasiya ilə B.1.1.7-ni nəzarətə ala biləcək. “Amma təəssüf ki, həmin məqamda dominantlıq qazanacaq vaksin qorumasından, immun reaksiyasından yayına bilən xüsusiyyətlərə malik daha bir variantın peyda olmayacağı qeyri-real deyil”, – o, sözlərinə əlavə edib.

Hindistanda artım proqnozu və...

“The Financial Times” qəzeti isə yazır ki, Hindistanda pandemiyanın ikinci dalğası iqtisadi dirçəlişi üstələyə bilər.

Beynəlxalq Valyuta Fondu (BVF) bu il ölkədə 12.5% artım proqnozlaşdırır, amma yeni qadağaların və vaksinasiyanın ləng getməsinin buna zərbə vura biləcəyi istisna olunmur.

Hindistanda yeni yoluxmalar, xəstəxanaya yerləşdirmələr, ölü sayı artır deyə rəsmilər qadağalara getməyə məcburdurlar. Bizneslərə, ictimai fəaliyyətə məhdudiyyətlər isə artıma zərbə riski yaradır.

BVF-nin baş iqtisadçısı Gita Gopinat da xəbərdarlıq edib ki, 12.5% artım proqnozu “yetərincə narahatedici” dalğadan öncə hazırlanıb.

Oksford İqtisadiyyat araşdırma qrupunun fikrincə, “növbəti bir neçə ay həlledici olacaq”.

Bazar günü Hindistanda gündəlik rekord – 170 minə yaxın yoluxma, 904 ölüm qeydə alınıb. Bəzi şəhərlərdə xəstəxanaların dolduğu xəbər verilir.

XS
SM
MD
LG