Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:45

Qarabağ: Rusiyalı həmsədrin amerikalı həmsədri şoka salan cavabı


Minsk Group co-chİqor Popov (solda) və Riçard E Hoqland
Minsk Group co-chİqor Popov (solda) və Riçard E Hoqland

Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalırmı?

Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsinə belə bir sualla başlayıb.

Müəllif özü dərhal bu suala cavab verərək bildirir ki, “baxır sualı hansı tərəfə verirsiniz”.

Məqalədə deyilir ki, ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi Yerevana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bidlirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq.

Hoqland yazır ki, bu ziddiyyət əslində ATƏT-in Minsk qrupunun lap əvvəldən üzləşdiyi barışmazlıqdır.

O qeyd edir ki, Minsk qrupuna Azərbaycan və Ermənistandan başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsalar da, “gündəlik üzbəüz işi” Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır:

“Dövlət Departamentində 30 illik fəaliyyətimdən sonra bu yaxınlarda təqaüdə çıxanda, məndən rica etdilər ki, Minsk qrupunun ABŞ-dan olan keçid həmsədri kimi 2017-ci ilin yanvarından sentyabrınadək diplomatik xidmətə qayıdım. Çünki amerikalı həmsədr özəl sektorda başqa işə keçdiyi üçün vəzifəsini qəflətən tərk etmişdi…”

Minsk qrupunun həmsədrliyinə gəlişinin tarixçəsindən söz açan Hoqland daha sonra qeyd edir ki, o Azərbaycan və Ermənistanda heç vaxt diplomatik xidmətdə olmasa da, Dövlət Departamentindəki işi Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı olub və buna görə də Dağlıq Qarabağ münaqişəsi haqqında ən azı ümumi təsəvvürə malik idi.

“Beşulduzlu otellərdə qalırdıq”

Hoqland ABŞ xarici siyasət idarəsinin başqa “mətbəx sirrlərini” də açır və bildirir ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər.

Diplomat bütün bunlara baxmayaraq “maaşlı vəzifəsinə” vicdanla yanaşdığını yazır.

Hoqland yazır ki, müəyyən mənada həmsədrlərin işi - diplomatın adi insanların təsəvvüründə olduğu kimi idi:

“Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və Yerevanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş başa çatdırılırdı”.

“Əlbəttə ki, yox”

Hoqland yazır ki, uzun illər ərzində ATƏT Madrid Prinsiplərini – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı:

“Mənim həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adını qazanan bu təklif mövcud Madrid Prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq “masa üstündəki plan” adlandıraq”.

Riçard Hoqland bunun ardınca sensasiyalı bir açıqlama verir:

“Lavrov planı adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər Yerevan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.

“Şimaldakı böyük ayının mağarası”

Keçmiş həmsədr yazır ki, Dağlıq Qarabağ keçmiş sovet məkanında bir neçə dondurulmuş münaqişələrdən biridir. Bu münaqişələrin özəl və qəliz xüsusiyyətləri olsa da, onların hamısının bir özəl birləşdirici faktoru var. Rusiya bütün bu münaqişələrdə oynamaq üçün ən yaxşı mövqe tutub.

Hoqlandın fikrincə buna baxmayaraq Moskvanın bu münaqişələrin həll olunmasını istəməməsinin də müxtəlif səbəbləri var, amma bunların ən əsası həmin ölkələrin “şimaldakı böyük ayının mağarasından” çıxmasına imkan verməməkdir.

Amerikalı diplomat yazır ki, o həmsədrlərin Yerevan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü:

“Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”.

Moskva Azərbaycan tam qələbəyə yaxı olanda müdaxilə etdi

Hoqland yazır ki, 2020-ci il müharibəsi zamanı Minsk qrupu həmsədrlərinin paytaxtları bir neçə dəfə atəşkəsə çağırsalar da, bu atəşkəslər bir-neçə saat da davam etmədi:

“Moskva indiki vəziyyəti yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görünürdü”.

ABŞ diplomatı yazır ki, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi.

Diplomat qeyd edir ki, indi Cənubi Qafqazın hər üç ölkəsində müxtəlif ampulada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün “xüsusi nüfuz dairəsini” qoruyub saxlaya bildi.

Minsk qrupu üçün çətin çıxış yolu

Hoqland ümid edir ki, ATƏT-in Minsk qrupu bəlkə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər.

Onun fikrincə, hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından söhbət gedir.

Hoqland düşünür ki, Minsk qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alınmasında rol oynaya bilər.

Hoqland yazır ki, bunu etmək, xüsusilə də “regionun çətin qonşuları” İran və Türkiyə də bu cəhddə öz rollarını oynamaq istəsələr, çox çətin olacaq.

Məqalədə deyilir ki, Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq.

XS
SM
MD
LG