Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:56

Prezidentə şikayətə görə kəndlilər icra başçısına 2 min manat ödəməlidir


Prezident İlham Əliyev Salyanın Kürsəngi kəndində pambıq sahələrinə baxır. Onu Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müşayiət edir-2016
Prezident İlham Əliyev Salyanın Kürsəngi kəndində pambıq sahələrinə baxır. Onu Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müşayiət edir-2016

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ondan prezident və vitse-prezidentə şikayət etdiyinə görə 77-yaşlı qadını və onun övladlarını cərimələtdirib. Söhbət rayonun Aşağı Noxudlu kənd sakini Gülsüm Nəcəfova, onun övladları Salam və Nazim Nəcəfovlardan gedir.

İcra başçısı iddia edir ki, Nəcəfova və oğullarının 2020-ci ilin yayında prezidentə, vitse-prezidentə ünvanladığı teleqram və məktublarda onun haqqında yazılanlar yalandır. Hətəmov məhkəməyə təqdim etdiyi iddia ərizəsində yazıb ki, Prezident Administrasiyasına onun haqqında yazılan yalanlara görə stress keçirib, psixi durumu pisləşib. Ona görə də Nəcəfovlar ailəsindən 10 min manat təzminat, dövlət orqanlarına təkzib məktubu göndərməyi və üzr istəmələrini tələb edib.

"30 min manat verdilər"

Nəcəfova şikayət məktubunda yazıb ki, 11 övladı var. 1990-cı illərdə onların ailəsinə təsərrüfatla məşğul olmaq məqsədilə 260 hektar torpaq sahəsi verilib. Bu əraziləri məmurlar hissə-hissə əllərindən alıb. Sonuncu 95 hektarı da icra başçısı Hətəmov əllərindən alıb və "Aztəsərrüfat" MMC-nin rəhbəri Ramil Həsənova verib. İcra başçısı öncə Nəcəfovanın mərhum həyat yoldaşına 1998-ci ildə icarəyə verilmiş 95 hektar qış otlaq sahələrinin dövlət fonduna geri qaytarılması barədə sərəncam imzalayıb. Daha sonra həmin ərazinin "Aztəsərrüfat" MMC-yə icarəyə verilməsi barədə daha bir sərəncam imzalayıb.

"Övladlarımı döyə-döyə polis şöbəsinə apardılar. Qapımıza polis qoydular. Məni məcburi şəkildə notariusa apardılar, o ərazidə bizim çoban evi və başqa tikililərimiz vardı. Daş-divarın dəyəri kimi 30 min manat verdilər, məcbur elədilər ki, bunu götürüb, ərazidən əl çəkək. Əks halda, uşaqlarımı şərləyib həbs edəcəkdilər. Onsuz da nahaqdan tutub aparıb, polisə müqavimət adıyla cərimələmişdilər. Çarəsiz qalıb, notariusda dedikləri kimi elədim", – Nəcəfova belə deyir.

Onun sözlərinə görə, əkin sahəsi övladlarının, onların ailələrinin dolanışıq yeri idi. İndi maddi baxımdan ağır duruma düşüblər.

"2000 manatımız haradandır ki, icra başçısına verək?"

İcra başçısının 2020-ci ilin sentyabrında qaldırdığı iddia üzrə Salyan rayon Məhkəməsində martın 1-də qətnamə çıxarılıb. Hakim Ağarza Səmədov qərar verib ki, ana və iki oğlu icra başçısına 2000 manat təzminat ödəsin, prezident və vitse-prezidentə yenidən məktub yazıb Hətəmov haqqında yazılanların həqiqətə uyğun olmadığını bildirsin. Məhkəmə prosesi zamanı keçirilmiş ekspertizanın xərci – 150 manatı ödəmək öhdəliyi də Nəcəfovlar ailəsinin üzərinə qoyulub.

Salyan sakinləri qərardan narazı qalıb, onu ədalətsiz hesab edir.

"Bizim 2000 manatımız haradandır ki, icra başçısına verək? Məhkəmədə də oğlum dedi, iş olanda günəmuzd 10 manata fəhlə işləyib uşaqlarını zorla dolandırırlar. Biz torpaqla dolanan adamlar idik, onu da əlimizdən aldılar...", – Nəcəfova əlavə edib.

Prezident İlham Əliyev çıxışlarında məmur özbaşınalığı ilə bağlı dəfələrlə xəbərdarlıq edib, hər bir siqnalın araşdırılacağını deyib. Amma təcrübədə dövlət orqanlarından, məmurlardan şikayət edən vətəndaşların məhkəmə yoluyla cəzalandırılmasına vaxtaşırı rast gəlinir. Hüquqşünaslar şikayət məktublarına görə məhkəmə iddialarının qaldırılmasını absurd sayırlar.

XS
SM
MD
LG