Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

XİN 'Human Rights Watch'a cavab verdi


Qarabağda axtarış işləri davam edir
Qarabağda axtarış işləri davam edir

Bu gün, martın 23-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi "Human Rights Watch" təşkilatının əsirlərə pis rəftar edilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

XİN-dən bildirildiyinə görə, Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqları daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir: "Biz "Human Rights Watch" (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik. Təəssüf edirik ki, HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir...".

Qeyd edildiyinə görə, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar olunur: "Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb (döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla)".

"35 nəfər barəsində cinayət işi açılıb"

Qurum habelə bildirib ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb: "Birinci Qarabağ müharibəsi (1988-1994) nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil... 1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb".

Məlumatda bildirilir ki, Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar, işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb: "Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib".

HRW erməni əsirlərin pis rəftara məruz qaldığını iddia edir

Human Rights Watch insan haqları təşkilatı bildirir ki, Azərbaycan qüvvələri 2020-ci il Dağlıq Qarabağ müharibəsi zamanı erməni hərbi əsirlərlə pis rəftar edib, onları saxlanma, transfer və həbs zamanı qəddar, alçaldıcı davranışa, işgəncəyə məruz qoyub.

Qurum Azərbaycan hökumətini pis rəftarla bağlı bütün iddiaları araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırır. “Azərbaycan saxlanan bütün hərbi əsirləri və mülki şəxsləri dərhal azad etməlidir”, – qurum bildirir.

2021-ci il fevralın sonunda Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək 240 iddia olunan hərbi əsir və mülki saxlananın məsələsini Azərbaycan qarşısında qaldırmağa çağırıb. AİHM martın 16-da 72 erməninin hələ də Azərbaycanda olduğunu, Azərbaycan hökumətinin də onların saxlandığını təsdiqlədiyini bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: "Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

Azərbaycan ötən il 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG