Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Avropa Səhiyyə Agentliyi: AstraZeneca vaksini təhlükəsiz və effektivdir


Avropa Səhiyyə Agentliyi (The European Medicines Agency - EMA) bildirir ki, COVID-19-a qarşı AstraZeneca vaksini bəzi hallarda qanda laxtalanma yaratdığına dair xəbərlərə rəğmən təhlükəsiz və effektivdir.

Avropa İttifaqında səhiyyə tənzimləyicisi olan EMA-nın martin 18-də verdiyi bəyanatdan əvvəl bir sıra ölkələr Oksford Universiteti ilə Britaniya-İsveç şirkəti AstraZeneca-nın birlikdə hazırladıqları bu vaksindən istifadəni dayandırıblar.

EMA-nın rəhbəri Emer Kuk bildirib ki, onun təşkilatı vaksin barədə aydın elmi nəticəyə gəlib:

"Bu, təhlükəsiz və effektiv vaksindir. Onun ölüm və ya xəstəxanaya düşmək təhlükəsi olan adamlar üçün faydası preparatın mümkün risklərini üstələyir”.

Bununla belə, EMA vaksinlə qan laxtalanması arasındakı bağlılğı qəti şəkildə inkar etməyib.

Təşkilat bildirib ki, vaksinin mümkün yan fəsadlarının öyrənilməsi üçün əlavə tədqiqatlar aparılır.

Bəzi adamlarda qan laxtalanması yaratdığına dair xəbərlərə görə bir sıra ölkələr AstraZeneca vaksinindən istifadəyə fasilə veriblər. Bu isə öz növbəsində Avropa İttifaqında peyvəndləmənin sürətini yavaşıdıb.

EMA AstraZeneca vaksinini istifadə üçün ötən yanvarda təsdiq edib.

Ölüm halları olub

İndiyədək bu vaksin 5 milyon insana vurulub, lakin 30-dək halda qan laxtalanmasına səbəb olduğu bildirilib.

Dünya Səhiyyə Təşkilatının (DST) məşvərət qrupu alınmış məlumatların təhlilini davam etdirsə də, təşkilat vaksindən istifadənin dayandırılmamasını tövsiyə edib.

Qan laxtalanması zamanı yaranan trombositlər ətraflarn və bədənin başqa hissələrindən ürəyə, beyinə və ya ağ ciyərə keçərək qan sızması, infarkt və başqa ölümcül hallar yarada bilər.

DST martin 17-də bildirib ki, AstraZeneca vaksinin faydası mümkün risklərindən qat-qat çoxdur.

Elə həmin gün İspaniyanın Səhiyyə Nazirliyi bir nəfərin beyinə qan sızmasından, başqa birinin isə qarın nayihəsində yaranmış trombdan vəfat etdiyini xəbər verib.

İspaniya nazirliyi daha üç nəfərdə fəsad yarandığından şübhələr olduğunu açıqlayıb.

İspaniyada AstraZeneca vaksini 1 milyon nəfərə vurulub.

Martın 15-də Norveçin səhiyyə rəsmiləri AstraZeneca vurulmuş bir tibb işçisinin beyinə qan sızmasından öldüyünü bildiriblər.

XS
SM
MD
LG