Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:33

Paşinyanla baş qərargah rəisi arasında qarşıdurma davam edir


Baş nazir Nikol Paşinyan (sağda) və baş qərargah rəisi Onik Qasparyan
Baş nazir Nikol Paşinyan (sağda) və baş qərargah rəisi Onik Qasparyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə parlamentdə hakim “Mənim addımım” fraksiyasının üzvü Alen Simonyan deyib ki, silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın fərmanını təsdiqləmək üçün prezident Armen Sarkisyana Konstitusiyanın verdiyi vaxt qurtarıb.

Simonyan bəyan edib ki, bu səbəbdən də Qasparyan artıq ölkə qanunlarına görə postunu itirmiş hesab olunur.

Millət vəkili əlavə edib ki, prezident indiyədək bu fərmanı təsdiq etməyib, lakin bu fərmandan həm də şikayət verməyib.

Elə isə Onik Qasparyan hələ də Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olaraq qalırmı, yoxsa artıq bu vəzifədən azad edilib?

Azatutyun yazır ki, bu məsələ ətrafında hüquqşünasların rəyləri haçalanıb.

Rəsmi mənbələr – Müdafiə Nazirliyi, hökumət və prezident aparatı isə yaranmış vəziyyət barədə susurlar.

Sarksiyan niyə heç nə etmir?

Ermənistanda baş nazirlə silahlı qüvvələrin baş qərargah rəisi arasında qarşıdurma artıq iki həftədir ki, davam edir.

Prezident Armen Sarkisyan Nikol Paşinyanın Qasparyanın vəzifəsindən çıxarılmasına dair fərmanını imzalamadan iki dəfə geri qaytrıb. Lakin o eyni zamanda problemin çözülməsi üçün Konstitusiya Məhkəməsinə də müracət etməyib.

Armen Sarkisyan bunun əvəzində sadəcə olaraq belə bir niyyətinin olduğunu deyib.

Lakin onun bu bəyanatından beş gün keçsə də, Konstitusiya Məhkəməsindən Azatutyuna verilən məlumata görə ora heç bir prezident müraciəti daxil olmayıb.

Məqalədə deyilir ki, ölkə qanunlarına görə prezident hər hansı sənədi imzalamır və həm də Konstitusiya Məhkəməsinə müraciət etmirsə, bu sənəd avtomatik qüvvəyə minir.

“Prezident avantürizm yolunu seçib”

Ermənistan Vəklillər Palatasının sədri Ara Zohrabyan deyib ki, günü bugün Onik Qasparyan hələ də vəzifə başındadır.

Azatutyun yazır ki, Qasparyan martın 9-da tərəfdarları ilə birlikdə prezident iqamətgahına gəlib.

O prezident Armen Sarksiyanın Konstitusiya Məhkəməsinə müraciət edəcəyini gözləyir. Qasparyanın fikrincə Konstitusiya Məhkəməsi onun vəzifədən çıxarılmasına dair baş nazir fərmanının qanunsuz olması barədə qərar çıxarmalıdır.

Zohrabyan bildirib ki, prezidentin Konstitusiya Məhkəməsinə müraciət etməməsi təhlükəli vəziyyət yaradır.

Vəkillər Palatasının sədri Facebook səhifəsində yazıb ki, “prezident Armen Sarkisyan avantürizm yolunu seçib”.

Zohrabyana ünvanladığı cavabda prezident yazıb:

“Hazırda Onik Qasparyanın vəzifəsindən çıxarılması məsələsi hüquqi prosedurlar, konstitusiya məsuliyyəti və siyasi nəticələr baxımından baş nazirin ixtiyarındadır”.

Niyə cinayət işi qaldırılmayıb?

Vəkil Tiqran Yeqoryan martın 9-da deyib ki, məsələnin üstündən bu qədər vaxt keçəndən sonra prezidentin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ yoxdur və Onik Qaparyan qanunla artıq vəzifəsini itirib.

Vəkil izah edib ki, prezident baş nazirin fərmanını martın 2-də imzalamadan geri qaytarmışdı.

Bunun ardınca baş nazir Nikol Paşinyan fərmanı bir daha ona göndərib. Qanuna görə prezident baş nazirin fərmanını üç gün ərzində imzalamalıydı. O bunu etmədiyinə görə Paşinyanın Qasparyan barəsində fərmanı avtomatik qüvvəyə minib.

Yeqoryan bildirib ki, hüquqi baxımdan hazırda Ermənistanın baş qərargah rəisi yoxdur və baş nazir Nikol Paşinyan bu vəzifəyə kimisə təyin etməlidir.

Hüquqşünas bildirib ki, Paşinyanın Baş Qərargahın bəyanatını “çevriliş cəhdi” elan etməsindən iki həftə keçir, amma hələ də heç bir cinayət işi qaldırılmayıb.

XS
SM
MD
LG