Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

'Cənubi Qafqaza nəzarət üçün gərginliyin olması Rusiyaya sərf edir'


Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"

Ötən həftə Ermənistanın gizli yolla Azərbaycanın Qarabağ bölgəsinə hərbçiləri göndərməsi barədə məlumat yayıldı. Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirən hərbçi valideynləri bildirdi ki, uşaqlarını başqa adla rəsmiləşdirib Laçın dəhlizi ilə Qarabağa hərbi xidmətə göndərirlər.

Belə məlumatlara toxunan Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də fevralın 27-də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində onun razılığı olmadan yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozuntusudur: "Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz şəkildə göndərilməsi, eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur".

Açıqlamada daha sonra da yazılıb: "Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir...".

Ərdoğan və Bayden Qarabağla bağlı necə razılaşacaq
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Rusiya sülhməramlıları hara baxır?

Azərbaycan XİN-in bu açıqlamasina, hələlik, Ermənistan rəsmilərindən birbaşa münasibət bildirilməyib. Bəs regionda vəziyyət yenidən gərginləşə bilərmi? Üstəlik, belə məlumatlar həqiqətdirsə, Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları hara baxır?

Yeri gəlmişkən məsələnin bu tərəfinə Azərbaycan XİN-in açıqlamasında da toxunulub: "...Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur".

Məsələyə Rusiya rəsmiləri və ya onun silahlı qüvvələrinin bölgədəki bölmələrinin təmsilçiliyindən də hər hansı münasibət bildirilməyib.

A.Mirzəzadə
A.Mirzəzadə

"Ermənistan elə hesab edir ki, bunu gizli saxlamaq olar"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə "Turan" agentliyinə bildirib ki, Ermənistan tərəfi 10 noyabr sazişini pozmaq üçün müxtəlif variantlara əl atır: "Bunlardan biri - mülki şəxs adı ilə Qarabağa göndərilənlər sonra oradakı hərbi hissələrdə hərbi qulluq keçmək istəyirlər. Ermənistan elə hesab edir ki, bunu gizli saxlamaq olar, amma indiki dövrdə heç bir məlumat, o cümlədən hərəkət gizli qalmır".

Deputat qeyd edib ki, Azərbaycan tərəfi öz kəskin etirazını və xəbərdarlığını bildirib: "Ermənistan tərəfi bilməlidir ki, 10 noyabrdan sonra regionda yeni reallıq yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Kimsə, o cümlədən Ermənistan tərəfindən ərazi bütövlüyümüzə qarşı atılan istənilən hərəkətə qarşı Azərbaycan adekvat, beynəlxalq hüquqa uyğun olan addımlar atmaq hüququndadır".

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Komitə üzvü vurğulayıb ki, Azərbaycan tərəfi öz xəbərdarlığını edib, bundan sonra artıq nə edəcəyini Ermənistan düşünməlidir. A.Mirzəzadə əlavə edib ki, Rusiya sülhməramlılarının Qarabağdakı statusu heç bir halda sual altına düşmür: "10 noyabr sazişinin altında üç dövlət rəhbərinin imzası var və Azərbaycan öz imzasına hörmətlə yanaşır. Buna uyğun olaraq da addımlarını atır. Rusiya ilk dəfədir ki, tək hansısa bir regionda sülhyaratma prosesində iştirak edir. İndiyə qədər Rusiya sülhməramlıları hansısa bir kontingentin tərkibində iştirak ediblər və qəbul edilən qərarlar ümumi qərarlar olub. Hazırda isə Rusiya tək bu prosesi həyata keçirdir".

"Bundan sonra belə buraxılışlara yol verilməyəcəyinə ümid edirik"

Deputatın fikrincə, bu baxımından mümkündür ki, Rusiya tərəfi bu məsələni sazişə uyğun hesab edir: "Sadəcə olaraq ya Ermənistanın, yaxud da Dağlıq Qarabağın hansısa bir saxta sənədini əsas götürərək onları Laçın dəhlizi ilə Azərbaycan ərazisinə buraxıb. Şübhəsiz ki, Rusiya tərəfi ilə bu məsələ barəsində söhbət aparılacaq və bizi başa düşəcəklər. Bundan sonra belə buraxılışlara yol verilməyəcəyinə ümid edirik".

İ.İsmayıl
İ.İsmayıl

"…Deməli, şəraiti sülhməramlılar yaradır"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, əgər Ermənistan Dağlıq Qarabağa hərbçiləri göndərməyə davam edirsə, deməli, bunun üçün şəraiti sülhməramlılar yaradır. Ekspert hesab edir ki, Azərbaycan sərhədlə bağlı məsələni çox konkret qoymalıdır: "Laçın dəhlizində sərhədə bizim Sərhəd Qoşunları Rusiya sülhməramlıları ilə bir yerdə nəzarət etməlidir. Buna nail olmaq mümkün olmasa, onda sülhməramlılara bununla bağlı davamlı etirazlar bildirilməlidir. Bu etirazlar bizə əsas verəcək ki, sülhməramlılar öz missiyasını normal yerinə yetirə bilmədiyi və Azərbaycana təhlükə yarandığı üçün 5 il müddətinin tam olmasına 6 ay qalmış Rusiyaya sülhməramlılarının ərazidən çıxarılması ilə bağlı bildiriş verək".

"Ermənistanın könlünü almağa çalışır"

İ.İsmayıl da vurğulayıb ki, 10 noyabr sazişinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Ekspert qeyd edib ki, Rusiya sülhməramlıları buna şərait yaratmaqla Ermənistanın könlünü almağa çalışır: "Bununla Ermənistan əhalisinin simpatiyasını qazanmağa çalışır, amma Ermənistan bundan sui-istifadə edir. Həm də Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün ərazidə gərginliyin olması Rusiyaya sərf edir. Amma bu, sonsuz davam edə bilməz. Rusiya Azərbaycanı itirməmək üçün beynəlxalq hüquqa əsaslanan addım atmalıdır".

Qarabağın bərpasına hansı xarici qurumlar pul ayıracaq?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG