Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Azərbaycan, Rusiya və Ermənistan arasında indi nə müzakirə edilir?


Azərbaycan Prezidenti İlham Əliyev (sol) Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş Naziri Nikol Paşinian, Moskva, Dağlıq Qarabağla bağlı aparılan danışıqlardan sona birgə çıxış edirlər, 11 yanvar 2021
Azərbaycan Prezidenti İlham Əliyev (sol) Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş Naziri Nikol Paşinian, Moskva, Dağlıq Qarabağla bağlı aparılan danışıqlardan sona birgə çıxış edirlər, 11 yanvar 2021

Dövlət başçısı İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər bir sıra suallar doğurdu. Onlardan biri də 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanat ilə bağlı idi.

"Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur", deyərək o qeyd edib.

Qabil Hüseynli, 24 fevral 2010
Qabil Hüseynli, 24 fevral 2010

Bəs görəsən indi müzakirə edilən hansı məsələlərdir? Bu barədə ekspertlər nə düşünür?
Politoloq Qabil Hüseyn hesab edir ki, ilk növbədə Laçın dəhlizində Azərbaycanın suverenliyinin bərpasıdır:

“Laçın dəhlizində Azərbaycanın həm sərhəd, həm də gömrük...”

“Laçın dəhlizində Azərbaycanın həm sərhəd, həm də gömrük buraxılış mənqəqələrinin qurulması müzakirə mövzusudur. İkinci, bütün sərhədllərin demarkasiyası ( döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt) və demilitasiyası ( müəyyənləşdirilməsi) , o cümlədən, Qazax rayonundakı kəndləri. Çünki bu rayonda 7 işğal edilmişı kəndlə yanaşı ötən əsrin 80-ci illərinin əvvəllərində 14 min kvadratmetr ərazi Moskvanın göstərişiylə Ermınistana verilib, sərhədlər müəyyənləşəndə bu da nəzərə alınacaq.”

Moskva Ankaranı proseslərdən kənarda qoymağa çalışır

Azərbaycan və Türkiyə prezidentləri Ilham Əliyev və Rəcəb Tayyib Ərdoğan, arxiv foto
Azərbaycan və Türkiyə prezidentləri Ilham Əliyev və Rəcəb Tayyib Ərdoğan, arxiv foto

Q.Hüseynlinin vurğulamasına görə, status məsələsinə Rusiya tərəfindən ilk vaxtlar yanaşma çox ehtiyatlıydı, indi şimal dövlət yenidən ATƏT-nin Minsk Qrupunu işə salıb:

“ Əvvəlki vaxtlarda fərqliydi, Moskva 2+2 formuluna üstünlük verirdi, Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan, indi beynəlxalq mandatın lazım olduğunu deyərək Ankaranı proseslərdən kənarda qoymağa çalışır. Amma Rusiya-Türkiyə monitorinq qrupu fəaliyyət göstərirsə, deməli, Türkiyə Cənubi Qafqaza yerləşib. Gələcək hadisələrin inkişafında Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq”

Politoloqun fikrincə, əslində, Azərbaycan dövlət başçısı demək istəyir ki, 10 noyabr sazişi yerinə yetiriləcəksə, bölgədə layihələrin reallaşması mümkündür:

“Bölgədə gərginliyin baiskarı bir super dövlətidir”

“ Əgər Ermənistan özünü normal aparıb proseslərin gələcəyini görəcəksə, çox böyük uduş əldə edə bilər. Yox, Rusiya tərəfi Ermənistan ordusunu yenidən qurub, silahlar verib gərginlik yaradan mərkəzə çevirmək istəyirsə, bu, baş tutmayacaq. Prezident onu da əlavə etdi ki, nə qədər yalançı kreditlərlə Ermənistana silah vermək olar, bunları dəyəri 5-6 milyard dolları ötüb. Bütün hallarda bölgədə gərginliyin baiskarı bir super dövlətidir, o da əməlləriylə bunu sübuta yetirir”.

“Dağlıq Qarabağ daxili kommunikasiyaların açılması müzakirə mövzusudur”

Ilham Ismayıl, 1 oktyabr 2009
Ilham Ismayıl, 1 oktyabr 2009

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə Azadlıq Radiosuna deyib ki, 10 noyabr bəyanatının 9 bəndindən 3-ü yerinə yetirilməyib.

Onun fikrincə, yerinə yetirilməyən bəndlər deyəndə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, qaçqınların geri qayıtması, 51-dən çox yaşayış məntəqəsindən söhbət gedir. Ekspertin deməsinə görə, həmçinin Dağlıq Qarabağ daxili kommunikasiyaların açılması müzakirə mövzusudur:

“Sənəddə daxili kommunikasiyaların açılması göstərilsə də, konkret olaraq Mehri dəhlizindən danışılır. Bu 3 bənd yerinə yetirilmədiyi üçün müzakirə mövzusu olduğunu düşünürəm. Bunların əsası adına Qarabağ müdafiə ordusu qoyduqları Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması və qaçqınların yurdlarına qaytarılmasıdır. Bura Şuşanın 33 kəndi, Ağdərənin 14 kəndi, Xocalı, Kərkicahan, Kosalar, Xocavəndin iki kəndi daxildir. 1992-ci ilə qədər bu kəndlərdə azərbaycanlılar yaşayıb, onlar qayıtmalıdır. İndiyə qədər həmin bəndlər yerinə yetirilməyib.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. 44 günlük hərbi əməliyyatlar və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrup yaradılıb.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG