Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:27

'Tərtər işi'nə görə həbs olunan mayor ev dustaqlığına buraxıldı


Z.Kazımov
Z.Kazımov

İkinci Qarabağ müharibəsində Hadruta ilk daxil olan həmlə taborunun komandiri, noyabrın 9-da hərbi hospitalda müalicə olunarkən dindirməyə aparılıb həbs olunan mayor Ziya Kazımov ev dustaqlığına buraxılıb. Bu barədə AzadlıqRadiosuna hərbçinin vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, fevralın 24-də Bakı Hərbi Məhkəməsində müdafiə tərəfinin onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətinə baxılıb. Hakim Camal Ramazanov vəsatəti təmin edib, Kazımovun ev dustaqlığına buraxılmasına qərar verilib.

Mayor Kazımov şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı CM-in 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə -ölümə səbəb olduqda), 133-cü (əzab vermə) maddələri ilə ittiham irəli sürülüb. O, 2017-ci ildə sözügedən cinayət işi üzrə dindirilən şəxslərə qarşı işgəncələrdə suçlanır. Amma Kazımov ittihamda göstərilənləri qəbul etmir və özünü təqsirli bilmir.

"Əgər günahkar idisə, niyə rütbə və vəzifələri artırılıb?"

Onun həyat yoldaşı da bu günlərdə dövlət başçısına məktubunda Kazımovun günahsız olduğunu, qərəz nəticəsində həbs olunduğunu vurğulayıb. Bu işin istintaqının nəzarətə götürülməsini və obyektiv araşdırma aparılması üçün göstəriş verilməsini istəyib: "Əgər mənim həyat yoldaşım 2017-ci ildə baş vermiş cinayət işində təqsirli idisə, niyə bu müddətdə rütbə və vəzifələri artırılıb? Nə üçün hərbi hissə komandiri kimi müqəddəs döyüş tapşırığını yerinə yetirib?".

Həyat yoldaşının sözlərinə görə, Kazımov Şuşa ətrafındakı yüksəkliklər uğrunda döyüşlərdə mərmi partlayışı nəticəsində kəllə-beyin travması alıb, kəskin yaddaş itkisi yaşayıb, sol ayaq, sağ və sol əl barmaqları yanıb. Şəxsi heyəti onu döyüş sahəsindən çıxarıb və hospitala təxliyə edilib.

Noyabrın 9-da hospitala qəbul olunduğu gün onu çıxarıb Hərbi Prokurorluğa aparıblar. Daha sonra Bakı Hərbi Məhkəməsində barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu cinayət işi üzrə istintaq Hərbi Prokurorluqda aparılır.

Kazımovun ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırlatma

2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq bəyan etmişdi ki, bu hərbçilər Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluğa görə həbs olunub. Onlara qarşı CM-in 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150 (seksual xarakterli zorakılıq hərəkətləri), 274 (dövlətə xəyanət), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) və başqa maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin əksəriyyəti ittihamları qəbul etməyib, həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını bildiriblər.

Yerli hüquq müdafiəçilərinin məlumatına görə, "Tərtər işi" üzrə 100-dən çox hərbçi işgəncələrə məruz qalıb, nəticədə azı 9 nəfər işgəncədən ölüb. Ölənlərdən bəzilərinə sonradan bəraət verilib.

İşgəncə faktı da rəsmi şəkildə təsdiqlənib və bununla əlaqədar da ayrıca cinayət işi başlanıb, bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

XS
SM
MD
LG