Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:23

Y.Səfərov: 'Dini dövlət yaratmaq fikrim olsaydı, etiraf edərdim'


Gəncə işi
Gəncə işi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov şəriət qanunlarıyla idarə olunan dövlət yaratmaq planı, cinayətin də bu məqsədlə törədilməsi haqda ittihama cavab verib.

"Mənim dövlət çevrilişinə cəhd, islam-şəriət dövləti qurmaq kimi fikrim olmayıb. Mən azad insanam və ifadəmi də sərbəst şəkildə verirəm. Əgər elə bir fikrim olsaydı, bunu etiraf edərdim. Nə Mahir Əzizov, nə Cəfər Zalov, nə də başqa biri ilə bu haqda müzakirə aparmışam. Çünki belə fikrim, belə planım da olmayıb", – Y.Səfərov fevralın 9-da məhkəmədə belə deyib.

Şahidlər inkar edir

Y.Səfərov və daha 11 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslərdən Ceyhun Qurbanov epilepsiya xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclaslarında da bir neçə dəfə onun durumu pisləşib. Bu işə baxan hakim Əfqan Hacıyev ötən məhkəmə iclaslarından birində demişdi ki, onun istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün müraciət edəcək. Fevralın 9-da məhkəmədə hakim ona məlumat verib ki, həm Penitensiar Xidmətə, həm də Bakı İstintaq Təcridxanasına müraciət olunub. Lakin ona müsbət cavab verilməyib.

Bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Bu dəfə məhkəmədə dindirilən şəxslərin bir çoxu hazırda həbsdə olanlar idi. Onlardan ikisi – Ramin PaşayevRauf Həsənov Gəncə hadisələrindən az sonra narkotik ittihamıyla həbs olunublar. Onların istintaqdakı ifadələrində yazılıb ki, C.Zalov sui-qəsd olayından əvvəl "bu yaxınlarda mömin qardaşlardan biri gözəl bir iş görəcək" deyib. İddia olunur ki, o, həmin vaxt Y.Səfərovun icra başçısına qarşı sui-qəsdi nəzərdə tuturmuş.

Şahidlər bildirdilər ki, nə təqsirləndirilən C.Zalovdan bu haqda eşidiblər, nə də belə bir ifadə veriblər.

R.Paşayev deyir ki, 6-cı sinfə qədər təhsil alıb, latın qrafikası ilə oxuyub-yazma bacarığı yoxdur.

"Məndən də soruşsalar ki, Romanı kim yandırıb..."

Təqsirləndirilən M.Əzizovun sinif yoldaşı olmuş İsa Zeynalovun istintaqa ifadəsi məhkəmədə elan edilib. O da Gəncə hadisələrindən sonra həbs edilib, hazırda isə azadlıqdadır. Hakim bildirib ki, qeydiyyatda olduğu ünvan üzrə onu tapmaq mümkün olmadığından məhkəməyə gətirə bilməyiblər.

Onun ifadəsində yazılıb ki, M.Əzizovun evində söhbət ediblər. Söhbət əsnasında Mahir ona Y.Səfərovun şəriət qanunlarıyla idarə olunan dövlət qurmaq istədiyindən danışıb.

M.Əzizov sinif yoldaşının bu ifadəyə işgəncə altında imza atdığını bildirib: "Mən İsanı başa düşürəm. Ona çox ağır işgəncələr verilib. Hətta ayaqlarında problem yaranıb, çəliklə gəzirdi. Hamıya məlumdur ki, "bandotdel"də ifadəni necə alırlar. Orada məndən də soruşsalar ki, Romanı kim yandırıb, deyərəm ki, anam yandırıb...".

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda suçlanaraq həbs olunan Taleh Göyüşov da məhkəmədə dindirilib. O bildirib ki, Y.Səfərovu orada görüb. Amma onun təlimlərdə və ya döyüşlərdə iştirakının şahidi olmayıb.

Məhkəmə prosesi fevralın 11-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyev və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Y.Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG