Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlayır


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif (solda) və prezident Həsən Ruhani
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif (solda) və prezident Həsən Ruhani

Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlayır.

Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 8-də özünün Twitter hesabında yazıb.

Cənab Zərif bu bəyanatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dekabrın 8-də Tehranda keçirilən danışıqlardan sonra verib:

“Bizim Ceyhun Bayramovla ikitərəfli münasibətlərin dərinləşdirilməsinə, o cümlədən müharibə nəticəsində dağılmış ərazilərin bərpasına, habelə Cənub-Şimal nəqliyyat dəhlizinə və Xəzərin enerji daşıyıcılarına dair çox məhsuldar müzakirələrimiz oldu”.

Azərbaycanın xarici işlər naziri İrana səfəri əsnasında habelə prezident Həsən Ruhani və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanı ilə də görüşüb.

Şamxani tərəfləri yeni sabitsizlik və iğtişaş nöqtələrinin yaranmasına yol verməməyə çağırıb.

İranın rəsmi IRNA agentliyinin yazdığına görə Ceyhun Bayramovla görüşündə prezident Həsən Ruhani “yeni beynəlxalq şəraitdən” söz açıb:

"Biz ümid edirik ki, yeni beynəlxalq şəraitin yaratdığı imkandan iki ölkə arasında münasibətlərin daha da inkişaf etditrilməsi üçün fürsətlənəcəyik”.

İran üzərindəki ABŞ sanksiyaları qaldırılsa...

Prezident Ruhani Dağlıq Qarabağda atəşkəsin bərqərar olmasını alqışlayıb və deyib ki, İran regionda stabilliyin bərqərar olunması üçün konstruktiv rol oynamağa hazırdır.

Ruhani habelə İran və Azərbaycan arasında müştərək layihələrin icrası prosesinin sürətləndirilməsinə çağırıb.

O bu xüsusda Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsini, Xudafərin su anbarının və su elektrik stansiyaların tikilməsini nəzərdə tutduğunu bildirib.

Öz növbəsində Bayramov danışıqlar zamanı İranı “dost” və “qardaş qonşu” adlandırıb və ikitərəfli münasibətlərin gücləndirilməsinə çağırıb:

"Azərbaycanın İranla sərhədi dostluq və inkişaf sərhədidir və biz inanırıq ki, bu sərhədlərin canlandırılması iki ölkə arasında yeni əməkdaşlıq layihələrinin yaranmasına səbəb olacaq”.

IRNA agentliyinin məlumatına görə Azərbaycan naziri deyib ki, o Rəşt-Astara dəmir yolu çəkilişinin İranla əməkdaşlığın inkişafı üçün baza olacağına inanır.

Ceyhun Bayramov habelə ümid etdiyini bildirib ki, ABŞ-ın İran üzərindəki embarqolarının mümkün qaldırılması iki ölkə arasında əməkdaşlığa əngəlləri aradan qaldıracaq.

XS
SM
MD
LG