Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Trampın hələ yazmadığı memuarına inanmaq olarmı


D.Tramp "Crippled America" kitabının təqdimatında. 2015
D.Tramp "Crippled America" kitabının təqdimatında. 2015

Amerika prezidentləri vəzifədən gedəndən sonra kitab yazıb dünyanın ən qeyri-adi işlərindən birində yaşadıqlarını cəmiyyətlə paylaşırlar. Bu, bir növ ənənədir.

İndi Amerikada nəşriyyatlar prezident Donald Trampın hələ yazılmamış memuarı ətrafında baş sındırırlar. Bəli, Trampın yazdığı memuarın milyonlarla nüsxəsi satılardı. Ancaq məsələ burasındadır ki, Trampın yazdıqlarına inanmaq olarmı? "The New York Times" qəzeti yazır ki, nəşriyyat rəhbərləri Trampın memuarının dərc edilməsinə razılıq verərlərsə, işçilərinin üsyan edəcəyindən çəkinirlər. Kitabda yazılanların doğruluğunun təsdiqi isə daha böyük problemdir.

630 min nüsxəsi satılmış kitab

Amerikada meynstrim nəşriyyatlar, əsasən, Nyu-York şəhərində cəmləşib. Özü də burada siyasi baxışları sol və mərkəz istiqamətində olan redaktorlar, agentlər, publisist və yazarlar üstünlük təşkil edir. Bununla yanaşı, əlbəttə ki, onlar mühafizəkar müəlliflərin kitablarını da çap edirlər və bunu işlərinin əsas hissəsi kimi qəbul edirlər.

Tramp bu vaxta qədər "Simon&Schuster", "Harper Collins" və "Penguin Random House" da daxil olmaqla müxtəlif nəşriyyatlarda 10-dan çox kitab çap etdirib. Onların arasında çox satılanları da olub, az satılanları da. Onun "The Best Golf Advice I Ever Received" adlı kitabı 15 il əvvəl çıxsa da, "Amazon" da daxil olmaqla müxtəlif ənənəvi satış kanalları vasitəsilə onun yalnız 3 min 500 nüsxəsi satılıb. Onun "The Art of the Deal" adlı kitabınınsa 630 mindən çox nüsxəsi satılıb.

73 milyon səs

Tarixin indiki dövründə Trampın kitabının satışı və ondan gələn gəlirlərin nəhəng olacağı gözlənilir. Tramp seçkilərdə məğlub olsa da, sosial mediada səsi ucadan çıxır və bir çox mühafizəkar media qurumlarına təsir imkanları var. Başqa sözlə, o, prezident kürsüsünü tərk etdikdən sonra da kitabını tanıtmaq və reklam etmək üçün platforması olacaq. Builki seçkilərdə ona 73 milyon adam səs verib.

Ancaq məqalədə deyilir ki, bu dəfə risklər də fərqlidir. Bir neçə yüksəkvəzifəli nəşriyyat rəhbəri Trampın kitabının dərc edilməsinin onsuz da qütbləşmiş media mühitində təhlükəli ola biləcəyini deyib. Mümkün boykot, məhkəmə şikayətləri, sosial media kampaniyaları maddi qazancı üstələyə bilər. Bu ilin əvvəli "Hachette" nəşriyyatı kinorejissor Vudi Allenin memuarını dərc etməyi planlaşdırırdı. Lakin nəşriyyatın işçiləri və Allenin oğlu Ronan Ferrounun etirazı nəticəsində "Hachette" bu plandan imtina etməli olub.

Dəqiqlik, borc məsələsi

Bir çoxları yalan və dezinformasiya yaymaqla tanınan bir ictimai simanın kitabının çapının nəşriyyata ciddi etibar problem yaradacağını vurğulayıblar. Adətən, məlumatların səhihliyi və dəqiqliyi məsələsində müəlliflərə güvənən nəşriyyatlar Trampın yazdıqlarını yoxlamaqdan ötrü əlavə tədbirlər görməli olacaqlar. Üstəlik, məlumatların dəqiqlik dərəcəsi nəşriyyatı qane etməsə, o bu layihədən imtina edə biləcəkmi? Axı, məbləğin bir hissəsi artıq avans kimi ödənilmiş olacaq.

Trampın memuar planları ilə bağlı spekulyasiyalar seçkidən sonrakı günlərdə artıb. Seçkidən sonra onun kitabın gətirəcəyi pullara ehtiyacı yaranmış ola bilər.

Trampın korporativ və şəxsi vergi məlumatlarını əldə etmiş "The New York Times"ın apardığı araşdırma nəticəsində onun şirkətlərinin pul itirməkdə olduğu üzə çıxıb. Bu vergi məlumatlarından həmçinin, Trampın şəxsən zəmanət verdiyi yüz milyonlarla dollar borcu olduğu da üzə çıxıb. Tramp, eyni zamanda, ABŞ-da bir növ vergilər nazirliyi funksiyasını yerinə yetirən Daxili Gəlir Xidmətinin auditi altındadır. İllərlə davam edən bu auditin nəticəsi Trampın xeyrinə olmasa, o, 100 milyon dollardan çox pul itirə bilər.

XS
SM
MD
LG