Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Polad Aslanova 16 il həbs kəsildi


P.Aslanov
P.Aslanov

xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edildi. Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında belə hökm çıxarılıb. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə - İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib.

Amma P.Aslanov özünü təqsirli bilmir, ittihamın da saxta olduğunu deyir. O, hökmdən öncə son sözündə də bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Məşhəd, Kərbəla ziyarətlərinə gedən zəvvar qruplarından rüşvət alması barədə yazılarına görə cəzalandırılıb.

Onun sözlərinə görə, qrup rəhbərləri hər zəvvara görə 10-15 dollar rüşvət ödəməyə məcbur edilir: "Məndən o yazıları saytdan çıxarmaq tələb olunurdu. Onlara baş əymədiyimə, həmin korrupsiya yazılarını silmədiyimə görə məni bu şəkildə şərləyib cəzalandırdılar. Məhkəmə də göstərdi ki, o ittiham boş sözdən başqa bir şey deyil".

P.Aslanov son sözündə ona bəraət verilməsini, ailəsinə və vəkilinə qarşı təzyiqlərə görə onlardan üzr istənilməsini tələb edib.

Təxminən beş dəqiqəlik müşavirədən sonra hakim Faiq Qəniyev onun 16 il azadlıqdan məhrum olunması haqda hökmü elan edib.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

P.Aslanov həm də CM-in 134-cü (öldürməklə hədələmə) maddəsi ilə ittiham olunurdu. Amma bu ittihama məhkəmədə xitam verilib.

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

XS
SM
MD
LG