Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:35

Tərəflər üçdən deyib?


Azərbaycan xarici işlər naziri C.Bayramov və ABŞ dövlət katibi M.Pompeo
Azərbaycan xarici işlər naziri C.Bayramov və ABŞ dövlət katibi M.Pompeo

Bu il sentyabrın 27-dən cəbhədə döyüşlər başlanandan tərəflər arasında bu gün, oktyabrın 26-sı, saat 8:00 radələrindən üçüncü dəfə humanitar atəşkəs olmalıydı. Amma yenə də tərəflər bir-birini atəşkəsə əməl etməməkdə günahlandırır. Əvvəlki təşəbbüslərdə söhbət, əsasən, Rusiyanın vasitəçiliyindən gedirdi. Bu dəfə isə atəşkəsə ABŞ Dövlət katibi Maykl Pompeonun vasitəçiliyi ilə razılıq verildiyi qeyd olunur.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-də xalqa müraciətində deyib ki, Ermənistan tərəfi yenə atəşkəsə əməl etmir. Prezidentin vurğulamasına görə, Azərbaycan, hələlik, razılaşmaya sadiqdir.

Deputat Vahid Əhmədov da mövzu ilə bağlı xatırladıb ki, oktyabrın 10-dan bu yana üçüncü dəfədir atəşkəs elan edilir. Onun vurğulamasına görə, birinci dəfə oktyabrın 10-da, ikincı dəfə oktyabrın 17-də, üçüncü dəfə bu gün, oktyabrın 26-da atəşkəs olmalıydı.

Deputat qeyd edib ki, atəşkəsi tələb edənlər ABŞ, Fransa və Rusiyadır, ATƏT-in Minsk qrupunun həmsədrləri. V.Əhmədovun əlavə etməsinə görə, bunda da məqsəd Ermənistanı indi düşdüyü məğlub durumdan çıxarmaqdır:

V.Əhmədov
V.Əhmədov

"Humanitar atəşkəs elan edilir, amma..."

"Humanitar atəşkəs elan edilir, amma Ermənistan tərəfinə işğal etdikləri ərazilərdən çıxmaq, qoşunlarını Azərbaycan ərazilərindən geri çəkmək tələbi qoyulmur".

V.Əhmədova görə, Ermənistan sülh istəyirsə, bütün silahlı birliklərini işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmalıdır: "Hələ ki, Ermənistana hərbi qüvvələrini Azərbaycandan çıxarmaq barədə Türkiyədən, Pakistandan başqa heç bir dövlət heç nə demir. Münaqişəni tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri mandatına malik olan üç dövlət bu barədə danışmır".

"Ermənistan hakimiyyəti ilə hesablaşmırlar"

Politoloq Hikmət Hacızadə isə AzadlıqRadiosuna deyib ki, atəşkəsə işğal altında olan Dağlıq Qarabağda səhra komandirləri maraq göstərmir: "Belə ki, atəşkəsə əməl edilsə, Ermənistanın masa arxasında oturaraq Azərbaycan ərazisindən çıxması barədə cədvəl təqdim edilməlidir, buna görə Ermənistan hakimiyyəti ilə hesablaşmırlar".

H.Hacızadənin sözünə görə, bu atəşkəsdə gerçəklikdə Rusiya da maraqlı deyil:

"Rusiya diplomatiyası bunu həzm edə bilməz..."

"İndi Rusiya diplomatiyası bunu həzm edə bilməz ki, tərəflər Rusiyanı yox, ABŞ-ı saydılar, onların sözü keçdi".

H.Hacızadə
H.Hacızadə

H.Hacızadə vurğulayıb ki, əslində işğal edilən bütün ərazilər boşaldılmırsa, heç Azərbaycan da atəşkəsdə xüsusi olaraq maraqlı deyil. O vurğulayıb ki, ordu uğurla qələbələr əldə edib.

Politoloqun fikrincə, digər tərəfdən, atəşkəs özü də yaxşı hazırlanmayıb: "Məlum deyil ki, bu atəşkəs birgünlükdür, üçgünlükdür? Uzun, yoxsa qısamüddətlidir? Bu, əsirləri dəyişmək üçündürmü, yoxsa daha başqa məqsəd var? Bu elədə məlum deyil".

H.Hacızadə iddia edib ki, ABŞ-ın da burada ciddi marağı yoxdur: "ABŞ bu məsələdə, sadəcə, "mən də varam" mövqeyi nümayiş etdirir. Çünki qarşıda ABŞ-da prezident seçkiləri gəlir, vaxt az qalır, seçicilərin, o cümlədən erməni əsilli seçicilərin səslərini qazanmaq məsələsi də var. Odur ki, məsələnin həlli ilə bağlı ABŞ tərəfindən hansısa real addımın atılacağı görünmür".

Sentyabrın 27-dən...

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Sığınacaqlarda bomba qorxusu virus təhlükəsinə qarışıb
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Düz üç dəfə...

Tərəflər bu ara düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Sonuncu belə açıqlamanı ABŞ Dövlət Departamenti oktyabrın 25-də yayıb. Məlumatda qeyd olunur ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8:00-dan qüvvədə olmalıdır.

Amma əvvəlki humanitar atəşkəslərdən sonra da cəbhənin bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilib. Hətta birinci razılaşma açıqlamasından sonra Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulmuşdu. Nəticədə üst-üstə 26 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG