Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:53

'Müharibə bahalı əməliyyatlardır'


Qarabağda Azərbaycan artilleriyası
Qarabağda Azərbaycan artilleriyası

Dünən, oktyabrın 21-də Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsində diplomatik çözümü mümkün deyil. Üstəlik, Ermənistan və Azərbaycan arasında humanitar atəşkəslə bağlı razılaşmalara da, hələ ki, əməl edilmir.

Mövzu ilə bağlı "Turan" agentliyinə danışan deputat Razi Nurullayevə görə, hazırda sülh əldə olunmamasının səbəbi Ermənistanın buna hazır olmamasıdır:

R.Nurullayev
R.Nurullayev

"Bu düşüncədən bir zərrə belə geri çəkilmək istəmirlər"

"Onlar birmənalı olaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün vuruşurlar. Bu düşüncədən bir zərrə belə geri çəkilmək istəmirlər. Buna görə də danışıqlar, sülh alınmır, indiki halda isə alınmayacaq da".

İqtisadi məsələyə gəlincə, deputat əlavə edib ki, Azərbaycanın neft-qaz və qeyri-neft sektoru kimi sabit gəlir mənbələri var, bu isə indiki itkiləri tezliklə qapatmağa imkan verəcək: "Amma Ermənistan iqtisadiyyatı çöküb, müharibə yükünün ağırlığını çəkməyə qadir deyil. Bu mənada hətta bu ölkənin iqtisadiyyatının nə zaman özünə gələcəyi belə məlum deyil".

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna deyib ki, Ermənistan tərəfinin qırmızı xətti Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır.

N.Cəfərli
N.Cəfərli

Onun fikrincə, bu isə Azərbaycanda qəbuledilməzdir, bu tezisin özü də başdan-ayağa avantüradır.

N.Cəfərlinin habelə vurğulamasına görə, Ermənistan iqtisadiyyatı hər gün bu müharibədə 100 milyon dollar pul itirir:

"Diasporun köməyi olmasa..."

"Ermənistanın büdcəsi isə təqribən 3 milyard 600 milyon dollardır. Bu isə ən yaxşı halda 36-37 günlük müharibə aparmaq qabiliyyəti deməkdir. İndiki durumda bəzi ölkələrin, erməni diasporunun köməyi olmasa, Ermənistanın ayaqda qalması mümkünsüz görünür".

N.Cəfərli deyib ki, müharibənin hər iki ölkəyə iqtisadi təsirləri var, müharibə bahalı əməliyyatlardır.

1.5 milyarda qarşı 50 milyard

Amma o vurğulayıb ki, Azərbaycanın dövlət büdcəsi Ermənistanın dövlət büdcəsindən dəfələrlə çoxdur. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon 200 min manat müəyyən edilib: "Müharibəyə qədər Ermənistanın ehtiyatları 1.5 milyard dollara yaxın idi, indi 1 milyarda düşüb. Bizim ehtiyatlar isə 50 milyard dollara yaxındır".

A.Mehtiyev
A.Mehtiyev

"Döyüş Azərbaycan ərazisində gedir"

Başqa bir iqtisadçı Azər Mehtiyev də deyib ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından dəfələrlə güclüdür. O əlavə edib ki, Azərbaycan ən azı neft-qaz ixracı ilə güclü valyuta ehtiyatı yaradıb, özünün hərbi müdafiə sənayesi var, müəyyən silahları istehsal edir, maddi-texniki baxımdan ehtiyatlar hazırlanıb: "Amma təbii ki, Azərbaycan iqtisadiyyatının da itkiləri var. Döyüş əməliyyatları Azərbaycan ərazisində gedir...".

A.Mehtiyevin fikrincə, Ermənistan iqtisadiyyatının həcmi çox kiçikdir: "Müharibənin hər günü Ermənistan iqtisadiyyatı üçün ciddi itki deməkdir. Bu itkiləri sonradan da aradan qaldırmağa Ermənistan iqtisadiyyatının, sadəcə, gücü çatmayacaq. Ermənistan hökuməti indi ölkədən kənarda olan erməni diasporuna ümid edir. Bir qədər də xaricdəki erməni iş adamları onları dəstəkləyir. Bəzi ölkələr açıq və ya gizli silah yardmı da edir".

A.Mehdiyev hesab edir ki, bütün hallara baxmayaraq, müharibənin uzun müddət davam etməsi Ermənistan iqtisadiyyatını çökdürəcək.

Pashinyan deyir ki, artıq danışıqların mənası yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Humanitar atəşkəs olmalıydı

Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.

Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında humanitar atəşkəs təmin edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulmuşdu. Nəticədə üst-üstə 24 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.

Ümumilikdə, son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib.

Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 110 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG