Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

COVID-19 yaymaqda suçlanan cəbhəçi: 'Mən xəstə deyildim...'


M.İmanlı
M.İmanlı

Koronavirus yayma ittihamıyla həbs olunan ictimai-siyasi fəallardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd İmanlı hakim önünə çıxarılıb. Onun işinə Sabunçu rayon Məhkəməsində hakim Mirheydər Zeynalov baxır.

Oktyabrın 19-da keçirilən məhkəmə iclasında M.İmanlı bildirib ki, o, həbsindən əvvəl virusa yoluxmayıb. Cinayət işinin materiallarında onun küçədə polislər tərəfindən saxlandığı, polis idarəsində aparılandan sonra orada testin COVID-19 daşıyıcısı olduğunu təsdiqlədiyi yazılıb. Amma cəbhəçi gənc deyir ki, onu evlərindən sahə müvəkkili gəlib aparıb.

"Cavab müsbət olubsa belə, polis bölməsində yoluxmuşam"

"Həbsdən əvvəl xəstə olmamışam, məndə koronavirus olmayıb. Dörd gün polis bölməsində saxlayandan sonra test elədilər, guya nəticə müsbət oldu. Əgər doğrudan da cavab müsbət olubsa belə, polis bölməsində yoluxmuşam. Əgər əvvəldən məndə xəstəlik olmayıbsa, məni necə bu xəstəliyi yaymaqda ittiham eləmək olar?", – M.İmanlı məhkəmədə belə deyib.

Vəkili Əsabəli Mustafayev də vəsatət qaldırıb ki, onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilsin. Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 139-1.1 maddəsində xəstə olduğunu bildiyi halda, ictimai yerlərə gedib, başqalarını yoluxdurmağa görə məsuliyyət nəzərdə tutulub. M.İmanlının isə saxlandığı günə qədər koronavirus daşıyıcısı olduğunu təsdiqləyən heç bir sübut yoxdur:

"Belə olan halda adamı qəsdən xəstəliyi yaymaqda necə günahlandırmaq olar?".

Vəsatət təmin olunmayıb.

Vəkil hüquqlarını müdafiə etdiyi gəncin heç olmasa, hökm çıxarılana qədər ev dustaqlığına buraxılmasını istəyib. Bildirib ki, onun iki azyaşlı övladı var, biri onun həbsindən sonra dünyaya gəlib, hələ üzünü görməyib: "İstintaq başa çatıb, hansısa sirri yayma, şahidlərə təsir göstərmə kimi əsaslar da artıq ortadan qalxıb. Ali təhsilli adamdır, yaşayış yeri məlumdur".

Amma hakim bu vəsatətə də "yox" deyib.

Bu iş üzrə məhkəmə baxışı oktyabrın 29-na təyin edilib.

"Qadağanı aradan qaldırmırlar"

M.İmanlının atası Ramiz İmanlı AzadlıqRadiosuna bildirib ki, oğlunun həbsindən üç aydan çox vaxt keçir, amma hələ də onunla nə telefonla danışa bilirlər, nə də görüşürlər: "Telefon və görüş qadağası davam edir. İstintaq başa çatıb, iş artıq məhkəmədədir, hələ də qadağanı aradan qaldırmırlar. Bununla əlaqədar məhkəməyə şikayət verilsə də, baxmaqdan imtina etdi. Həmin qərardan apellyasiya şikayəti verdik, o da təmin olunmadı".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə AzadlıqRadiosuna bildirilib ki, bu qurumun tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin bütün hüquqları qanunda nəzərdə tutulmuş qaydada təmin olunur.

M.İmanlı bu ilin iyulunda – orduya dəstək yürüşündən sonra həbs olunan 50-yə qədər AXCP fəalından biridir. Onun ittiham olunduğu CM-in 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG