Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

T.Yaqublu: 'Ən adi məsələləri də saxtalaşdırıblar'


T.Yaqublu xəstəxanadan çıxır. 18 oktyabr 2020
T.Yaqublu xəstəxanadan çıxır. 18 oktyabr 2020

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Nərimanov rayon Məhkəməsində onun işinə baxılarkən yazılan məhkəmə iclas protokollarının saxtalaşdırıldığını iddia edir. Bu barədə AzadlıqRadiosuna məlumat verən T.Yaqublu bildirib ki, özü də, vəkilləri də protokollarla tanış olublar.

"Çox ciddi saxtakarlıqlar var. İfadələr, faktlar təhrif olunub. Məhkəmədə olanları istintaqın yazdıqlarına uyğunlaşdırıblar. İttihamı təsdiqləmək üçün hansı formada sərf eləyirsə, o formada yazıblar. Vəkillərimin şahidlərə sualları, cavablar yoxdur", – T.Yaqublu bildirib.

Siyasi fəal ilk hazırlıq iclasından başlayaraq dəfələrlə hakimə, məhkəmənin gedişinə etiraz edib. Bu etirazlar həm yazılı, həm də şifahi şəkildə olub. T.Yaqublunun sözlərinə görə, etirazlar da protokollarda qeyd olunmayıb:

"Guya bizim o məhkəməyə etirazımız olmayıb, prosesin gedişi bizi qane edib. Məhkəmə iclaslarından birində üç vəkilimdən yalnız biri – Aqil Layıc iştirak edirdi. Mən digər iki vəkilimin də iştirakıyla davam etdirilməsini istədim. Hakim davam etdirəndə mən buna kəskin şəkildə etiraz elədim. Amma protokolda yazıblar ki, guya razılıq vermişəm. Ən adi məsələləri belə saxtalaşdırıblar".

T.Yaqublunun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, protokollardakı təhriflərlə bağlı qeydlər hazırlayıb məhkəməyə təqdim ediblər.

T.Yaqublunun işi hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Siyasi fəal və vəkilləri Nizami rayon Məhkəməsində hazırlanmış protokollarla tanış ola bilmədiyinə görə apellyasiya baxışı təxirə salınmışdı. Müdafiə tərəfinin protokollara qeydləri də daxil olmaqla, iş materialları yenidən Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək. Bundan sonra orada məhkəmə prosesi davam edəcək.

Siyasi fəal 17 günlük aclıq nəticəsində səhhətində yaranmış problemlərin artıq aradan qalxdığını bildirib.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulmuşdu. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.

XS
SM
MD
LG