Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:35

Hüquq müdafiəçisi cəbhəçi gəncin həbsdən buraxılmasına qarşı çıxıb


Orxan Baxışlı
Orxan Baxışlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlının 3 illik cəza müddətinin başa çatmasına 9 ay qalıb. O, vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Avqustun 11-də Qaradağ rayon Məhkəməsində hakim Teymur Qurbanov onun bu ərizəsinə baxıb. O.Baxışlı məhkəməyə saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən onlayn qaydada qatılıb.

“Əsassız həbs olunduğunu iddia edir”

Məhkəmədə öncə cəzaçəkmə müəssisəsinin rəhbərliyinin cəbhəçi gənc haqqında tərtib etdiyi mülahizə elan edilib. Rəhbərlik onun vaxtından əvvəl buraxılmasını məqsədəuyğun hesab etmir.

“Barəsində çıxarılmış hökm və qərarlardan narazıdır, törətdiyi cinayət əməlini etiraf etmir. Əsassız həbs olunduğunu iddia edir...

Xasiyyətcə tərs və təkəbbürlüdür. Məhkum yoldaşları və müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir...”, - 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Namiq Qocayev, onun müavini Natiq Hacıyev və dəstə rəisi Vüsal Zeynalovun imzaladığı mülahizədə yazılıb.

Müəssisə rəhbərliyi mülahizədə Altkomissiyanın da O.Baxışlı haqqında mənfi rəy verdiyini əsas gətirib.

O.Baxışlı haqqında məhkəməyə mənfi rəy verilməsinə imza atan Altkomissiya üzvləri arasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da var.

“Bizə sənədlər təqdim olunur, həmin sənədlər əsasında rəy veririk. Orxan Baxışlı məsələsinə gəlincə, bu məsələni araşdırandan sonra nəsə deyə bilərəm. Mən bilmirəm nə sənəddi o. Orxan Baxışlı işinə baxdığım minlərlə insandan biridir. Mən heç nə deyə bilmərəm...”, – S.Bənənyarlı AzadlıqRadiosu-na bildirib.

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı 2018-ci il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. O, CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib.
Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.
AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.
Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, Elmar Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.
E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

XS
SM
MD
LG