Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:45

TikTok Çinin xeyrinə casusluq edirmi?


Arxiv foto
Arxiv foto

İki həftə öncə ABŞ Dövlət katibi Mike Pompeo-nun “TikTok”un istifadəçi məlumatlarını Çinə ötürməsini iddia etməsi ilə bu mövzu bir daha gündəmə gəlib.

“Şəxsi məlumatlarınızın Çin Kommunist Partiyasının əlinə keçmədən Çin serverində dövr etməsi mümkün deyil”, – deyə o Britaniya mətbuatına müsahibəsində xəbərdarlıq edib.

“TikTok” Trump administrasiyasının diqqət mərkəzindədir. “Forbes” jurnalı yazır ki, “TikTok”un ABŞ-ın bu ittihamlarını rədd etdiyi zamanda “ProtonMail” şirkətinin kibertəhlükəsizlik mütəxəssislərinin hesabatı yayılıb. Hesabatda deyilir ki, bu media nəhəngi nəinki insanların məlumatlarını toplayır, həm də Çin Kommunist Partiyası ilə əməkdaşlıq edərək, onun izləmə və senzura siyasətini ölkənin sərhədləri xaricinə yayır.

İndi TikTok-la bağlı gündəmdə olan əsas məsələ budur ki, ABŞ bu mobil əlavəni qadağan edib istifadəçilərin ona çıxışını bloklayacaqmı. Hələlik federal hökumətin işçilərinə bu əlavəni hökumətə aid cihazlara yükləmək yasaqlanıb. TikTok da Huawei kimi ABŞ Kommersiya Departamentinin xüsusi siyahısına daxil edilə bilər.

Güclü dəlil yoxdur, amma...

Illisturasiza
Illisturasiza

“TikTok”un Çinə aid mobil əlavə olduğunu və yüz milyonlarla cihaza yükləndiyini nəzərə alsaq, onun Qərbə potensial təhlükə olduğunu anlamaq çətin deyil. “Facebook”da dövr edən məlumatların siyasi proseslərə bu qədər mənfi təsir göstərdiyi, manipulyasiya və dezinformasiyanın tüğyan etdiyi dünyada “TikTok”un ciddi təhlükə olmadığını düşünmək bağışlanmaz sadəlövhlük olardı.

“Forbes” daha sonra yazır ki, “casusluq” ittihamı texnikidir və bu və ya digər şəkildə sübuta yetirilə bilər. Hazırda “TikTok”un hər hansı məlumatları Çinə ötürməsi, onun hər hansı başqa sosial media platforması ilə müqayisədə daha çox şəxsi məlumat toplaması ilə bağlı güclü bir dəlil yoxdur.

arxiv foto
arxiv foto

“TikTok”un əsas özünümüdafiə arqumenti də budur. Şirkət deyir ki, dəlil yoxdur və bu, Vaşinqton və Pekin arasındakı mövcud gərginliyə əlavə olunmuş siyasi kampaniyadır. Şirkət iddia edir ki, ABŞ-a aid məlumatlar heç vaxt Çinə ötürülmür.

Ancaq jurnal həm də yazır ki, “ProtonMail” kibertəhlükəsizlik şirkətinin hesabatını siyasi addım saymaq olmaz, çünki bu şirkətdə çalışan mütəxəssislər CERN-in (Avropa Nüvə Tədqiqatları Təşkilatı) keçmiş təhlükəsizlik mühəndisləridir.

Şirkətin xəbərdarlığında deyilir ki, “TikTok”un “səylə məlumat toplaması, onun Çin infrastrukturundan istifadə etməsi və aid olduğu ana şirkətin Çin Kommunist Partiyası ilə sıx əlaqələri onu Çin hökumətinin ideal kütləvi izləmə və məlumat toplama alətinə çevirir”.

“Hər kəs ehtiyatlı olsun”

“ProtonMail” daha sonra “TikTok”un “məlumat toplama qaydalarını, məhkəmə şikayətlərini, kibertəhlükəsizliklə bağlı hesabatları, keçmiş təhlükəsizlik boşluqlarını və məxfilik siyasətini araşdıraraq” ““TikTok”un böyük ehtimalla məlumatları Çin hökuməti ilə paylaşan ciddi …təhlükə olması” qənaətinə gəlib.

“Biz tövsiyə edirik ki, hər kəs “TikTok”a ciddi ehtiyatla yanaşsın…”, – hesabatda deyilir.

İsveçrə şirkəti olan “ProtonMail”in sənədində daha sonra deyilir ki, “TikTok” əlavəsinin Çin Kommunist Partiyası ilə əməkdaşlığını dərinləşdirəcəyini açıq ifadə edən Çin şirkətinə məxsus olması onun bu miqyasda məlumat toplamasını daha da təhlükəli edir. Bildirilir ki, Çin hökumətinin Çin texnologiya şirkətlərini məlumatlarını paylaşmağa vadar etməsi yeni hal deyil. Çin hökuməti bu yolda qorxutma, hədələmə, senzura və insan hüquqlarının pozulması kimi müxtəlif yollara əl atır.

“Forbes” yazır ki, “TikTok”un məxsus olduğu “ByteDance” şirkəti bu mobil əlavəni ABŞ investorlarına satmaq barədə də düşünür. Ancaq məsələ burasındadır ki, ABŞ və müttəfiqlərinin “TikTok”u yasaqlaması üçün xüsusi bir əsasa ehtiyacı da yoxdur. “Çin ABŞ, Britaniya və digər müttəfiqlərin düşmənidir.

Pekinin ByteDance şirkəti üzərində təsirə malik olmasına inanmaq üçün səbəblər var. Bu isə qərar qəbul etməyə yetərincə ciddi səbəbdir”, – məqalədə deyilir.

XS
SM
MD
LG