Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

Prezidentin istefasını tələb edən fəal həbsdə qaldı


N.İbrahim
N.İbrahim

İyulun 29-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Nicad İbrahimin şikayətinə onun özünün iştirakı olmadan baxılıb. Vəkili N.İbrahimin saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada prosesdə iştirakının təmin olunmasını istəsə də, hakim razılaşmayıb.

N.İbrahim sosial şəbəkələrdə iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib, Prezident İlham Əliyevin istefasını tələb edəcəyi barədə elan yayandan sonra həbs olunub. O, CM-in 139-1.1 maddəsi ilə - koronavirusu yaymaqda suçlanır. İyulun 22-də Nəsimi Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti də həmin qərardan verilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

"Nə yaxşı heç bir sutka keçməmiş nəticə açıqlanıb?"

N.İbrahimin yaxınları onun COVID-19 (koronavirus) infeksiyasına yoluxması və küçəyə çıxaraq başqalarına da təhlükə yaratması haqda ittihamda yazılanların yalan olduğunu bildirib.

"İyulun 20-də saat 14:00-da aksiya keçirəcəyini elan etmişdi, saat 13:30 radələrində evdən çıxanda polislər onu saxlayıb. Hətta jurnalistlər kənardan saxlandığı vaxt şəklini də çəkiblər. Telefonunu dərhal söndürüblər, hara aparıldığı haqda məlumat verməyiblər. Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişik. İyulun 21-də səhər 9:10 radələrində həyat yoldaşına zəng eləyib deyiblər ki, TƏBİB-dəndir, Nicadda COVID-19 aşkarlanıb. O da cavabında deyib ki, o, heç vaxt test verməyib. Əgər bir gün əvvəl tutandan sonra analiz götürülübsə, nə yaxşı heç bir sutka keçməmiş nəticə açıqlanıb?", – ailə üzvləri AzadlıqRadiosuna deyib.

İyulun 28-də məhkəmədə vəkil də vəsatət qaldırıb ki, Səhiyyə Nazirliyinin Xüsusi təhlükəli infeksiyalara nəzarət mərkəzinə sorğu göndərilsin. N.İbrahimdən nə vaxt analiz götürüldüyü, nə vaxt cavabının məlum olduğu müəyyənləşdirilsin. Amma vəsatət təmin edilməyib.

Son iki həftədə həbs olunan bir sıra başqa fəallar da COVID-19 infeksiyasını yaymaqda suçlanır. Onların vəkilləri isə bildirir ki, şəxsi bu əməldə ittiham etmək üçün öncə onun infeksiyaya yoluxmasından məlumatlı olması sübuta yetirilməlidir.

Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən kütləvi yürüşdən sonra onlarla saxlanan var. Kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb. Saxlanan AXCP üzvləri isə əmlakı qəsdən məhvetmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmədə, hakimiyyət nümayəndəsinə zor tətbiqində ittiham olunurlar. AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya isə bu maddələrlə yanaşı, CM-in 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsi ilə də ittiham verilib. AXCP ittihamların yalan olduğunu deyir, həbsləri partiyaya qarşı repressiya adlandırır.

XS
SM
MD
LG